Şeyxin yaxın qohumunun adı növbəti qalmaqalda...
16-12-2016, 17:17
QMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun adı növbəti qalmaqalda hallanıb.
Editor.az saytının yaydığı məlumata görə, Masallıdakı “Viləş” otelinin sahibi olan Hacı Mazan tanınmış qonaqlarının avtomobilini saxladığı üçün YPX əməkdaşını təhqir edib, döymək üçün onun üzərinə hücum çəkib. Hadisənin təfsilatları haqda qeyd edilir ki, adıçəkilən oteldə təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol-patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən dayanmaq əmri verilib. YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozutusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib.
Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib. YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağırılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran Hacı Mazana zəng edib.
Hacı Mazan hadisə yerinə gələrək, onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol-patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib. Yalnız digər polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib.
Məlumata aydınlıq gətirmək üçün “Viləş” otelinin rəhbərliyi ilə əlaqə saxladıq. Özünü otelin direktoru kimi təqdim edən Anar adlı şəxs müğənnilərin çəkilişlərə görə otelə gəldiyini təsdiqləsə də, yolda hansısa hadisənin yaşanmadığını dedi: “Otelin müdiri mənəm. Xatirə xanımla aşıq Əli burada idilər. Çəkiliş oldu, bundan sonra çıxıb getdilər. Lakin bu vaxt ərzində heç bir hadisə olmadı axı. Əgər belə bir hadisə olsaydı, bizim xəbərimiz olardı. Yəqin, bu, şayiədir, boş və yanlış məlumatdır, çünki belə bir hadisə olmayıb”.
Məsələ ilə əlaqədar aşıq Əli ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Müğənni Xatirə İslamın bacısı Günel Əzizova isə yaranmış qalmaqal haqda bunları bildirdi: “Hazırda Xatirə xanım rayonların birindədir. 4-5 gün bundan əvvəl isə Masallıya, tədbirə getmişdi. Orada hansısa hadisə baş versəydi, mütləq bizə deyərdi. Qətiyyən belə bir hadisə yaşanmayıb”.
Xatırladaq ki, Hacı Mazan kimi tanınan Ramazan Zeynalov şeyxin əmrlərini icra edən yaxın adamıdır. Onun adı mətbuatda bir çox qalmaqallarda hallanır. Bu günlərdə isə Haci Mazan Paşazadələrin şəriki olmuş, hazırda isə həbsdə olan Müğdət Həşimovun məhkəməsində ifadə verib, ondan özünə dəymiş zərəri tələb edib. Qalmaqallı məhkəmədə tərəflər arasında mübahisə düşüb, hakim tərəfindən xəbərdarlıq edilib.