Netanyahunun Bakıya kritik səfəri - Putin narahatdı

12-12-2016, 10:32           
Netanyahunun Bakıya kritik səfəri - Putin narahatdı
Azərbaycanla bağlı iki önəmli səfər və pərdəarxası: İsrail baş nazirindən dərhal sonra Rusiya hərbi-sənaye kompleksi üzrə kurator Roqozin ölkəmizdə olacaq

Bu həftə Ermənistan özünün olmayan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Maraqlıdır ki, həmin gün işğalçı ölkə “əzələ” nümayişinə hazırlaşır. Söhbət hərbi paradın keçirilməsindən gedir. Artıq İrəvanda paradın baş məşqi də olub.
Sabah – dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahu Bakıya gələcək. İsrail mənbələrinin yazdığına görə, səhər saatlarında ölkəmizə təşrif buyuracaq yəhudi baş nazir axşam tərəfi Qazaxıstana uçacaq. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur.
Netanyahunun Azərbaycan səfəri, şübhə yox ki, sıradan bir ziyarət sayılmır. İsrail mətbuatı onu hətta “tarixi” adlandırır. Bu da əlbəttə ki, səbəbsiz deyil. Əvvəla, İsrail regional supergüc hesab edilən dövlətlərdəndir. İkincisi, əksər ərəb ölkələri və İranla diplomatik münasibətləri olmayan, yaxud düşmən münasibətdə olan dövlətdir. Həmin ölkələrin bir çoxu ilə isə Azərbaycan əksinə – normal və yaxud isti münasibətlərdədir.
Üçüncüsü, Azərbaycan qardaş Türkiyə kimi və bəzi başqa, barmaqla sayılacaq müsəlman ölkələrdəndir ki, İsraillə siyasi-diplomatik əlaqələrə və kifayət qədər dərin iqtisadi əməkdaşlıq tellərinə malikdir. Bu xüsusda Azərbaycanın da İsrailin yanında xüsusi yeri var.

Nəhayət, dördüncüsü, yəhudi dövləti və Azərbaycan təkcə iqtisadi-ticari sahələrdə yox (İsrail Bakı-Ceyhan vasitəsilə Azərbaycan neftinin alıcılarındandır), son illər xüsusilə də hərbi və hərbi-texniki, həmçinin təhlükəsizlik sahələrində yetərincə geniş tərəfdaşlıq qurmuş və bu tərəfdaşlığı uğurla inkişaf etdirən ölkələrdir.
Bu və digər səbəblərdən B.Netanyahunun səfəri rəsmi Bakı üçün də mühüm və əlahiddə əhəmiyyət daşıyır, bir növ saat əqrəblərinin tutuşdurulması baxımından vacib görünür. Şübhəsiz ki, eyni səbəblərdən baş nazirin ilk ziyarəti ilə bağlı ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüləcək və yaxud artıq görülür – təbii ki, “Mossad” əməkdaşları ilə ortaq fəaliyyət çərçivəsində. Təsadüfi deyil ki, səfərlə bağlı detallar olduqca məxfi saxlanılır. Bununla bağlı hətta İsrail XİN-in əməkdaşlarına hansısa şərh və ya açıqlama vermək belə yasaqlanıb.
Image result for Netanyahu
Bir şey dəqiqdir ki, İsrail hər şeydən öncə Azərbaycanın əsas strateji tərəfdaşlarından və silah tədarükçülərindən biridir. Bu yöndə əməkdaşlığın son illər həm keyfiyyət baxımından, həm də kəmiyyətcə (dollarlarla ölçüdə) artması diqqət çəkir. O sırada Azərbaycanda İsrail yüksək hərbi texnologiyaları əsasında pilotsuz uçan aparatların (aprel döyüşlərində özünü uğurla göstərmiş kamikadze-dronların) ortaq istehsalı da razılaşdırılıb. Həmçinin, İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin – dünyada ən effektli və modern müdafiə sistemlərindən sayılan sistemin Azərbaycana verilməsi haqda ciddi xəbərlər var.

