"İnsanların yardımlarını kəsməklə hədələyən insanlar həbs edilməlidir" - Hüquq müdafiəçisindən deputata “həbs” tələbi
10-12-2016, 16:14
“Millət vəkili Musa Quliyevin ünvanlı sosial yardımın dayandırılması haqda verdiyi təklif çox axmaq fikirdir. Kimsə korrupsiya ilə məşğul olacaq, kimsə qeyri-şəffaf fəaliyyət göstərəcək, kimsə adamların əlindən kartını alıb 6 ayını əvvəlcə özünü götürüb, 6 ayını isə həmin adamlara verəcəksə, bu möhtac adamların nə günahı var ki, yardımı da kəsilsin”.
Bu haqda Gununsesi.info-ya hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı millət vəkili Musa Quliyevin ünvanlı sosial yardımın dayandırılmasıyla bağlı səsləndirdiyi təklifə münasiibət bildirərkən deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, millət vəkili belə çıxışlar edincə, tələb etməlidir ki, parlamentdə onların hesabatlılığı olsun.
“Belə çıxışlardansa, millət vəkilləri ictimai nəzarət mexanizminin formalaşmasına kömək etsinlər. Hər nazirlik kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında da İctimai Komitə yaradıb, alıb qucağına. Əgər sosial yardımların verilməsində şəffaflıq istəyirlərsə, sadəcə olaraq ictimai nəzarəti gücləndirsinlər, hesabatlılığı təmin etsinlər, korrupsiyayla məşğul olan, icazəsiz insanların cibinə girən, yardıma ehtiyacı olan insanların yardımlarını kəsməklə hədələyən insanlar həbs edilməlidir. Yaxud da bunu müstəqil quruma çevirmək lazımdır. Sadəcə, məşğulluq haqqında qanunu yaxşılaşdırıb, təkmilləşdirərək, Avropada olduğu kimi məşğulluq haqqında qanun tərtib etsinlər, ünvanlı sosial yardıma ehtiyacı olan insanların hamısı işsiz insanlardı. Hətta, ünvanlı sosial yardımın artırılmasıyla bağlı parlamentə təklif də yazmışıq. Təklifi Hadi Rəcəbliyə təqdim etmişik. Təklifdə uşaqlara görə analara ünvnlı sosial yardımın artırılması mexanizmini göstərmişik. Yaxşı olardı ki, millət vəkilləri və əlaqədar komitələr verilən təkliflərə qarşı biganə qalmasınlar. Qanunların hazırlanmasında diqqətli olsunlar. Belə məsələlərin müzakirəsi zamanı QHT-lərin və mətbuatın bu müzakirələrdə iştirakına imkan yaratsınlar”-, deyə o bildirib.
Qeyd edək ki, dekabrın 8-də Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Musa Quliyev Milli Məclisin iclasında bildirib ki, ünvanlı sosial yardımın verilməsində insan amili var, şəffaflıq qorunmur, odur ki, yardım proqramı dayandırılsın.
Xatırladaq ki, Nazirlər Kabineti “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nı təsdiq edib. Bununla əlaqədar “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli qərarı ləğv edilib.
Bu Qaydalar ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.