ABŞ-dan Qarabağ çağırışı - Ağ Ev nə vaxt hərəkətə keçəcək?
15-08-2017, 11:03
Ermənistanın Kremldə hazırlanan NATO-ya inteqrasiya oyunu, yoxsa...; ekspert: “Moskvanın məqsədi bu oyunla Azərbaycanı daha çox özünə bağlamaqdır”
Sonaylar ərzində Rusiyanın forpostu olan Ermənistanın NATO hərbi təlimlərinə qatılmasının səbəbləri barədə uzun müzakirələr aparılsa da, İrəvanın bu “cəsarət”inin arxasında dayanan mətləblər hələ ki açıqlanmayıb. Bəzi ekspertlər bu situasiyanı Bakı-Moskva yaxınlaşması üçün ideal sayır. Hesab olunur ki, Azərbaycan Ermənistanın Qərbə meyllənməsi fonunda son zamanlar münasiblərində soyuqluq yaranmış Rusiya ilə daha yaxından əlaqələr qurmaq fürsəti əldə edə bilər.
Ötən həftə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Rusiyaya səfər etməsi və əməkdaşlıqla bağlı verdiyi açıqlamalar da təqdirlə qarşılanır. Nazir deyib ki, Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. “Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətlərində inkişaf edir - hərbi-texniki, hərbi təhsil, birgə təlimlər və məşqlər sahəsində. Hesab edirəm ki, perspektivlərimiz genişdir və biz gələcəkdə bu əməkdaşlığı genişləndirmək niyyətindəyik”, - deyə Z.Həsənov bildirib (APA).
Z.Həsənov Rusiya və Azərbaycanın Xəzər dənizində birgə təlimlər keçirdiyini də xatırladıb: “Bundan başqa, Azərbaycandan xeyli zabit və kursant Rusiyanın hərbi təhsil müəssisələrində təhsil alır. Azərbaycan ordusunun arsenalında xeyli Rusiya istehsalı olan texnika var”. Nazir Beynəlxalq Ordu Oyunlarının təşkilini yüksək qiymətləndirərək, dörd ölkənin Hərbi-Hava Qüvvələrinin iştirak etdiyi “Xəzər Kuboku”nun Azərbaycanda keçirildiyini xatırladıb.
Bəzi ekspertlər Bakı-Moskva yaxınlaşmasının və hərbi əməkdaşlığın davam etdirilməsinin Ermənistanda ciddi narahatlıq doğurdurğuna şübhə etmir. Mütəmadi təxribatları ilə Azərbaycan və Rusiyanın münasibətlərini pozmağa çalışan işğalçı ölkənin narahatlığı anlaşılandır. Düzdür, Rusiya üçün forpost Ermənistanın öz yeri var, çünki bölgədə ikinci belə oyuncaq ölkə tapmaq müşkül məsələdir. Lakin bölgədəki yerinə və roluna görə Azərbaycan Moskva üçün əvəzolunmaz qonşudur, bunu prezident Putin may ayında Azərbaycan prezidentinə yazdığı məktubda da qeyd etmişdi. Bununla belə, Ermənistanın cəsarət edib Rusiyanın iradəsindən kənar NATO təlimlərinə qatılması, Moskvadan üz çevirməsi inandırıcı görünmür. Xüsusilə də Ermənistanın Rusiyada keçirilən hərbi oyunlarda iştirak etməsi də İrəvanın məhz Kremlin sifarişi ilə ikibaşlı oyun oynadığını deməyə əsas verir.