Böyük ehtimalla, müdafiəyə və müdafiə sənayesinə cavabdeh məmurlarla Azərbaycana gələcək yəhudi dövlətinin baş naziri Bakı səfəri zamanı bu məsələlər də gündəmdə olacaq. Hər necə olmasa, faktdır ki, İsrail Azərbaycan üçün silah bazarında Rusiyadan sonra ikinci yerdədir. Yəni əslində Rusiyanın rəqibidir, Moskvada narahatlıq doğuran bir əməkdaşlıq içindədir.
Yeri gəlmişkən, prezident Putin başda olmaqla, Rusiyanın ən yüksək rütbəli rəsmiləri, o cümlədən baş nazirin müavini, ölkənin hərbi-sənaye kompleksinə cavabdeh olan Dmitri Roqozin Ermənistanın ənənəvi iddialarına cavab olaraq, dəfələrlə bəyan ediblər ki, “Azərbaycan müstəqil və imkanlı dövlətdir və Rusiya ona silah satmasa, istənilən başqa ölkədən alacaq”.

Yəni imtina edərsə, Rusiya o halda Azərbaycanı itirmiş olacaq. Çünki Azərbaycan Rusiya ilə geniş silah ticarəti sahəsində iş birliyinə malikdir. Bu mənada silah mövzusuna Kreml olduqca həssasdır və məsələ onun üçün strateji anlam daşıyır desək, yəqin ki, yanılmarıq. Ayrı yandan, Rusiya Ermənistana ötürdüyü silah-sursatdan faktiki, qazanc əldə eləmir. Təcavüzkar ölkə onun üçün hər mənada əlavə və ağır yükdür.
Maraqlıdır ki, bu həftə – dekabrın 16-da, B.Netanyahunun səfərindən cəmi 3 gün sonra Dmitri Roqozinin də Bakıya səfəri gözlənilir. Belə ki, həmin tarixdə paytaxtımızda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə “Report”a diplomatik mənbələrdən bəlli olub. Xəbərə görə, iclasla əlaqədar Rusiya hökuməti sədrinin müavini, hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri Dmitri Roqozin Bakıya səfər edəcək.
İclasda iki dövlət arasında əlaqələrin hər bir sahədə inkişaf etdirilməsi, yeni sazişlərin imzalanması və digər bu kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Yəni hərbi-texniki sahədə yeni anlaşmaların əldə olunması da istisna olunmur.

Əlavə edək ki, Rusiya aprel döyüşlərində Azərbaycandan ciddi hərbi şapalaq almış işğalçı Ermənistanın özünə gəlməsi üçün son zamanlar xeyli iş görüb: Ermənistanın hava məkanını öz nəzarətinə götürüb, ona “İsgəndər M” operativ-taktiki raket sistemləri və bəzi başqa müdafiə, döyüş sistemləri verib, həmçinin, təcavüzkarla ortaq hərbi qruplaşma formalaşdırmağa başlayıb.
İrəvanı Qarabağ məsələsində radikal mövqeyə sövq edən, işğal rejimini uzadan, hərbi balans yaratmağa yönəlik bu kimi addımlar, təbii ki, Azərbaycanı narahat edir. Bu üzdən rəsmi Bakı hərbi balansı öz xeyrinə saxlamaq və işğalçını sülhə məcbur etməkdən ötrü qardaş Türkiyə, İsrail və Pakistanla strateji tərəfdaşlıq hesabına adekvat tədbirlər görmək haqqını özündə saxlayır, bu istiqamətdə ön tədbirlərini davam etdirir. Bunun üçün Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması gündəmə gələcəksə, yəqin ki, Bakı ona da gedəcək. Söz düşmüşkən, belə bir diplomatik addımın atılmasının zamanı artıq çatıb…
İsrail baş naziri və Rusiya baş naziri müavininin qarşıdakı Bakı ziyarətləri öncəliklə bu kontekstdə önəm daşıyır və yəqin ki, yekunları da ən əvvəl strateji tərəfdaşlıq kontekstində öz qiymətini alacaq. (musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.