Nazirin qohumuna 100 min “atdılar” - 57 sürücünün pulu kəsən şəxs “Bandotdel”ə aparıldı
7-12-2016, 14:49
Nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq edilib.
BakiPost.az-a daxil olan məlumata görə, hadisəni 30 nömrəli marşrut xəttinə nəzarət edən Sənan Cəfərov adlı şəxs edib. Belə ki, S. Cəfərov marşrut xəttinə nəzarət edən "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib.
Marşrut xəttindən gələn gəlirlərin az olduğunu sezən R. Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində ortada yeyinti faktının olduğu aşkarlanıb.
Sürücülərdən birinin saytımıza verdiyi məlumata görə, 30 nömrəli marşrut xəttinə nəzarət edən Sənan Cəfərov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq saxlanılıb.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl mətbuatda 30 nömrəli marşrut xəttində çalışan 57 sürücünün əmək haqqının verilməməsiylə bağlı xəbərlər yer almışdı. Bildirilirdi ki, sürücülər fevral ayından bura maaş üzünə həsrətdirlər. Onlar ümumilikdə 100 min manat civarında mənimsəmə faktının olduğunu vurğulamışdılar.
Əldə etdiyimiz məlumata görə, artıq sürücülərin əmək haqlarının verilməsinə başlanılıb. "Bu problem həllini çoxdan da tapa bilərdi. Bu qədər sürücü işini-gücünü atıb əmək haqqı dalınca düşdülər. İndi Sənan Cəfərovun əməllərinə görə, marşrut xəttinin rəisi, dispeçerlər işdən kənarlaşdırılıb. Maraqlı nüanslardan biri odur ki, sürücülər 9 aydır ki, pullarını ala bilmirdilər. Niyə məhz indi Sənan Cəfərov barəsində tədbir görüldü? Rövşən Məmmədov bütün bu haqsızlıqdan xəbərdar idi. Necə ola bilər ki, bu qədər yeyinti olsun, işin başında duran əsas adamın xəbəri olmasın...” – sürücülərdən biri deyib.
Bir müddət əvvəl sürücülərin yuxarıda qeyd olunan problemləri ilə bağlı müsavat.com-un hazırladığı video materialı təqdim edirik: