“Əlil” nişanından yalandan istifadə edən sürücülər 40 manat cərimələnəcək

5-12-2016, 12:58           
“Əlil” nişanından yalandan istifadə edən sürücülər 40 manat cərimələnəcək
Azərbaycanda avtomobilləri park etmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı əlil adından yalandan istifadəyə görə cəzalar tətbiq edilir.

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi müzakirə olunub.

Məcəlləyə əlavə edilməsi təklif edilən 342.1.11 maddəsinə görə, “əlil” tanınma nişanından qanunsuz istifadə edilməsinə görə, 40 manat məbləğində cərimə tətbiq olunacaq.

Əlavə edilən digər 346-1.1 və 346-1.2 maddəsinə görə isə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, bundan başqa nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmaya görə, 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəlləyə əlavə edilən digər 346-1.3 maddəsinə görə, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə, 10 manat cərimə tətbiq olunur.

Əlavə edilən başqa 346.1-4 maddəsinə görə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə, 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Əlavə edilən 346-1.5 maddəsinə görə isə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.