Qardaşının Ermənistanla əlaqələri qeydə alınan məmur danışdı
25-04-2017, 09:27
Elyar Muradov: “Qardaşım biznesmendir; alıb-satır...”
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesində olduqca ilginc bir detal üzə çıxıb.
Aprelin 18-də keçirilmiş iclasda təqsirləndirilən Füzuli Əliyev deyib ki, təmsil etdiyi qurumun əməkdaşları texniki vasitələrlə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma Departamentinin rəhbəri Elyar Muradovun qardaşının Ermənistanla əlaqələrini təsbit ediblər. Elman Muradov saxlanılıb və bundan sonra MTN-çilərə təzyiqlər başlanıb. E.Muradov sərbəst buraxılıb.
Məsələ ilə bağlı Elyar Muradovla əlaqə saxladıq.
E.Muradovun məsələyə münasibəti belə oldu: “Camaatın əlində tutduğunu sübut edə bilmirlər. İçəridə olan (Füzuli Əliyevi nəzərdə tutur E.M.), o ağzına gələni danışanın belə deyək ki, şərin, böhtanın yazırsız, amma həqiqəti qoymusuz qıraqda qalıb”.
Həqiqətin nədən ibarət olduğu isə E.Muradova görə belədir: “Mən o işdən kənar adamam. Məni o iş üzrə heç vaxt dindirməyiblər. Mənim o işə nə aidiyyətim var?! Qardaşımı çağırıb dindiriblər, ifadəsini alıblar. Yaxşı olar ki, məhkəmənin hökmü çıxsın”.
Qardaşına görə 100 min manat rüşvət verməsi iddiasına da Elyar Muradovun münasibətini öyrəndik.
“Onun (Füzuli Əliyevin-red.) gördüyü işlər var, əlində tutublar. Amma ona sübut edə bilmirlər. Uydurmadır dedikləri. Bizim adımızı niyə hallandırır? Bunu ondan soruşmaq lazımdır. Çox güman ki, ”yıxılan saman çöpünə əl atır" məsəlindəki kimidir. Başqa nə ola bilər. Qardaşım biznesmendir. Alıb-satır. Qardaşımın ermənilərlə əlaqələri olsaydı, onu buraxmazdılar ki..."
“Qardaşınızın 100 min manat rüşvətin qarşılığında azad edilməsi doğrudur” sualına E.Muradovun cavabı belədir: “O içəridədir, deyir də”.
F.Əliyevin məhkəmədə ifadəsində göstərdikləri belə idi.
Sitat:
“MTN-in texniki strukturları qeydə alıblar ki, Ermənistanın mobil operatorlarından birinin nömrəsindən Azərbaycanda olan, Türkiyə telefon nömrəsindən istifadə edən şəxsə mütəmadi zənglər daxil olub. Araşdırma nəticəsində məlum oldu ki, Türkiyə nömrəsinin istifadəçisi Azərbaycan vətəndaşı, ”Araz-Plast" şirkətinin direktoru Elman Muradovdur. O da məlum olub ki, erməni şəxslə dəfələrlə telefon danışıqları zamanı E.Muradov şərti sözlərdən istifadə etməklə, biznes əlaqələrini müzakirə edib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətində rəhbər vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşayiət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir. 1 may 2015-ci ildə mən Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və baş prokurorun birinci müavini Rüstəm Usubovla şəxsən danışmışam və zəruri köməklik göstərilməsini xahiş etmişəm. Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur. Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib. Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətirirəm, burada pis nə var ki? Lakin nazirlikdə dindirilən zaman Elman Muradov ermənilərlə hər hansı əlaqəsini inkar etdi. Bundan sonra bizə təzyiqlər başladı. Elman Muradov qardaşının köməyi ilə adını çəkmək istəmədiyim bir şəxsə 100 min manat rüşvət verərək, bu məsələnin ört-basdır edilməsinə nail olub. Rüşvəti alan həmin adamı bu məhkəmə zalında oturanların hamısı tanıyır, sadəcə olaraq, adını demək istəmirəm. İstintaq vaxtı müstəntiqə demişdim. Dedim, bacarırsan, get, tut o adamı. Mənə cavab verdi ki, elə adamların adını çəkmə burda. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, mallar Türkiyədə qeydə alınmış firmadan Ermənistana satıldığı üçün cinayət işi qaldırmaq mümkün deyildi. Bu səbəbdən işi Vergilər Nazirliyinə göndərdik ki, Azərbaycan şirkətinin istehsal etdiyi məhsulların da Ermənistana yol tapıb-tapmamasını yoxlasınlar. İndi istintaq bu adamın iddiası ilə bizi ittiham edir".musavat.com/