Elman Rüstəmovun susmasına səbəb olan sənədin mahiyyəti nədir?

2-12-2016, 09:35           
Elman Rüstəmovun susmasına səbəb olan sənədin mahiyyəti nədir?
Baş bankir açıqlamadığı təkliflərin dövlət başçısına təqdim ediləcəyini deyir, ekspertlər isə həmin sənədi sadəcə söz yığını hesab edir


Ölkənin maliyyə və bank sistemində durumun kritikliyi rəsmi səviyyədə açıqlanmasa da, müxtəlif problemlərdən dolayı narahatlıq ifadə olunur. Son olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov problemləri həll etmək üçün hansısa sənəd üzərində iş aparıldığını və buna görə də susduqlarını bildirib. “Bank sektoruna kifayət qədər vəsait də versək, bu gün bank sektoru onu qəbul etməyə hazır deyil.

Çünki o, sabit deyil, onun ötürücülük qabiliyyəti doğru deyil. Tezliklə bank sektrorunda sabitliyin bərpa olunması, bank kreditlərinin aktivliyinin bərpa olunmasına çalışırıq”,- deyə, o qeyd edib. (fins.az)

Baş bankirin sözlərinə görə, əsas prioritet sabitləşdirmədir: “Sabitlik yoxdursa, insanlar da, müəssisələr də öz gəlirlərini itirir və dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də sabitləşdirmə ilə insanların, müəssisələrin, dövlətin gəlirlərini itirməsinin qarşısını almalıyıq. Əgər sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Nə xarici, nə də daxili investor qeyri-müəyyənlikdə investisiya etməyəcək”. AMB sədri hesab edir ki, hökumətin, Mərkəzi Bankın diqqətinin fokuslandığı əsas məsələ Maliyyə Nazirliyi ilə birlikdə makroiqtisadi sabitliyin tezliklə bərpa olunması ilə bağlıdır və bununla artıq yeni inkişaf strategiyasına keçidin, maktroiqtisadi artımın bərpa olunması, yeni inkişafın və iqtisadi artımın təmin olunmasıdır: “Bu istiqamətdə, xüsusilə Maliyyə Sabitliyi Şurası çox ciddi iş aparır. Yaxın dövrlərdə yekunlaşdırıb prezidentə təqdim edəcəyik. Fevral ayından bazara intervensiya etmirik. Amma müəyyən idarəetmə var. Biz əmin deyilik ki, idarəetməni götürsək manatın məzənnəsi ilə bağlı nə baş verər. 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin sabitləşməsi, təsbit olunması, buradan gedən yol qiymətlərinin sabitliyi, bundan sonra makroiqtisadi siyasətin sərtliyinin azaldılması, inkişafa doğru gedən inkişaf strategiyasına keçmək üçün kifayət qədər imkanlarımız olacaq”. AMB başçısı, bununla yanaşı bildirib ki, tədiyyə balansının mənfi saldosu əsasən kapitalın hərəkəti ilə bağlıdır: “Tədiyyə balansının bu il gözlənilən 5 milyard dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90 faizi məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni keçmiş və gələcəklə bağlıdır. Keçmişdə götürülmüş borclar var, digər tərəfdən isə gələcəkdə çox böyük layihələr həyata keçiriləcək ki, ondan böyük gəlirlər götürücəyik”.

