Eldar Mahmudov və əsas adamları “sudan quru” çıxarılır –"MTN işi"nin hazırki şəkildə arxivə göndəriləcəyi xəbəri yayılıb
12-12-2016, 10:29
1 il 2 ay əvvəl prezidentin verdiyi qəfil sərəncamla Eldar Mahmudov tutduğu vəzifədən çıxarıldı. Gözlənilməz sərəncamın ardından Milli Təhlükəsizlik Nazirliyində ildırım surətli yoxlamalar başlandı, Mahmudovun komandasına daxil olan generallar, şöbə rəisləri saxlandılar, həbs edildilər.
Həmin günlərdə Eldar Mahmudovun özünün də istintaqa cəlb edilməsi, qandallanması haqda çeşidli xəbərlər gəlməkdə idi. Sabiq nazirin Prezident Administrasiyasına çağırıldığı, oranı əli qandallı, telefonları əlindən alınmış şəkildə və nəzarət altında tərk etdiyi bildirilirdi. Mətbuatda sabiq nazirin əleyhinə çıxışlar da paralel olaraq vüsət aldı.
Eldar Mahmudovun 11 illik nazirliyi dövründə şəninə mədhiyyələr oxuyanlar qəfil sabiq nazirin əleyhinə kəskin çıxışlar etməyə başladılar. MTN-də baş verən gözlənilməz prosesin gedişatını izləyənlərdə belə fikir formalaşmışdı ki, Eldar Mahmudovu tezliklə Cinayət Məcəlləsinin az qala bütün maddələri ilə ittiham edib həbs edəcək, üzərində məhkəmə qurub uzun müddətli həbsə göndərəcəklər. Daha sonra MTN-in ləğv edilməsi də bu fikri qətiləşdirirdi.
Amma hadisələrdən 1 il 2 ay ötsə də, Mahmudov azadlıqdadır. Onun həbs ediləcəyi haqda ilk günlər, aylar yaranan fikirlər də sabun köpüyü kimi əriyib aradan qalxıb.
Ötən müddət ərzində Eldar Mahmudovun komandasına daxil olan, əsasən onun tapşırıqlarını yerinə yetirən 20 keçmiş MTN zabiti qandallanıb. MTN generalı Natəvan Mürvətova ev dustaqlığındadır. Sabiq nazirin badə yoldaşı və informatoru “Akula Akif” ləqəbli Akif Mustafayev isə axtarışdadır.
Məsələ burasındadır ki, tutulanlar icraçılardır, Eldar Mahmudov özü və ətrafında olan və əmrlərini icraçılara çatdıranlar, qanunsuzluqları ört-basdır edənlər isə bu gün də azadlıqdadırlar. Yəni istintaq Mahmudovun yaxın əhatəsində olanları belə qandallamayıb. Halbuki Azərbaycanda hər gün yüzlərlə şəxsi ən xırda cinayətləri törətmə ehtimalının varlığına görə qandallayıb dərhal təcridxanaya göndərirlər. Buna xüsusi lüzum olmasa belə, insanlar qandallanırlar. Onların azadlıqda qalıb istintaqa, işdə olan tərəflərə təsir etmək imkanları sıfır olsa da, həbslərini reallaşdırırlar.
Mahmudov, onun komandası 11 il müddətində vəzifədə olublar. Onların istintaqa təsir etmək imkanları isə realdır. Müstəntiqləri, onların qohumluq əlaqələrini, yaxın münasibətdə olduqları şəxsləri tanıyır, onlara təsir göstərmək üçün informasiyalara malikdirlər. Belə bir halda Mahmudovun özü və yaxın çevrəsi azadlıqdadır. Sabiq nazirin müavini Hilal Əsədov, MTN-in istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin adları konkret şəxslərə qarşı cinayətə bərabər qanunsuzluqlarda hallanır.
H.Əsədovu 2004-cü ildə MTN-ə işə Eldar Mahmudov dəvət edib. Nazirlikdə ilk vəzifəsi mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində müşavir olub. Eldar Mahmudov 3 ay sonra onu nazirliyin Antiterror Mərkəzinə rəis təyin edib. 2005-ci ildən sonra Eldar Mahmudov Hilal Əsədovu özünə müavin təyin edib.
Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib. Bu gün onun adı “8-ci kilometr” bazarının “halallıqla” sahiblərindən alınmasında keçir. Onunla həmin bazara şərik olmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov bu gün məhkəmə qarşısındadır. Hilal Əsədov isə azadlıqda olaraq həmçinin həmin bazardan da gələn pulların hesabına sərbəst gəzib dolaşır.
Mövlam Şıxəliyev də Hilal Əsədov kimi gününü keçirir. “TexnikaBank” işində zərərçəkmiş Hüseyn Səfərov israrla dövlət orqanlarından Mövlam Şıxəliyevin həbsini tələb edir. Bu iş üzrə istintaq aparmış müstəntiq Vüsal Ələkbərov yol verdiyi cinayətlərə görə bu gün həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində MTN müstəntiqinin işi davam etdirilir. Hüseyn Səfərov israrla Mövlam Şıxəliyevin həbsini tələb etsə də, onun şikayətləri havada qalıb. İş o yerə çatıb ki, sahibkar özünü M.Şıxəliyevin metronun “Sahil” stansiyasının üzərində inşa edilmiş evinin qarşısında benzin töküb yandıracağı kimi bəyanatla da çıxış etmişdi. Onun bəyanatında belə bir fikir də keçirdi: “Dəqiq bilirik ki, Mövlam Şıxəliyev Novxanıdakı villasından dənizi seyr edib kef çəkir, biz isə zəlil gündəyik…”
Bu gün MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 sahibkar zərərçəkmiş şəxs qismində tanınıb. Bu insanları qorxudub infarkt və müflis vəziyyətinə gətirənlərin, demək olar, hamısı generallardır. Generallar dövlətin keşiyində dayanmalı olduqları halda, sahibkarlığa qarşı geniş cəbhə açıblar. Başçılıq edən də göz qabağında və azadlıqdadır.
Onun əlaltıları Hilal Əsədov, Mövlam Şıxəliyev də həmçinin. Rəsmilər bu adamların həbs edilməməsinin səbəbi ilə bağlı da hər hansı bir açıqlama verməyə tələsmirlər deyə, artıq “MTN işi”nin hazırkı şəkildə arxivə göndəriləcəyi haqda xəbərlər dolaşmağa başlayıb. 11 il ərzində Eldar Mahmudovun rəhbərliyi altında törədilən cinayətlərin tam araşdırılacağına ümidlər də artıq öləziməkdədir. Cəzasızlıq mühiti isə həmişə yeni cinayətlər üçün münbit şəraitə zəmin yaradır.
E.MƏMMƏDƏLİYEV
musavat.com