Prezident kommunal xidmətlər də daxil olmaqla sənəd imzaladı

7-12-2016, 01:18           
Prezident kommunal xidmətlər də daxil olmaqla sənəd imzaladı
Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamına uyğun olaraq aşağıdakı strateji yol xəritələri təsdiq edilib:
-“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (əlavə olunur);
– “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
– “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
-“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
– “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur).
Müəyyən edilir ki, bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.
Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görsün; fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutmaq; fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.