“Qaçqınkom”un saxlanmasına ayrılan pullar qaçqınlara verilsə... – bu komitə ləğv olunmalıdır
8-12-2016, 20:29
Ermənistanın işğalçı siyasəti, 20 faiz torpaqlarımızı 25 ilə yaxındır işğalda saxlaması 1 milyondan çox vətəndaşımızın həyatını bu illər ərzində zəhərə döndərib. Doğmalarını itirən, yurd həsrəti ilə yaşayan, evsiz-eşiksiz, işsiz qalan insanlarımız qaçqınlığın xüsusi ilə ilk illərində dəhşətli sosial-iqtisadi çətinliklər çəkdilər. Uzun illər çadırlarda qaldılar, bir çox ailələrin çörək suya-ehtiyacı olduğu zamanları hamımız ürək ağrısı müşahidə etmişdik və eyni acılarla xatırlayırıq.
Həmin illərdə təbii ki, məcburi köçkünlərin problemlərinin koordinasiyalı, sistemli şəkildə həll edilməsi üçün bir quruma ehtiyac vardı. Bu məqsədlə yaradılan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ötən illər ərzində bəlli funksiyaları yerinə yetirib. Son 10 ildə isə dövlət məcburi köçkünləri çadır şəhərciklərindən tamamilə çıxarıb, onların yerləşdirilməsi üçün yeni binalar tikib. Artıq məcburi köçkünlər digər bütün vətəndaşlar kimi öz mənzillərində yaşayırlar. Təbii ki, onların problemləri bitməyib. Bu səbəbdən əlbəttə, dövlətimiz torpaqlarımızı işğaldan azad edənə qədər doğma yurdlarından didərgin salınmış vətəndaşlarımızın sosial-iqtisadi problemlərinə diqqətlə yanaşmalı və müəyyən güzəştlərin edilməsi ilə onlara dəstək olmalıdır.
Bununla belə, artıq müasir dövrümüzün şərtləri, həmçinin məcburi köçkünlərin mütləq əksəriyyətinin yerbəyer edilməsi, onların bəlli ünvanlarının olması səbəbindən Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması məsələsi, ən əsası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğvi zərurətə çevrilib.
Bununla bağlı deputatlar – Çingiz Qənizadə və Hikmət Babaoğlu parlamentdə təkliflər səsləndiriblər, həmçinin “Qaçqınkom”un ləğvini şərtləndirən səbəbləri açıqlayıblar.
Bəli, bu deputatların dediklərində həqiqət payı böyükdür; qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər. Hansı ki, bu gün həmin işləri ümumi qaydada “Qaçqınkom” həyata keçirir. Nəticədə isə bu qurum korrupsiya yuvasına çevrilib.
Bəllidir ki, məcburi köçkünlərin istifadə etdiyi işıq, qaz, suya görə müəyyən biri limiti var və bunu ümumi balans kimi “Qaçqınkom” dövlət büdcəsindən ayrılan pullar hesabına ödəyir. Məsələ isə ondadır ki, Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən kommunal xərcləri ilə bağlı məsələləri təftiş edərkən böyük çatışmazlıqlar və mənimsəmə faktları aşkarlayıb, limitdən artıq xərclər üzə çıxıb; yoxlamalar zamanı 283,2 min manat büdcə yeyintisi, 267 min manat isə vergidən yayınma halı aşkarlanıb.
Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-c ilin birinci rübündə də “Qaçqınkom”da aparılan yoxlamalar zamanı təxminən bu qədər yeyinti aşkarlayıb.
Deputat daha bir fırıldaqdan danışıb; qaçqınların və məcburi köçkünlərin istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada “Qaçqınkom” vasitəsi ilə xidmət təşkilatlarına ödənilir. Lakin Hesablama Palatasının apardığı auditlərin nəticələri göstərir ki, elektrik enerjisi ilə təmin olunmuş məcburi köçkünlərin sayı ilə su, qaz, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödənişi aparılmış say arasında böyük fərq var. Deməli, “Qaçqınkom” işıqpulunu mərkəzləşdirilmiş qaydada mənimsəyir...
Millət vəkili Hikmət Babaoğlu isə qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsaitin ünvanlı şəkildə onların özlərinə ayrılmasının və onların xidmət təşkilatlarına birbaşa ödənməsinın məqsədəuyğunluğunu qeyd etməklə yanaşı, təklif edir ki, ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin statusu məsələsinə də yenidən baxılmalsın: "Bu insanlar 25 ildir "qaçqın" statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar?.. 25 il müddətdə həmin insanların övladları dünyaya gəlib, təhsil alıblar, ayrı-ayrı dövlət orqanlarında çalışırlar. Bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin əvvəlki statusunun saxlanılması nə dərəcədə məqsədəuyğundur? Bu status onların tamhüquqlu vətəndaş kimi həyat və fəaliyyətini məhdudlaşdırır, özlərini cəmiyyətin sosial hüquqi sistemindən bir növ kənarda qalmış kimi hiss etmələrinə şərait yaradır. Qaçqın və məcburi köçkünlük statusu, faktiki olaraq, həmin insanların tam şəkildə cəmiyyətə inteqrasiya olunması, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını əngəlləyən faktora çevrilib".
İlk baxışda, bir az necə deyərlər, deputatın açıqlaması çöçün gələ bilər. Ancaq dərindən düşünək; bir insana nə qədər “qaçqın” demək, heysiyyatı ilə oynamaq olar? Bu insanların böyük əksəriyyəti çoxdan bəlli şərtləri qəbul edərək özünə gün ağlamağa, ev-eşik düzəltməyə qərar verib və bacarıb, normal yaşayışını təmin edib...
Bunlar heç də təkcə mənəvi məsələ kimi də qəbul olunmamalıdır. Burada söhbət qaçqınların adı ilə bir məmurun milyonlarla manat vəsaiti mənimsəməsindən gedir. Məcburi köçkünlər özü də “Qaçqınkom”un mənasız fəaliyyətindən zinhara gəliblər. Ən azı redaksiyamıza bu qurumdan edilən şikayətlərin sayı-hesabı olmaması bunun təsdiqidir.
Sadə bir təklif isə ondan ibarətdir ki, qaçqın və məcburi köçkünlərin adından pul mənimsəyən “Qaçqınkom”a bu gün artıq ehtiyac olmadığı üçün o ləğv edilsin. Hər bir qaçqın ailəsinə gərəkən yardımlar birbaşa onların özlərinə edilsin. Bu lazım olan xərcləri isə təkcə “Qaçqınkom”un saxlanmasına ayrılan dövlət vəsaitləri ilə həyata keçirmək tamamilə mümkündür. Beləliklə, hökumət ildə azı bir neçə milyona qənaət etmiş olar.