İşıqpulu ajiotajı: rəqəmlər şişirdilir?.. - ARAŞDIRMA

9-01-2017, 17:18           

Son günlər sosial şəbəkələrdə elektrik enerjisinə görə gələn bildirişlərdəki məbləğlərdən şübhə və narazılıq ifadə olunur.
Teleqraf.com bununla bağlı material hazırlayıb.
Şübhə necə yaranır?
Bakı sakini Səadət Osmanovanın sözlərinə görə, bu cür şübhəsi bu il yanvar ayının 5-də “Azərişıq” ASC-dən təqdim edilən qəbzdən sonra daha da artıb: “Evin qapısına yapışdırılmış 428721 saylı protokolda 007789049025636 nömrəli "Egerm" tipli sayğacın, 19222866 nömrəli M550 tipli sayğacla dəyişdirildiyi bəyan edilib. İcraçı Əsgər Heydərovun imzaladığı protokolla əlaqədar qurumun yaşadığım bina üzrə nəzarətçisi ilə əlaqə saxladım.
Öyrəndim ki, sayğacın işləməməsində məsul tutulmuram və sayğacın işləmədiyi ay üzrə sərfiyyat orta aylıq qiymət üzrə müəyyənləşdiriləcək. Qəbz təqdim edilməsə də, sonradan nəzarətçidən öyrəndim ki, həmin ay üçün 47 manat hesablanıb. Hesabımda vəsait olduğundan və ödənişi onlayn qaydada həyata keçirdiyimdən mənə sərfiyyatla bağlı bildiriş mütəmadi təqdim edilmir. Mən də bunu borcumun olmaması ilə əlaqələndirərək, səbəbi ilə maraqlanmıram.
Rəqəmlə bağlı narazılığıma baxmayaraq, etirazımı rəsmi şəkildə bildirmədim. Sadəcə nəzarətçiyə şifahi şəkildə 47 manatın artıqlamasıyla müəyyənləşdirildiyini bildirdim, hətta ilin sonu olduğu üçün qurumun illik itkilərini mənim kimi abunəçilərin üzərindən silməyə çalışdığı barədə şübhə və narahatlığımı da ifadə etdim. Nəzarətçi bu hesablanmada rolunun olmadığını bildirdi, narahatlığımı əsassız hesab etdi.
Əlimdə heç bir əsas yoxudu deyə, bir söz demədim. Təqdim edilən bu bildirişdən sonra isə hüquqlarımın pozulduğuna inanıram”.
Şikayətçi deyir ki, ötən illərin müvafiq dövrü ilə apardığı müqayisə də şübhələrini haqlı çıxarır: “Məsələn, 2016-cı ilin yanvar ayında (06.01.2016 – 04.02.2016 dövr üçün) elektrik sərfiyyatı 836, aprel ayında (04.04.2016-03.05.2016) 520, sentyabrda (06.09.2016-04.10-2016) isə 217 olub. Məsələ burasındadır ki, dekabr ayında və indi mənzilimdə olan elektrik cihazları və sərfiyyat sentyabr ayında sərf etdiyimiz elektrik enerjisinə uyğun olmalıdır. Əksinə, qəbzə görə, dekabr ayında sərfiyyat 1637 Kvts-ya çatıb. Halbuki dekabrda havalar kifayət qədər mülayim keçib və üstəlik, noyabr və dekabr ayları ərzində evdə olmadığımız günlər var.
Bunları nəzərə alaraq, hesablamada və sayğacın işində qüsur olduğu qənaətindəyəm. Bundan başqa, yalnız bu il deyil, əvvəlki illərin müvafiq dövrü üzrə də müqayisələr dediklərimi təsdiq edir. Belə ki, bu mənzilə köçəndən bu yana sərfiyyat indiki həddə (1637 kvts) qeydə alınmayıb. Məsələn, 2015-ci ilin yanvar ayında (11.01.2015-07.02.2015) 1266 kvts, fevralında 1291, oktyabrında 570 və nəhayət, dekabrında 1337 kvts olub. Yenə də vurğulayım ki, həmin vaxt mənzilimdə istifadə etdiyimiz qızdırıcı cihazların sayı daha çox olub. Ötən il mənzilimdə kondisioner və “Kumtel” adlanan spiral qızdırıcı cihazdan istifadə edilib. Gecə-gündüz həmin cihazlar işləyib. Ötən ilin dekabr ayında isə nəinki bu cihazların heç biri, hətta “Ariston” su qızdırıcısı belə xarab olduğundan işləməyib. Bütün bunları qeyd etməkdə məqsədim odur ki, evimdə qızdırıcı sayı çox olduğu aylarda belə sərfiyyat bu həddə çatmayıb”.
“Yanlış hesab mümkün deyil”
“Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev isə deyir ki, abonentlərə artıq elektrik enerjisinin hesablanması mümkün deyil: “Sərf olunan elektrik enerjisinin hesablanmasında yanlışlığa yol verilə bilməz. Hesablama dəqiq aparılır”.
Tanrıverdi Mustafayev bildirib ki, hansı abonentin şikayəti varsa, “Azərişıq” ASC-yə müraciət edə bilər: “Kimin şübhələri varsa, bizə müraciət etsin. Biz həmin ünvana əməkdaşımızı göndərək. Məsələ yerindəcə araşdırılsın”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, abonentlər elektrik enerjisinə görə şişirdilmiş bildirişin gəlməsi ilə birliyə bağlı iki şikayət daxil olub: “Burada əsas problem sayğacların düzgün işləməməsidir. “Azərişıq” ASC ekspertiza aparır və vətəndaşa bildirirlər ki, sayğacı özün xarab etmisən, bu qədər ödəniş eləməlisən.
Bir faktı qeyd edim ki, bizim birliyə bu yaxınlarda elektrik enerjisinə görə 100 manatdan artıq məbləğin bildirişi gəlmişdi. “Azərişıq” ASC əməkdaşlarını çağırdıq, sayğacı yenidən yoxlamağı və təkrar hesablama aparılmasını istədik. Məlum oldu ki, bizim ödəyəcəyimiz işıqpulunun məbləği 100 manat yox, 20 manatdır. Əhalidən yersiz işlətmədiyi pulu qoparmaq istəyirlər”.
Eyyub Hüseynov deyir ki, bu cür halların qarşısını almaq üçün Azad İstehlakçılar Birliyi müəyyən addımlar atacaq: “İstehlakçı hüquqları ilə bağlı "Azərişıq" ASC-yə məlumat göndərsək də, heç bir nəticəsi olmur. Bizə məhkəməyə müraciət etmək məsləhət görülür. Dövlət orqanlarından da kömək ala bilmirik. Sadəcə KİV vasitəsilə fikirlərimizi çatdıra bilirik. Bu cür halların qarşısını almaq üçün Azad İstehlakçılar Birliyi müəyyən addımlar atmağı planlaşdırır”.
Bəs qanun nə deyir?
Məsələnin hüquq tərəfinə gəlincə, hüquqşünas Ələsgər Məmmədli deyir ki, işıqpulunun artıq gəlməsi barədə vətəndaşda şübhə varsa, məhkəməyə müraciət edə bilər: “İşıq sayğacları mahiyyət etibarı ilə müəyyən standartlara uyğunluq sertifikatı alır və nəzarətdən keçir. Sayğac enerji axımını ölçür. Əgər kiminsə şübhəsi varsa, şikayət edərək, sayğacın laboratoriya analizini tələb edə bilər. Ayrıca, bu prosesdə şəxsin hər hansı tələbi yerinə yetirilməz və şübhəsi qalarsa, məhkəməyə də müraciət eləmək hüququ var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.