İcra Hakimiyyətində ciddi maliyyə pozuntuları

7-12-2016, 14:42           

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin birinci yarımilliyində dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Abşeron rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Abşeron rayonu Abşeron iqtisadi rayonuna daxil olmaqla, ərazisi 1966,1 km2, əhalisi 01 yanvar 2016-cı il tarixə 208,2 min nəfərdir. 01.01.2016-cı il tarixə mənzil fondunda mənzillərin yaşayış sahəsi 327222 m2, qeyri-yaşayış sahəsi 5236 m2 təşkil edib.

Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 8637,4 min manat məbləğində vəsait əhatə olunub. Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, gəlir və xərcləri müəyyənləşdirilərkən qeyri-yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər m2-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablamalar aparılmayıb, bir sıra hallarda vəsaitlərin təyinatı dəyişdirilməklə icra edilib.

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib. Müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsi ilə nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin, digər xərclərin, eləcə də vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanmış və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib. Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi və işlərin dəyərinin artırılması, satınalmalar üzrə qanunvericiliyin və Əmək Məcəlləsinin tələblərinin gözlənilməməsi, lift xidmətində əhalinin sayının az göstərilməsi, və. s nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Auditlə əhatə olunan dövrdə bəzi qurumlar tərəfindən mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsilə həyata keçirilib, artıq material və vəsait silgisinə yol verilib. Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, hesabat dövründə kommunal xidmət üzrə əhali və qeyri-əhali qrupu üzrə məişət tullantılarının daşınması işləri əsasnamələrinə uyğun vəzifə və funksiyasına aid olan müəssisələrə həvalə edilməyib, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb.

Hesablama Palatasının Kollegiyası Abşeron rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti və müvafiq təqdimat Abşeron rayon İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.