DTX Mahmudovun media "qolunu" necə çökdürdü - Mədət Quliyevdən açıqlamalar
13-12-2016, 10:32
Generaldan sensasion gündəm açıqlamaları; DTX sədri reket “jurnalist”lərin həbsinin gizlinlərini açıqlayıb; MTN-in nəzarətindəki mətbuat bəzi vəzifəli şəxsləri övladlarının video-çəkilişləri ilə şantaj edirmiş; M.Quliyev həmçinin “qara bazar” və antiterror əməliyyatlarından da danışıb
Dövlət təhlükəsizliyi xidmətinin rəisi Mədət Quliyev son günlər reket “jurnalist”lərə qarşı keçirilən əməliyyatlardan danışıb. Son dərəcə sensasion açıqlamalar verən xidmət rəisi M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd edib: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Bunlara hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, ötən həftə DTX “Bizim dövr” qəzetinin (həmçinin eyni adlı saytın) redaktoru Surxay Əliyevi və onun müavinini, habelə “Gündəlik Bakı” qəzetinin (həmçinin eyni adlı saytın) redaktoru Habil Vəliyevi həbs edib. DTX-in açıqlamasına görə həmin şəxslər gizli videoçəkilişlər aparmaqla və digər qeyri-qanuni yollarla şantajla məşğul olub, hədə-qorxu yoluyla şantaj olunan şəxslərdən pul qoparıblar.
M.Quliyev ötən 1 il ərzində xidmətdən xaric edilən əməkdaşlar haqda da sualları cavablandırıb.
“İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub” - deyə M.Quliyev bildirib. Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: “Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır”.musavat.com/
DTX sədri ölkəmizin terror təhdidlərindən özünü qoruya bildiyini də açıqlayıb: “Azərbaycan özünü terror təhlükəsindən qorumaq üçün bütün zəruri addımları atır”. Deyib ki, Azərbaycanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları birgə əməkdaşlıq çərçivəsində işləyirlər: “Burada əsas məsələ isə dövlət rəhbərliyinin apardığı siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Xalqımız qədirbilən xalqdır, ölkə başçısının apardığı siyasəti dəstəkləyir. Biz bunu bu il sentyabrın 26-da ölkədə keçirilən referendum zamanı da gördük”.
M.Quliyev ölkədə dollar möhtəkirliyi ilə mübarizə haqda sualı da cavablandırıb: “Azərbaycanda dolların ”qara bazarı" var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim. Bununla bağlı araşdırmalar aparılır, şübhəli şəxslər var. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq".
Sabiq xüsusi xidmət zabiti, politoloq Arzu Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyat axtarış tədbirlərini təqdirəlayiq adlandırıb. Deyib ki, ağır kadr siyasəti ilə paralel olaraq belə əməliyyatların baş tutması çətin bir prosesin uğurla həyata keçirilməsinin göstəricisidir: “DTX-nın gerçəkləşdirdiyi antiterror əməliyyatları da müsbət hal kimi qiymətləndirilməlidir. Bu onu göstərir ki, DTX müsbət istiqamətdə işini qura bilib”.
A.Nağıyev bildirib ki, ən başlıcası odur ki, DTX qarşısına qoyulan əsas vəzifələri layiqli şəkildə yerinə yetirdiyini sübuta yetirir, vətəndaşlarının konstitusion hüquqlarının pozulmasına yönələn hərəkətlərin qarşısının alınması üçün vaxtında tədbirlər görür, Azərbaycan vətəndaşına qarşı yönəlmiş terror təhdidini önləyə bilir.
A.Nağıyev son 10 ildə reket “jurnalist”lərə qarşı mübarizə aparılmamasının səbəbinə də toxunub: “Həmin adamlar xüsusi xidmət orqanlarının rəhbərliyində təmsil olunmuş şəxslərin nəzarətində olublar, özü də çox güclü himayə olunublar. Belə vəzifə daşıyıcıları ilə birbaşa bağlı olduqlarına görə reket ”jurnalist"lərin qarşısını almaq qeyri-mümkün olub. Himayəçilərinin qanadı altında ayrı-ayrı şəxsləri, hətta vəzifə sahiblərini də şantaj ediblər. Bu gün xüsusi xidmət orqanları belə qanunsuz fəaliyyətlə məşğul olanlara qarşı çox ciddi fəaliyyətdədir. Yəqin ki, dövlət, hakimiyyət rəhbərliyinin də bu istiqamətdə müvafiq tapşırıqları var. O şəxslər himayə edilməsəydilər, 10 il müddətində öz qanunsuz fəaliyyətlərini davam etdirə, vəzifə daşıyan şəxsləri onların övladlarının özəl həyatları ilə şantaj edə bilməzdilər".
A.Nağıyev Azərbaycan mentalitetinin belə hallara münasibətdə çox kəskin mövqedə olduğunu da diqqətə çatdırıb: “Əməliyyat axtarış fəaliyyəti həyata keçirməyə icazəsi olmayan şəxslərin belə texnikalardan istifadə etməsi artıq qanunsuzluq, cinayətdir. Belə texnikanı bu şəxslərə kim verib? Niyə verib? Bu sualların cavabı bir çox mətləbləri üzə çıxaracaq. Mədət Quliyevin də açıqlamasından bəlli oldu ki, hazırda cinayət işi başlanıb, istintaq gedir. İstintaqın reket ”jurnalist"lərin hansı vəzifə sahiblərini, iş adamlarını nə vaxt, hansı üsulla, hansı texniki vasitələrdən istifadə etməklə şantaj materialları topladıqlarını ortaya qoyacağına əminəm. Bu adamların hərəkətlərindən belə nəticəyə gəlmək olur ki, Azərbaycan mentalitetinin biliblər, iş adamlarını, vəzifə sahiblərini övladları ilə şantaj ediblər. Övladdan valideynə qarşı istifadə etmək həm də mənəviyyata zidd əməldir. Hər bir insanın bir zəif cəhəti var. Bu cəhətlərdən istifadə edib nüfuzdansalma elementləri toplamaqla gizlinləri yayacaqları ilə təhdid ediblər. Düşünürəm ki, bura da bəzi xüsusi xidmət orqanı nümayəndələrinin təlimatlarından yararlanıblar. Bunlar özbaşına belə addımlar ata bilməzdilər. Atsaydılar belə, bu, çox qısa müddətli olar, 10 il davam edə bilməzdi".
A.Nağıyev reket “jurnalist”lərə qarşı başladılmış cinayət işinin istintaqının onların himayədarlarına qədər uzanacağını da istisna etməyib: “Düşünürəm ki, bu şəxslərin həbs olunmasında əsas məqsəd ötən 10 il ərzində onların bütün əlaqələrinin ortaya çıxarılmasıdır. Cinayət işinin başlanması zərərçəkənlərin dairəsinin müəyyən edilməsi və himayədarlarının, yol göstərən şəxslərin vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq müəyyən edilərək istintaqa cəlb edilməsinə xidmət edir”.