Xatırladaq ki, Ermənistan iyul ayında Rumıniyada keçirilən NATO təlimlərinə qatılmışdı. Avqust ayında isə Gürcüstanda keçirilən NATO hərbi təlimlərində də ABŞ, Almaniya, Türkiyə, Ukrayna ilə yanaşı, Ermənistan hərbçiləri də iştirak etdi. Azərbaycan isə bu təlimlərin heç birinə qatılmayıb. Qeyd edək ki, Azərbaycan Qara dənizdə ABŞ və Ukraynanın ev sahibliyi etdiyi donanma təlimlərinə də qoşulmamışdı. Azərbaycanın təlimlərə qatılmamasının səbəbi rəsmən açıqlanmadığı kimi, Ermənistanın qəfildən NATO təlimlərində iştirakının səbəbləri də bəlli olmayıb. Düzdür, bəzi ekspertlər Azərbaycanın Gürcüstandakı “Layiqli Tərəfdaş-2017" təlimlərinə qatılmamasının səbəbini Ermənistanın iştirakı ilə izah edib. Lakin əvvəlki il hər iki ölkə heç bir insidentsiz NATO təlimlərinə qatılıb. Həmçinin Rusiyanın təşkil etdiyi hərbi oyunlarda hər iki ölkə iştirak edib. Belə yanaşma da var ki, Azərbaycan NATO təlimlərinə öz təşəbbüsü ilə getməyib. Ancaq onun yoxluğundan istifadə edən Ermənistan ”NATO-nun gözünə girməyə" çalışıb.
Diqqətçəkən odur ki, Gürcüstandakı təlimləri izləmək üçün Amerika ordusunun bir neçə generalı Gürcüstana gəlib. Hətta təlimlərin açılışında ABŞ vitse-prezidenti Maykl Pens də iştirak etmişdi. Özü də bu təlimlər Rusiyanın Ukrayna, Gürcüstan və Baltik ölkələrinə qarşı mümkün hərbi təhdidlərinə cavab olaraq təşkil edilmişdi və faktiki olaraq Moskvanın hərbi planlarına qarşı idi.
Rusiyaya qarşı NATO təlimlərində onun Cənubi Qafqazdakı forpostu Ermənistan da fəal iştirakı çox maraqlı və şübhəlidir. Üstəlik də Ermənistan son zamanlar NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirməyə yönəlik mövqe nümayiş etdirməyə başlayıb. Bütün bunlar isə Rusiya-Ermənistan birgə hərbi qüvvələrin yaradılması fonunda baş verir. Məhz belə bir situasiyada Azərbaycan müdafiə nazirinin Rusiya ilə əməkdaşlıqla bağlı mövqeyi maraq doğurur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, Ermənistanla Rusiyanın birgə oyunudur: “Moskvanın məqsədi bu oyunla Azərbaycanı daha çox özünə bağlamaqdır, yəni biz inanaq ki, Ermənistan Qərbə doğru can atdığından biz də bu durumdan istifadə edərək Rusiyaya meyl edək”. Hərbi kadrların hazırlanmasına gəldikdə, ekspert dedi ki, bu məsələdə ehtiyatlı davranmaq gərəkdir: “Rusiyada təhsil alanların bir qismi barədə cəmiyyətdə şübhələr var. Şübhələrin məğzi ondan ibarətdir ki, Rusiya hərbi kəşfiyyatı Rusiyada hərbi təhsil alan bütün millətlərin nümayəndələrini ələ almağa, onların bəzilərindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Rusiya kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatlarından biridir, SSRİ-nin bu istiqamətdəki ”ənənələrini" davam etdirir. Odur ki, bu amili də diqqətdən qaçırmamalıyıq. Məzunların sayı artdıqca onların hamısını yoxlamaq imkanı yoxdur. Biz müharibə vəziyyətində olan dövlətik. Son dərəcə ehtiyatlı olmalıyıq. Cəbhə bölgəsində bu illərdə düşmənə işləyən az hərbçi yaxalanmayıb".
***
Ermənistanın işğalçı siyasətinə qarşı birmənalı mövqe qoymaq istəməyən həmsədrlər isə hələ də ikibaşlı oyun oynayırlar.
“Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland “Azadlıq” radiosunun Azərbaycan və Ermənistan xidmətlərinə müsahibəsi zamanı deyib. O bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: “Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır”.
