Avropa Məhkəməsi daha 32 iş üzrə kommunikasiya başlayıb

10-12-2016, 01:55           
Avropa Məhkəməsi daha 32 iş üzrə kommunikasiya başlayıb
Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Azərbaycandan bu quruma göndərilən 32 şikayət üzrə kommunikasiyalara start verib.

Bu barədə hüquqşünas İntiqam Əliyev məlumat verib.

Avropa Məhkəməsi Hökumətə həmin şikayətlər üzrə mülahizələrini təqdim etmək üçün 2017-ci ilin martın 21-nə qədər vaxt verib.

İ. Əliyevin verdiyi məlumata görə, bu işlərdə şikayətçi qismində 52 Azərbaycan vətəndaşı çıxış edir. Şikayətçilər Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Yeni Park Kompleksinin salınması, ərazidə yerləşən yaşayış və qeyriyaşaöış sahələrinin köçürülməsi haqqında” 24 sentyabr 2008-ci il tarixli və “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, Təbriz Xəlil Rza oğlu, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” 16 fevral 2011-ci il tarixli sərəncamları əsasında mənzillərindən köçürülən və yaşadıqları binalar sökülən paytaxt sakinləridir. Onların arasında arasında keçmiş millət vəkili Hacıbaba Əzimov, jurnalist Alırza Muxtaroğlu, Müsavat fəalı Başxanım Abbasova və digər tanınmış şəxslər də var.

Qeyd olunan sənədlərdə köçürülmə və binaların sökülməsi üçün əsas kimi “Bakının təkrarsız görkəmə malik müasir şəhərlərdən birinə çevrilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevimiz tərəfindən… yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində yeni park-bağ kompleksinin salınması ilə əlaqədar müvafiq göstəriş verildiyi” və bu işin Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edildiyi göstərilir. Sənəddə həmçinin qeyd olunub ki, Maliyyə Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında razılaşma əsasında göstərilən ünvanlarda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər-kvadrat metri üçün 1500 manat məbləğində kompensasiya ödənilməsi nəzərdə tutulub.

2011-ci ildən başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin məmurları, polis, işə baxan məhkəmənin rəsmiləri Şikayətçilərə təzyiq edərək mənzillərini hər kvadrat metrinə görə 1500 AZN ödənilməklə Bakı Şəhər İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsini imzalamağa təhrik ediblər. Bəzi işlərdə mənzillərin sökülməsini cavabdehə qadağan edən məhkəmə qərardadı olmasına baxmayaraq, bu şərtlərlə razılaşmayan və mənzillərini tərk etməkdən imtina edən mülkiyyətçilərə qarşı zorakılıq tətbiq olunmaqla, onların evləri sökülüb.

Şikayətçilər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını qanunsuz, onlara ödənilən kompensasiyanın məbləğini isə ədalətsiz hesab edərək məhkəmələrə və hüquq-mühafizə orqanlarına üz tutublar. Onlar mülklərinə qanunsuz olaraq qəsd edən şəxslərin məsuliyyətə cəlb olunmasını, bazar qiymətləri ilə kompensasiyanın ödənilməsini tələb ediblər.

Lakin yerli məhkəmələr bu iddiaların hamısını rədd ediblər. Bundan sonra şikayətçilər hüquqlarının müdafiəsi üçün Avropa Məhkəməsinə üz tutublar.

Ərizələrdə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə yanaşı, həmçinin 6 (ədalətli məhkəmə raşdırması hüququ), 8 (özəl həyat hüququ), 13 (səmərəli araşdırma hüququ) birləşmək azadlığı hüququ) və digər maddələrinin pozuntusu qaldırılıb. İntiqam Əliyevin apardığı işlərdə isə onun həbsi zamanı hüquqşünasın evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi şikayətçilərin fərdi şikayət hüququnu həyata keçirmələrinə əsassız mane kimi qaldırılır.

Şikayətçilərin hüquqlarını Avropa Məhkəməsində Fuad Ağayev, Xalid Bağırov, Şəfa Camalzadə, Sevinc Əliyeva, Samirə Ağayeva, İntiqam Əliyev və digər hüquqşünaslar təmsil edirlər.

Avropa Məhkəməsinin bu işlərdə Hökumətə külli miqdarda cərimələr kəsəcəyi gözlənilir.

Məlumatda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin məhkəməyə təqdim etdiyi sökülən binaların Nazirlər Kabinetinin 02 avqust 2011-ci il tarixli 132 saylı Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alındığı və dövlət tərəfindən qorunduğu bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.