10 milyon manat cərimələnən “Azər-Türk Bank" nazirin əlindən alınır
7-12-2016, 19:08
Ölkənin ən tanınmış banklarından olan “Azər-Türk Bank” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 10 milyon manat cərimələnib. Bu barədə bankdakı etibarlı mənbələrdən məlumat verilib.
Mənbənin sözlərinə görə, bankın fəaliyyəti bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ciddi şəkildə araşdırılıb, müyəyyən nöqsanlar aşkara çıxarılıb və bank 10 milyon manat cərimə olunub. Məlumatı verən mənbənin sözlərinə görə, bankın illik qazancı cəmi 3-4 milyon manatdır və bankın 10 milyon manat cərimə edilməsi qurumun fəaliyyətini faktiki olaraq iflic etməkdir.
Mənbənin məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu addımdan sonra bankın bütün rəhbərliyi işdən uzaqlaşdırılıb və banka yeni rəhbər təyin olunub.
Yeni rəhbər təyin olunması barədə məlumat bankın rəsmi internet səhifəsi vasitəsilə də təsdiqlənir. Saytın yazdığına görə, dekabrın 2-də “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda Bankın İdarə Heyətinin tərkibinə bir sıra dəyişikliklər edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Həmçinin, Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib.
X.Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb. Bu günə qədər «Bank of Baku»ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan “Bank Standard” ASC-nin İdarə Heyətinin sədri olub.
Onu da qeyd edək ki, bir müddət əvvəl mətbuatda “Bank Standard” “Azər-türk bank”a birləşdirilməsi barədə də xəbər yayılmışdı.
Başqa mənbələrdən dəqiqləşdirə bilib ki, “Azər-Türk Bank” qeyri-rəsmi olaraq Azərbaycan maliyyə naziri Samir Şərifova məxsusdur. Ehtimal etmək olar ki, bankın cərimələnməsinin əsas səbəbi isə hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin nəticəsi olaraq meydana çıxıb. Maraqlıdır ki, Eldar Mahmudov və onun qudası Cahangir Hacıyev MTN-işinə görə Samir Şərifovu əsas təqsirkar bilməsi haqqında mətbuatda dəfərlərlə məlumat dərc olunub. Cahangir Hacıyev məhkəməyə verdiyi ifadələrində də Samir Şərifov haqqında ciddi ittihamlar səsləndirib. Mümkündür ki, Eldar Mahmud və Cahangir Hacıyevin hakimiyyətdəki havadarları hələ də öz mövqelərini qoruyurlar və Samir Şərifovdan qisas almaq şansı yaranan kimi fürsəti fövtə verməyiblər. Böyük ehtimalla “Azər Türk Bank” Samir Şərifovun əlindən alınır (Milliyol.az).