Bakı DYP-də region ayrı-seçkiliyi: «Bura sənin üçün Lənkəran deyil»
10-07-2015, 12:24
Fərhad Məmmədov adlı polis sürücü Samir Abbasovu saxlayaraq, onun Bakıdan olmamasını kinayə ilə qeyd edib
Azərbaycanda bəzi dövlət qurumlarının əməkdaşları ya yerlərini bilmirlər, ya da özlərini aparmağın qaydalarını. Amma son dövrlər daha bir narahatedici məqam ortaya çıxıb. Həmin məqam da bölgə ayrı-seçkiliyi ilə bağlıdır.
Bu gün JAM.AZ-a müraciət edən Samir Abbasov bildirir ki, dünən bu vəziyyətlə üzləşən biri də o olub. Onun sözlərinə görə, dünən günorta saatlarında Süleyman Rüstəm küçəsi ilə hərəkət edərək, Mərkəzi Bankın binasının yanından Füzuli küçəsinə dönmək istəyərkən, onu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Fərhad Məmmədov tərəfindən saxlanılıb. «Saxlanma səbəbini soruşdum. Cavab olaraq bildirdilər ki, guya, mən yolayırıcını gözləməmişəm. Halbuki orada kamera var və baxmaqla müəyyən etmək olar ki, dönməyim üçün heç bir maneə olmayıb».
Samir Abbasov qeyd edir ki, DYP əməkdaşı onun iradlarını nəzərə almadan, protokol tərtib edib. Üstəlik, sənədi imzalamaq üçün maşından düşməsini tələb edib. «Mən maşından düşmək üçün səbəb olmadığını, protokolu elə oturduğum yerdən də imzalaya biləcəyini söylədim. O isə mənə bildirdi ki, maşından düşməsəm protokolu özüylə aparacaq».
DYP əməkdaşının hərəkətlərindən narazı qalan sürücü 102 Xidmətinə zəng vuraraq, onlara şikayət edib. Amma polis əməkdaşının adını bilmədiyi üçün onu dəqiqləşdirmək məqsədiylə maşından aşağı düşməli olub. Elə ayrı-seçkilik də bu zaman məlum olub. «Mən maşından düşəndə gülə-gülə dedi ki, «bax, belə düşərsən». Ona maşından enməyimin səbəblərini söylədim və mənə bildirdi ki, ağıllı olum. «Bura sənin üçün Lənkəran deyil. Get, əlindən nə gəlirsə onu da et. Sən mənə heç nə edə bilməzsən» deyə vurğuladı. Doğrusu, «Bura sənin üçün Lənkəran deyil» sözü məni tutmuşdu. Məgər Lənkəran Azərbaycanın bir hissəsi deyil? Gəncə, Zaqatala, Lerik və ya Şuşa Azərbaycan ərazisi sayılmır ki? DYP işçisinin bölgələr arasında fərq qoyması heç bir qanuna və məntiqə sığmır. Belə polis işçiləri dövlətimizin və hüquq mühafizə orqanlarının adına xələl gətirirlər».
Samir Abbasov onu da vurğulayır ki, haqqında qeyri-qanuni protokol tərtib edilməsindən qətiyyən narahat deyil. «Haqlı və ya haqsız protokol tərtib olunub. Cəriməsini də gedib ödəmək mümkündür. Mənə təsir edən regionlar arasında bu qədər ayrı-seçkilik etməkdir. Qanun hər yerdə qanundur. İstər Lənkəranda olsun, istərsə də Bakıda. Fərhad Məmmədov kimi DYP işçiləri bu hərəkətləri ilə insanlar arasında nifaq toxumu səpir, regionçuluq hissi yaradır ki, bu da dövlətimiz üçün çox təhlükəli haldır. Mən DİN başçısı Ramil Usubova müraciət edərək xahiş edirəm ki, belə halların qarşısını almaq üçün addımlar atsın. Və ümid edirəm ki, insanlar arasında regionçuluq kimi təhlükəli və məkrli niyyətlərə xidmət edən fikirlər aşılayan Fərhad Məmmədov kimi adamlar Cənab Nazir tərəfindən cəzalandırılacaq».