İranın molla rejiminin iç üzü- Şuşada məsçidi bərpa edir

14-12-2016, 12:18           
İranın molla rejiminin iç üzü- Şuşada məsçidi bərpa edir
Ermənilər 25 ilə yaxındır ki, işğal altında saxladıqları Şuşanın Yuxarı Gövhərağa məscidi kimi tanınan məçhur Cümə məscidinin bərpasına başlayıblar. Xankəndidə qondarılmış separatçı və terrrorçu rejim bununla özünü dünya ictimaiyyətinə “hansı dinə mənsub olmasından asılı olmayaraq tarixi abidələrin qayğısına qalan tolerant bir xalq” kimi sırımağa çalışır. Ermənilər həyasızlıq və hiyləgərliklə Azərbaycana məxsus məscid və digər dini abidələri xaricdən gələn rəsmi şəxslərə və turistlərə “fars İslam abidləri” kimi qələmə verməyə cəhd edirlər. Bununla onlar eyni zamanda İran və digər müsəlman ölkələrindən bölgəyə turist axını cəlb etmək məqsədi güdürlər.

Bir neçə ildir ki, Dağlıq Qarabağ qondarma “hökuməti”nin “Şərq tarixi irsinin bərpası fondu”ilə birgə təşkilatçılığı və sponsorluğuyla Şuşadakı abidələrin bərpası üçün layihələr hazırlanıb. Moderator.az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, artıq İran şirkətlərindən birinin köməyi ilə Şuşadakı 3 məsciddən biri bərpa edilib. Dekabrın 7-də isə İran şirkəti ilə Yuxarı Gövhərağa məscidinin bərpası barədə müqavilə imzalanıb. Bu günlərdə iranlı mütəxəssislər layihə işlərini yekunlaşdırıblar və bərpa işlərinə başlamaq üzrədirlər.

Azərbaycan XİN-dən məsələ ilə bağlı hələki heç bir rəsmi açıqlama yoxdur. Onu da yada salaq ki, 2015-ci il dekabrın 10-da Ermənistan hökuməti Azərbaycanın daha bir tarixi memarlıq incisi - İrəvandakı məşhur Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Bundan sonra isə Göy məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanıb. Hazırda məscidin binası İranın mədəniyyət mərkəzi kimi istifadə edilməkdədir.

Xatırladaq ki, Yuxarı Gövhərağa məscidi Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biridir. Məscid 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təхminən səkkiz il sonra Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi tamamilə sökdürüb yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti mdeyalarındandır. Yuхarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Onlar əsasən Ağdam cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılmışdır. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.

Məscid 1992-ci ilin mayında Şuşanın işğalı zamanı erməni silahlı birləşmələri tərəfindən ciddi dağıntıya məruz qalmışdır. Onu da vurğulayaq ki, Şuşa məscidinin müəllifi erməni mənbələrinin “İran memarı” kimi təqdim etdiyi Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuş məşhur Azərbaycan memarıdır.

Sultan Laçın \\moderator.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.