Kreml Bakıya qarşı əzələ nümayişində - Dünyanın supergücü ilə kəllə-kəlləyə...

20-04-2017, 10:23           
Kreml Bakıya qarşı əzələ nümayişində - Dünyanın supergücü ilə kəllə-kəlləyə...
Azərbaycan ordusunun aprelin 16-da başlayan növbəti, 5 günlük genişmiqyaslı hərbi təlimləri davam edir. Xəbər verildiyi kimi, on minlərlə hərbçinin qatıldığı təlimlərə yüzlərlə zirehli texnika və aviasiya sistemi, artilleriya qurğuları, digər döyüş sistemləri, habelə Azərbaycanın aldığı və ya özünün istehsal elədiyi yeni silahlar, o sırada pilotsuz uçan aparatlar, kamikadze-dronlar cəlb edilib.

Gözlənildiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinin budəfəki təlimləri də düşmən tərəfdə rahatsızlıq yaradıb. Ancaq belə görünür ki, Ermənistanın 1 nömrəli müttəfiqi Rusiya da bununla bağlı qayğılanıb və öz satellitinin təlaşını azaltmaq və onu sakitləşdirmək üçün hərəkətə keçib. Belə ki, ordumuzun təlimlərinin davam etdiyi vaxtda Rusiya da Ermənistanda təlimlərə başlayıb.

Məlumatlara görə, Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə təlimlərə start verib (APA). Bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib. Hərbçilər həmçinin “Kamhud” və “Alagöz” dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər. Təlimlərə 500-dək hərbçi, 100-dən çox xüsusi hərbi texnika, o cümlədən, “Buk-M1-2", ”S-300B" zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından "MİQ-29" qırıcı təyyarələri, “Mi-24P” və “Mi-8MT” helikopterləri cəlb olunub.

Maraqlıdır ki, eyni vaxtda Rusiyanın Xəzər donanması Azərbaycanla sərhəddə artilleriya təlimlərinə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin Xəzər donanmasının dəniz piyadalarının artilleriya bölmələri Dağıstanın Adanak poliqonu və Skorpion taktiki meydanında döyüş atəşinin tətbiqi ilə batareya təlimləri keçirir. Təlimlərə 50-dən çox hərbi və xüsusi texnika cəlb edilib.

Cənub Hərbi Dairəsindən bildirilib ki, dəniz piyadaları şərti düşmənin dəniz desantının çıxarılmasının qarşısını alacaq müdafiəyönümlü tədbirlər reallaşdıracaq. Təlimlər zamanı müxtəlif çətinlik dərəcəsi olan 70-dən döyüş tapşırığı həyata keçirilməlidir.

***
Rusiyanın eyni vaxtda Azərbaycanın qərb (işğalçı Ermənistan) və şərq sərhədində - Xəzər hövzəsində hərbi təlimlərə başlaması, üstəlik, ordumuzun hərbi manevrləri fonunda buna start verməsi diqqət çəkməyə bilmir. Bəlkə də təsadüfdür, amma ən azı, bu manevrlər Azərbaycana qarşı “əzələ nümayişi” təəssüratı yaradır.

Xatırladaq ki, təcavüzkar Ermənistanın hava məkanını və Türkiyə və İranla sərhədini bu işğalçı ölkə formal müstəqillik qazanandan indiyədək Rusiya hərbçiləri qoruyur. Ötən il isə Rusiya ilə Ermənistan ortaq hərbi qruplaşma yaratmaq haqda anlaşma imzalayaraq təsdiq ediblər ki, bu da əksər ekspertlərə görə, Azərbaycana qarşı təhdid, onun əl-qolunu bağlamağa hesablanmış gedişdir. Düşmən ölkəyə “İsgəndər M” tipli operativ-taktik raket sistemlərinin ötürülməsi də öz yerində.

Yəni şimal qonşumuzun Ermənistanda və ya Ermənistanla birgə istənilən ortaq hərəkəti, təlimi, anlaşması əlbəttə ki, həm də Azərbaycanın maraqları əleyhinə yönəlib, nə vaxtsa Bakının öz ərazilərini güc yolu ilə azad etməsini əngəlləməyə, demək, Qarabağla bağlı status-kvonu və işğal rejimini uzatmağa hesablanıb. Rusiyanın erməni kökənli xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağda hərbi əməliyyatlar Azərbaycanın daxili işi deyil” məşhur bəyanatı bu qənaəti daha da gücləndirir.

***
Söz düşmüşkən, Azərbaycanın hərbi təlimlərinin davam etdiyi vaxtda Sergey Lavrovun və prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Moskvada erməni diasporunun lideri Ara Abramyanın yubiley tədbirinə qatılması, özü də Qarabağ separatçılarının lideri, “Kremlin tulası” ayaması daşıyan Bako Saakyanla birgə qatılması başqa maraqlı və ciddiyə alınmalı detaldır.

Azərbaycanı daima strateji tərəfdaş adlandıran Rusiya, beləcə, separatçıların liderinə nəinki öz qucağında geniş yer verir, üstəlik də öz baş diplomatını və prezident sözçüsünü onunla görüşə göndərir. Bu da Bakıya qarşı başqa bir özünəməxsus güc nümayişi deyilsə, görəsən, onda nədir? Biz hələ Azərbaycan ordusunun hərbi təlimlərə başladığı gün - aprelin 16-da “Rus NATO-su” sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına erməni generalın baş katib gətirilməsini demirik. Hər necə olmasa, Bakının götürəcəyi dərslər var... \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.