Zərdüştün cavabını Elçibəyin oğlu verməməliydi…

20-02-2017, 01:45           

Əbülfəz bəyin vəfatından iki il sonra “Elçibəyin dostları” adlı məqalə yazmışdım. Dünən arxivimi alt-üst etsəm də, 2002-ci ildə “Cümhuriyyət” qəzetində dərc olunan həmin yazını tapa bilmədim. Bircə o yadımdadır ki, məqalədə ötən iki il ərzində Elçibəyi bir an belə unutmayan fədakar dostlarından bəhs olunurdu. Həmin vaxt rəhmətlik Əzizə ana mənə demişdi ki, Bəyin vəfatından iki il ötsə də, hər gün onun məzarını ziyarət edir. O vaxt cəbhəçilərin çoxunun yeni iş günü Fəxri Xiyabandan başlayırdı…
Zərdüştün cavabını Elçibəyin oğlu verməməliydi…
Seymur Verdizadə
Torpağın üzü soyuq olur. Zaman keçdikcə fanatları başa düşdülər ki, əbədi kədər çıxış yolu deyil, həyat davam edir. Əslində, hər gün Fəxri Xiyabana getməyə ehtiyac yox idi. Vacib olan Elçibəyin yolu ilə getmək idi. Həyat şərtləri ağırlaşdıqca bu yolun yolçularının sayı azalmağa başladı. Elçibəyin istər “Ağ Ev”də, istər partiyada vəzifə verdiyi adamların əksəriyyəti indi başqa yolun yolçularıdır. Bu uzun, incə yolda yürüməyə çoxunun taqəti çatmadı.
Sağlığında iki-üç dəfə Əbülfəz bəyi tənqid etmişəm. Yaddaşıma güvənib deyə bilərəm ki, 1998-ci ildə yazdığım həmin məqalələrdən birinin başlığı belə idi: “Elçibəyi dinlərkən…” Etiraf edim ki, qorxaq adam olmasam da, həmin yazı qəzetdə dərc ediləndən sonra düz bir həftə “Azadlıq” qəzetinin çayxanasına ayaq basmadım. Bu yazıya görə Elçibəyin fanatları mənə hücum edə bilərdilər. Mən isə dava-dalaşdan, qalmaqaldan həmişə uzaq qaçmışam.
Həmin illər indi tarixə çevrilib. Elçibəyə dil uzadanlar, doğru-yalan onu tənqid edənlər demək olar ki, heç bir müqavimətlə üzləşmirlər. Sözsüz ki, bizim hər birimiz kimi rəhmətlik Elçibəyin də səhvləri olub. Amma təhqirlə tənqidi qarışdırmaq, indi haqq dünyasında olan adama dil uzatmaq heç kimə başucalığı gətirmir. Bu cür adamların cavabını vermək hamıdan əvvəl Elçibəyin dostlarının, əqidə yoldaşlarının borcudur. Bir neçə gün əvvəl Elçibəyi təhqir edən politoloq Zərdüşt Əlizadənin cavabını oğlu Ərturqut verməməliydi. Elçibəyin silahdaşlarının 99 faizi yaşayır. Onlar səslərini vaxtında ucaltsaydılar, gənc Ərturqutun meydana atılmağına ehtiyac qalmazdı.
Bu hadisəni mənə köhnə hərəkatçılardan biri danışıb. Deyir ki, Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra onların maddi durumu tədricən pisləşməyə başlayır. Zamanın nəbzini tutmaqda mahir olan cəbhəçilərdən biri əvvəl hakim partiyaya üzv olur, sonra isə rayon icra hakimiyyətində təlimatçı postuna təyinat alır. Aradan dörd-beş il keçəndən sonra həmin adamı icra başçısının müavini təyin edirlər. Həmsöhbətim danışır ki, ehtiyac onu sıxdığı üçün bir gün köhnə dostunun qapısını döyüb, icra hakimiyyətində kiçik bir vəzifəyə düzəlməyinə köməklik göstərməyi xahiş edir. İcra başçısının müavini işləyən eks-cəbhəçinin təəssübkeşlik duyğuları baş qaldırdığı üçün köhnə dostuna yardım etməyə söz verir. Qərara alırlar ki, iki gün sonra bir yerdə icra başçısının qəbuluna getsinlər.
Bədbəxtlikdən icra başçısı onu tək qəbul edir. Bir qədər sorğu-sualdan sonra müavinini kabinetinə çağırtdırır. Köhnə dostlar o qədər mehriban görüşürlər ki, başçısı qeyri-ixtiyari soruşur: “Siz bir-birinizi çoxdan tanıyırsınız?”
Həmin cəbhəçi deyir ki, özünün də, dostunun da karyerasını təhlükə qarşısında qoyacağını bilsə də, həqiqəti söyləməkdən çəkinmir: “Əlbəttə, çoxdan tanıyırıq. Bizi şəxsən Elçibəy özü tanış edib”.
Uzaq doxsanıncı illərdə baş vermiş bu hadisəni təsadüfən xatırlamadım. Demək istədiyim odur ki, Elçibəyin nazir, komitə sədri, səfir, rektor təyin etdiyi adamların çoxu əyalətdə yaşayan kasıb bir cəbhəçi qədər cəsur ola bilmədilər…
“Qafqazinfo.az”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.