Elman Rüstəmova camaat niyə inanmalıdır ki?
7-12-2016, 00:13
Yaxud hökumət hissetmə qabiliyyətini necə itirib
Bahalaşmanın insanları ayağının altına aldığı bir vaxtda Mərkəzi Bankın prezidenti Elman Rüstəmov ənənəyə sadiq qalaraq deyib ki, “2008-ci ildən başlayan böhranı yalnız bu il hiss etdik”. Görünür, baş bankir parlamentdə oturanlardan geri qalmaq istəməyib.
Açıqlama xətrinə açıqlama verməyi adət halına salıblar. Sanki hər birinə plan qoyulub, o planı doldurmaqla məşğuldurlar. Bundansa 25 milyard dollardan 9,6 milyard dollara düşən büdcəni doldurmaq haqqında düşünsələr daha səmərəli olar.
Elman Rüstəmova camaat niyə inanmalıdır ki? 2015-ci ilin fevralında, birinci devalvasiyadan bir neçə gün öncə insanlara müraciət edərək “ən etibarlı valyuta manatdır, pullarınızı manat şəklində saxlayın” deyən şəxs bilmir ki, onun sözləri artıq əhəmiyyətini itirib? Elman Rüstəmov susmaq qızıldır kəlamına üstünlük verməlidir. Hər halda iqtisadçıdır, qızıl dəyərindən yaxşı anlayır.
Heç uzağa getməyə ehtiyac yoxdur. 2008-ci ildən 2016-cı ilə qədər baş verənlərə diqqət edək, görək bu illər ərzində hökumət kefindənmi 98 faizlik 2 kəskin devalvasiya həyata keçirib? Hazırda isə milli valyuta 12 faiz nisbətində ucuzlaşmağa davam edir. Ya bəlkə 11 bankın öz fəaliyyətini dayandırması da illərdir “çiçəklənən” iqtisadiyyatın tərkib hissəsidir? Son 3 idə 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Ölkədə evlənənlərin 50 faiz azaldığı zamanda, boşanmaların 100 faizi keçməsini hansı inkişafın ayağına yazaq? Təkcə 2014-cü ildə məhkəmələrdə 153 606 mülki işə baxılıb. Bunlardan kredit, borc münasibətləri ilə bağlı 95 454 iş üzrə qərar (qətnamə və əmr) qəbul edilib. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62%-ni təşkil edir. 2015-ci ildə isə məhkəmələrdə 228 428 mülki işə baxılıb və 2014-cü illə müqayisədə işlərin həcminin birdən birə artması məhz kredit münasibətlərindən irəli gələn işlərlə bağlıdır. Keçən il baxılan mülki işlərdən 171 664 iş kredit münasibətlərindən irəli gəlib, bu isə ümumi işlərin həmin il üçün 75,15%-ni təşkil edir.
2008-ci ildən bəri 2,5 milyon insanın kredit borcu var. Yuxarıdakı statistika vəziyyətin nə qədər acınacaqlı olduğunun sübutudur. 2008-ci ildən bəri neft ölkəsi niyə benzini bir neçə dəfə bahalaşdırıb? Madam ki, böhran omayıb, ötən illər ərzində benzinlə yanaşı suyun, qazın, işığın qiymətinin bahalaşdırılmasında məqsəd nə idi? Hələ dünyanın düz vaxtında, hökumətin dilində iqtisadiyyatımızın fontan vuran vaxtında – 2011-ci ildə ölkəni 1700 xarici iş adamı tərk edib. 2012-ci ilin sonunda Türkiyədə azərbaycanlılara məxsus 1190 şirkət olub. Son 2 ildə isə Türkiyədə 507 Azərbaycan şirkəti qurulub. Niyə bu şirkətlər ölkədən çıxıb başqa ölkələrə sərmayə yatırıb? Hələ bu təkcə Türkiyədə olan statistikadır. Gürcüstana ölkədən axan sərmayədən isə danışmağa gərək yoxdur. Yaxın tarixdir, xatırlamış olarsınız.