Cavid Qurbanov Dəmiryol Xəstəxanasını boşaltdırır
5-12-2016, 16:48
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasını boşaltdırır.
Xəstəxanada işləyən həkimlərin BakiPost.az-a verdiyi məlumatlara görə, bu prosesə Cavid Qurbanov bu vəzifəyə təyin olunandan sonra başlanılıb. Hazırda xəstəxananın xeyli həkimi öz hesablarına məzuniyyətədir.
Yeni rəhbərin məqsədinin nə olduğu bilinmir. Bununla bağlı yalnız şayiələr dolaşır. Bu şayiələr içərisində xəstəxananın tamamilə ləğv edilməsindən tutmuş, həmin ərazinin özəlləşməsinə kimi müxtəlif variantlar var.
Məsələ ilə bağlı xəstəxananın baş həkiminin özünü təqdim etməyən köməkçisi Bakı Post.az-a deyib ki, hələlik hər kəs işinin başındadır: "Hazırda xəstəxana fəaliyyət göstərir. Hamı iş başındadır. Hər hansı problem yoxdur. Amma gələcəkdə nə olacağını deyə bilmərik. Əvvəllər belə söhbət var idi. Amma sonradan məsələ həll olundu. İndi elə bir şey yoxdur. Hazırda xəstəxana öz fəaliyyətini davam etdirir. Xəstəxana xəstələri belə qəbul edir. Xəstəxananın binası da boşaldılmayıb”.
Xatırladaq ki, Cavid Qurbanov hələ "Azəravtoyol” ASC-nin sədri olduğu zaman xəstəxananın binasının bir hissəsini ələ keçirməsi barədə məlumatlar yayılmışdı.
Bundan əlavə isə bir necə dəfə mətbuatda nazirlərdən birinin xəstəxananın yarısını alması ilə bağlı xəbərlər tirajlanıb.