Ekspertlər E.Rüstəmovun dediklərini musavat.com-a detallı şəkildə şərh etməyə çalışıblar. Ekspert Əkrəm Həsənov bildirib ki, bu sənəd iqtisadiyyatın inkişafının “yol xəritəsi” ola bilər: “Bu ilin martında dövlət başçısı bunun üçün altı ay vaxt vermişdi. Üstündən 9 aya yaxın keçib, indiyə kimi sənəd hazırlanmayıb. Bu gizli saxlanılan ”yol xəritəsi"nin bəzi detallarından xəbərdaram, məlumatım var ki, sənədi necə hazırlayıblar və nələr yazılıb. Bu, daha çox keçmiş SSRİ dövründəki planlar kimi bir şeydir. Kənd təsərrüfatı, informasiya texnologiyaları və bir çox başqa sahələrlə bağlı təkliflər, görüləcək işlər var burada. Yəni “onu da edəcəm, bunu da edəcəm” səviyyəsində bir söz yığını və planlardır. İqtisadiyyatı necə inkişaf etdirməklə bağlı reallığa uyğun olmayan fikirlərdir. Mən əsas fikri orada görmədim, planda yoxdur. Birincisi, bu qədər sahəni birdən-birə inkişaf etdirmək mümkün deyil. Biz Rusiya, Qazaxıstan deyilik ki, bütün sahələri inkişaf etdirək. Konkret bir neçə sahəni götürüb, o sahələrdə yardım olunmalı və inkişafa nail olunmalıdır. Dövlət bu sahələrdə də kömək göstərməlidir. Amma bundan başqa, qeyri-neft sektoruna, sahibkarlar üçün şərait də olmalıdır. Sahibkarlar üçün çətin şəraitdir. Onlar üçün vacib olan ilk növbədə məhkəmələrin müstəqil və obyektiv olmasıdır. O sahədə planda heç nə görmədim. Bu gün əgər Azərbaycanda hakimin maaşı 2 min dollar deyilsə, ondan necə gözləyək ki, sahibkarın hüquqlarını müdafiə edəcək? Təbii ki, etməyəcək. Planda bununla bağlı heç nə yoxdur. O ki qaldı Elman Rüstəmovun maliyyə sektoru ilə bağlı, maliyyə sabitliyi ilə bağlı fikirlərinə, real deyil. Sabitliklə bağlı deyə bilərəm ki, əgər Elman Rüstəmov bununla özü məşğuldursa, onun komandasıdırsa, sual olunur ki, niyə indiyə kimi bunu etmirdi, indi edir? Nəticə varmı? Nəticəyə necə inanmaq olar ki, indiyə kimi atdığı pis addımları bundan sonra atmayacaq? Yəni necə inanmalıyıq ki, bundan sonra onun və komandasının etdikləri yaxşı olacaq? Həmin o deyilən planın detalları məlum olmasa da, ümumi olaraq da heç nə barədə danışmağa dəyməz. Ona görə də mənə elə gəlir ki, bu da gözdən pərdə asmaq kimi bir şeydir, vəssalam".

Deputat Vahid Əhmədov isə musavat.com-a bildirib ki, Elman Rüstəmovun hansı təkliflərdən danışdığı bəlli deyil: “Detalları bilmirik ki, hansı təkliflərdən söhbət gedir. Mili Məclisdə büdcə müzakirələrində söhbətlər getdi ki, son vaxtlar ümumiyyətlə maliyyə sabitliyi dairəsi çox kiçilib, pul-kredit siyasətində müəyyən problemin olduğunu biz qabartdıq. Elman Rüstəmov da dedi ki, detalları açıqlamırıq, amma müəyyən tədbirlər planı hazırlayırıq. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda pul-kredit siyasətində, bank sistemində müəyyən stabilləşmə baş versin. Yəni stabilləşmə olsun ki, sonra müəyyən inkişaf planları ilə çıxış etsinlər. Amma mən hesab edirəm ki, bunlar hamısı paralel getməlidir. Stabilləşmə uzun müddət vaxt apara bilər. Bu da Azərbaycanda qeyri-neft sektoruna xüsusilə də ciddi maneə ola bilər. Ona görə stabilləşmə getməlidir. Bunu başa düşürəm. Hələlik bu yaxınlarda onu hiss etmirik ki, stabilləşmə nə vaxtsa qurtaracaq. Onlar tədbirlər planında nə nəzərdə tutublar, nə üzərində işləyiblər, bunu bilmirik, detalları bizə açıqlamadı. Zənnimcə, əsas söhbət pul-kredit siyasətindən, bankların sağlamlaşdırılması prinsipindən gedəcək. Çünki ölkədə inflyasiya on faizi keçib, ikirəqəmlidir. Pul-kredit siyasətində də müəyyən problemlər var. Bankların sağlamlaşdırma prosesi çox zəif gedir. Biz buna hələ nail ola bilməmişik. Biz bu problemlər ətrafında müəyyən tədbirlər planı işləyib hazırlamalıyıq. Düşünürəm ki, Elman Rüstəmovun dediyi sənəd bu istiqamətdə olacaq”. musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.