Bakı meri ilə vidalaşır: Hacıbala Abutalıbovun qərarı sonunu gətirdi

20-04-2017, 10:01           
Bakı meri ilə vidalaşır: Hacıbala Abutalıbovun qərarı sonunu gətirdi
Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ovçular evi” İctimai Birliyinin ərazisində hazırda qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib. R.Mirzəyevin sözlərinə görə, araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və “A-3 Sənaye Tikinti Korporasiyası” MMC tərəfindən orada tikinti işlərinə başlanılıb.

Xatırladaq ki, aprelin 15-də Prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə başçısı kəskin reaksiya verib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Abutalıbov yola salınır?

Gələn məlumatlara görə, prezidentin bu göstərişindən sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov öz vəzifəsini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Çünki bu, Bakı merinin ləğv edilən ilk qərarı deyil. Dəfələrlə bu kimi sərəncamlar verilib və nəticəsi olmayıb. Amma bu dəfəki sərəncamın Hacıbala Abutalıbovun vəzifəsindən kənarlaşdırılmasınadək icra olunacağı gözlənilir. Artıq yaxın vaxtlarda istefaya göndəriləcək Bakı merinin yerinə namizədlərin axtarıldığı bildirilir. 73 yaşlı merin istefaya göndərilməsinin səbəbinə gəlincə, dəfələrlə qanunsuz tikililərə yol vermək, qanunsuz torpaq alverilə gündəmə gələn Hacıbala Abutalıbov eyni zamanda bu əməlləri ilə paytaxtda kütləvi narazılıq yaradacaq digər addımları da atıb. Bakı şəhərinin “Sovetski” adlanan ərazisində evlərin sökülməsi, yararsız vəziyyətdə ola binaların sürüşdürülməsi, eyni zamanda 2015-ci ildə Binəqədidə yaşayış binasının yanması nəticəsində 16 nəfərin həlak olması, sürüşmə zonalarında yaşayış massivlərinin salınması və narazılıq yaradan digər məsələlər də Abutalıbovun adına yazılıb. O, bu vəzifədə olduğu illər ərzində hansısa şəhidin adına olan küçənin satılması, insanların istirahət guşələrinin ayrı-ayrı iş adamlarına, tikinti şirkətlərinə satılmasını icra edən bir məmurdur. Paytaxt Bakının coğrafi mövqeyinə və relyefinə uyğun olmayan infrastrukturun salınması və zəlzələyə davamsız yaşayış binalarının tikilməsinə görə dəfələrlə Hacıbala Abutalıbov tənqid edilib.

Qabağına çıxanı satan yaşlı mer

Bakı meri haqda o fikir formalaşıb ki, bu adam şəhərdə qabağına nə çıxırsa, satır. Demək olar ki, hər gün şəhər sakinlərindən Prezident Administrasiyasına və dövlət başçısına qalaq-qalaq müraciətlər edilir. Həmin müraciətlərin də nəticəsiz qalması ictimai narazılıq yaradır. Nəzərə alsaq ki, ölkədəki total iqtisadi böhranın paytaxt və digər iri şəhərlərdə sosial partlayış mühiti yaratdığı bir vaxtda merin bu addımları Bakıda vəziyyəti bir qədər də kritikləşdirə bilər. Bu baxımdan yaşlı Hacıbala Abutalıbovun həm Bakı, həm də hakimiyyət üçün bacarıqlı kadr olmadığını nəzərə alan siyasi rəhbərliyin yaxın vaxtlarda onunla vidalaşacağı daha ağlabatandır.

Mənsur
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.