Beynəlxalq Bank sədrinin işdən çıxarılmasının - Sensasion səbəbi

9-12-2016, 08:05           
Beynəlxalq Bank sədrinin işdən çıxarılmasının - Sensasion səbəbi
Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Bankın sədri Elmar Məmmədov vəzifəsindən gözlənilmədən azad olunub.

teref.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, onun vaxtından əvvəl vəzifədən çıxarılması sensasiya sayıla biləcək hadisədir. Çünki dövlət bankı olan Beynəlxalq Bank ölkənin pul siyasətinin həyata keçirilməsində önəmli rol oynayır. Bu banka rəhbərlik isə strateji vəzifə sayılır və həmin şəxsin dövlət rəhbərliyinin siyasətinə tam sadiq olması, sadə dillə desək, təmiz işləməsi və heç bir çirkin maliyyə oyunlarında iştirak etməməsi vacibdir.

Bu arada bildirək ki, məhz Elmar Məmmədovdan əvvəl də banka rəhbərlik edən Cahangir Hacıyevin işdən çıxarılaraq həbs olunmasının əsas səbəbi kimi onun ölkəni kəskin devalvasiya qarşısında qoyması göstərilir. Belə ki, bu bank vasitəsilə külli miqdarda vəsait, təxminən 5 milyard dollar pul ölkədən xaricə çıxarılmışdı.

Eyni zamanda, milyardlarla vəsait Cahangir Hacıyevin yaxın adamlarına kredit kimi verilmiş və bank müflis həddinə gətirilmişdi.

Məlum olduğu kimi, C. Hacıyevdən sonra banka ciddi nəzarət həyata keçirilməyə başladı. Gözlənilirdi ki, ABB-nin imicinin yenidən qaytarılması və sağlamlaşdırılması prosesi aparılacaq.

Məhz Elmar Məmmədovun da banka gətirilməsi bu prosesin əsas hissəsi hesab olunurdu. Lakin onun 4 illik seçildiyi vəzifədən birdən-birə kənarlaşdırılması ona olan etimadın doğrulmaması ilə yanaşı, çox ciddi məqamları da üzə çıxarır.

“Qafqazinfo”ya daxil olan məlumata görə, ölkə gündəmində iki gündən bəri müzakirə olunan “qara bazar” olayı, bankların dollar alışından imtina etməsi məhz bu hadisə ilə birbaşa bağlıdır. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin bu “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

Maraqlıdır ki, dollar satışı rəsmi dayandırıldığı halda “qara bazar”a valyutanın neçə çıxdığı ölkədə sual doğuran məsələ idi. Heç kim müəyyənləşdirə bilmirdi ki, dollar satılmadığı halda “qara bazar”a vəsaiti kim çıxardır. Bu prosesdə əsas iştirakçı kimi “Azər Türk Bank” və “Beynəlxalq Bank”ın rol oynadığı heç kimə sirr deyil.

Bildirildiyinə görə, yaranmış mürəkkəb vəziyyəti təhlil etmək və növbəti fürsətcilləri müəyyənləşdirmək üçün yeni yaranan Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi şəkildə işləyirmiş.

Qeyd edək ki, Milli Məclisin tribunasından iki gündür ki, bir sıra millət vəkilləri “qara bazar”a kütləvi şəkildə dollar çıxartmaqda bankları ittiham edib. Hətta millət vəkili Yevda Abramov Milli Məclisdə çıxışında xüsusi maşınların baqajlarında külli miqdarda dollar vəsaitlərinin “qara bazara” çıxarıldığını, eyni gündə 4 saat içində dolların 5 manat fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd etmişdi. Bu məsələ ilə bağlı millət vəkilləri ciddi ölçü götürülməsini hökumətdən tələb etmişdilər.

Xatırladaq ki, ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri bu vəzifəyə “Azər Türk Bank”ın sədri vəzifəsindən gətirilmişdi. O, maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınırdı.

Ancaq kimin adamı olursa-olsun, ona həvalə olunan vəzifənin öhdəsindən gələ bilməyən, ən dəhşətlisi isə özündən əvvəlkilərin aqibətindən nəticə çıxarmayanlar məhz bu şəkildə, bəlkə də, bundan da ağır şəkildə cəzalandırılmalıdır...
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.