Eldar Mahmudovun daha bir dəstəsinin mühakiməsi başlayır

9-12-2016, 09:25           
Eldar Mahmudovun daha bir dəstəsinin mühakiməsi başlayır
Sabiq nazirin ətrafındakılar azadlıqda ikən özünün həbsi mümkün olacaqmı?

1 il 2 ay əvvəl Milli Təhlükəsizlik Nazirliyində(MTN) həyata keçirilən xüsusi əməliyyat Eldar Mahmudovun nazir kreslosu ilə vidalaşmasına, ətrafının həbsinə yol açdı. Bu gün artıq ləğv olunmuş nazirliyin mərkəz, idarə və şöbələrinin əməkdaşlarının çox az bir qismi həbs olunub, istintaqa cəlb ediliblər. MTN isə bir qurum olaraq ləğv olunub.

Ləğv olunmuş nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onun idarəsinin 3 əməkdaşı artıq məhkəmə qarşısına çıxarılıb. Hər gün qapalı şəraitdə keçirilən məhkəmədə üzə çıxan faktlar istintaqçılara Eldar Mahmudovun yaxasından bərk-bərk yapışmaq üçün çox ciddi əsaslar verir. Mahmudovun generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mürvətovanın barəsində olan cinayət işinin istintaqı da yekunlaşıb. Hazırda tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Təxminən 1 aya yaxındır davam edən tanışolma mərhələsinin uzanmasının səbəbi isə Sübahir Qurbanovun xəstəliyi imiş.

S.Qurbanovun həbsindən sonra bir neçə dəfə vəkilləri və özü tərəfindən səhhətinin yaxşı olmadığı, xəstə olduğu məsələsini qaldırıb və prokurorluqdan müalicə olunmasını istəyib.
Yaxın günlərdə o da daxil olmaqla 3-ü general olmaqla daha 10 MTN-çinin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Həmin dəstəyə Teymur Quliyevin işçisi olmuş Fərhad Atayev, Sübahir Qurbanovun işçiləri, Baş İdarənin 1-ci idarəsinin rəisi Fizuli Əliyev və əməkdaş Natiq Alıyev də daxildir.

Sübahir Qurbanovun hansı əməllərin sahibi olmasını aydınlaşdırmaq üçün Dövlət Bayraq Meydanının sabiq sədri Rəşad Məmmədovun işinə göz atmaq kifayətdir.

Adamı əmlaklarının ələ keçirilməsi üçün həbs ediblər. Başına olmazın oyun açıblar. MTN-dəki məlum əməliyyatdan sonra azadlığa buraxılanlardan biri də məhz Rəşad Məmmədov oldu. Onu məhkəmə zalından azadlığa buraxdılar. Bu S.Qurbanovun üzdə olan, geniş ictimaiyyətə bəlli olan əməllərindən biridir. S.Qurbanov bu gün ittihamları qəbul etmir. Suçu üstündən atır. Deyir ki, o, sadəcə əmrlərin icraçısı olub. Lap yaxşı. Bəs o əmrləri kim verib? Bu adamların hər kəlməsi, ifadəsi Eldar Mahmudovun suçunu ortaya qoyur. Onlar əmrləri “yuxarıdan” aldıqlarını deyirlər. “Yuxarıda” isə oturan məhz Eldar Mahmudov olub. Əgər Mahmudov ona tabe olan generallara nəzarət edə bilməyibsə və onlar bir-birindən ağır cinayətlərə imza atıblarsa, yenə də günah Eldar Mahmudovdadır.

Xatırladaq ki, general-mayor Teymur Quliyev ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Sübahir Qurbanov nazirliyin IV Baş İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova isə nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi olub. İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. MTN-dən qovulanların isə sayı-hesabı yoxdur.

Son 10 ildə MTN-ə rəhbərlik edən, orada baş verən ağır cinayətlərə bu və ya digər formada aidiyyəti olan sabiq nazirin həbs olunmaması bir çox suallar doğurur. İstintaqın ilk dövrlərində belə ehtimallar vardı ki, E.Mahmudovun həbsinin yubanması istintaqın onun əleyhinə materiallar toplaması ilə əlaqədardır. Artıq bu ehtimallar sabun köpüyü kimi əriyib gedib. Nəinki Eldar Mahmudov, ona xüsusi yaxınlığı ilə seçilən, MTN-ə onun tərəfindən gətirilən və nazir müavini vəzifəsinə qədər irəli çəkilən Hilal Əsədov da bu gün azadlıqdadır.

Sahibkarlara qan udduranların sırasında ilk cərgədə qərarlaşan Baş İstintaq İdarəsinin rəhbəri Mövlam Şıxəliyev də həmçinin... O, Novxanıdakı pəncərələri dənizə açılan imarətində istirahət edir. Halbuki M.Şıxəliyevin adı MTN-də sahibkarlara qarşı həyata keçirilən terror əməliyyatının aktiv iştirakçısı kimi dəfələrlə çəkilib. Bu 2 şəxs vaxtilə DİN sistemində, E.Mahmudovun rəhbərliyi altında çalışıblar. 2004-cü ildə E.Mahmudov nazir təyin ediləndən sonra hər iki şəxsi MTN-ə işə götürüb, yüksək vəzifələr verib. Bu baxımdan sabiq nazirə yaxın 2 kadrın azadlıqda qalmaları da bu günün reallıqlarındandır. M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi olduğu dövrdə onun tabeliyində olan istintaq təcridxanasında işgəncələrdən insanlar ölüb. Səid Dadaşbəylinin işində həbs olunan və 2007-ci ildə MTN təcridxanasında işgəncələrə dözməyib ölən Emin Məmmədovun ölüm işi buna sübutdur. Bundan əlavə, işgəncədən ölən şəxslərin ailə üzvləri o dərəcədə şantaj olunublar ki, qorxudan heç kəslə ünsiyyət qurmaq istəməyiblər. Qurumda saysız-hesabsız cinayətlər törədilib, bu cinayətlər bu gün ortalıqdadır. Amma buna baxmayaraq, general M.Şıxəliyevin adına istintaq materiallarında rast gəlinmir.

Qeyd edək ki, çoxsaylı şikayətlər arasında ən çox MTN-də istintaqı aparılan şəxslər, bu qurum tərəfindən hədə-qorxu ilə var-dövlətlərini itirən iş adamlarının adları var. Bu şəxslərin illərlə susmasına səbəb MTN şefi Eldar Mahmudovun rəhbərlik etdiyi cinayətkar qrupun əməlləri olub. MTN-in vəzifəli şəxsləri tərəfindən hədələnənlər arasında qanunsuz olaraq istintaqları aparılan çoxsaylı məhkumlar var.

Bir müddət əvvəl dələduzluqda ittiham edilən, hazırda həbsdə olan iş adamı Rauf Kərimov Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onun tərəfdarları tərəfindən həbs olunması barədə ölkə başçısına müraciət ünvanlayıb. Müraciətdə şər-böhtanla hədələndiyini, Mövlan Şıxəliyev tərəfindən şantaj olunduğunu, həmin idarənin şöbə rəisi polkovnik Vüsal Ələkbərovun ondan 1 milyon manat aldığı bildirilib. R.Kərimovun dediyinə görə, keçmiş MTN şefi ona məxsus “Çinar” kafesini hədə-qorxu gəlməklə şəxsən özü əlindən alıb.

Nəticə isə yoxdur. Bu adamların azadlıqda qaldıqları bir vaxtda Eldar Mahmudovun həbs ediləcəyini gözləmək sadəlöhvlükdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.