Səfir Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsiri məsələsinə də toxunub: “İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Bizim işimizdə bir-birimizlə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin biz işimizi davam etdirmək niyyətindəyik”.
Göründüyü kimi, növbəti dəfə Ermənistanın təcavüzkar siyasətinin davamına rəvac verən mövqe sərgilənir.
Qeyd edək ki, bu arada BMT Baş Assambleyası çərçivəsində tərəflərin bir araya gətiriləcəyi barədə xəbərlər intensiv şəkildə yayılır. İlk dəfə bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland demişdi. O bildirmişdi ki, Qarabağ konfliktinin tərəfləri bir-birinə inam yaratmaq üçün ciddi addımlar atmalıdır və bu istiqamətdə yaxın vaxtlar üçün müəyyən addımlar atılacaq. “Biz başa düşürük ki, tam olaraq demilitarizasiya indi çox çətindir, amma arzuolunandır. Amma, biz yeni hərbi toqquşmaların ehtimalını azaltmalıyıq. İlk növbədə təmas xəttindən snayperlər götürülməli, beynəlxalq nəzarətçilərin sayını artırmalı və izləyici cihazlar yerləşdirməliyik”.
Minsk Qrupunun üzvləri hesab edirlər ki, Azərbaycan və Ermənistan XİN başçılarının sentyabrda Nyu-Yorkda baş tutacaq görüşündən sonra prezidentlər səviyyəsində danışıqları təşkil etməyə nail olacaqlar. Həmsədrlər prezidentlərə təqdim etmək üçün problemi nizamlamaq üçün “hərtərəfli sənəd” hazırlayıblar.
Bu barədə danışan politoloq Elxan Şahinoğlu son zamanlar dezinformasiyaların da artmasına diqqət çəkdi: “Erməni separatçıları və onlara havadarlıq edən Minsk Qrupu vasitəçiləri hər yerdə belə xəbər yayırlar ki, guya Azərbaycan və Ermənistan prezidentləri BMT-nin sentyabr sessiyası zamanı Nyu-Yorkda görüşəcəklər. Birincisi, prezidentlərin Nyu-Yorkda görüşməsi üçün gərək hər ikisi BMT sessiyasına qatılsınlar. Buna böyük şübhəm var. Prezidentlər heç də hər il BMT sessiyalarının açılış mərasimlərinə qatılmırlar. İkincisi, Dağlıq Qarabağ danışıqlarında hansı irəriləyiş var ki, prezidentlər bu ”irəriləyişi" əllərində rəhbəri tutaraq görüşüb fikir mübadiləsi aparsınlar. Görüş xatirinə görüş ermənilərə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsınlar, ona görə də hər yerdə “prezidentlər görüşəcək” dezinformasiyasını yayırlar. Azərbaycana bu cür görüş imitasiyası heç lazım deyil, deyiləsi bütün sözlər deyilib, ortada da heç nə yox". Ekspertin qənaətincə, danışıqlar 10 il də davam etsə, münaqişənin həllində heç nə dəyişməyəcək: “Ona görə də işğalçıya təzyiqə davam! Uzaqbaşı xarici işlər nazirləri görüşüb yalandan vaxt öldürə bilərlər. Əslində heç bu da Azərbaycana lazım deyil. Rəsmi Bakı İrəvana ultimatum verməlidir ki, ”mərhələli həll" planını qəbul etməyənə və Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır olmayana qədər sizinlə bütün rəsmi danışıqlara moratorim qoyuruq!"
***
Bu arada yaxşı ki, vəziyyətin kifayət qədər təhlükəli olduğunu anlayan və beynəlxalq güclərə çağırış edən ekspertlər də var. ABŞ-ın “The Hill” nəşri Vaşinqtondakı Xarici Siyasət Şurasının baş elmi işçisi, Ordu Kollecinin professoru Stefan Blənkin məqaləsini dərc edib. Müəllif yazıb ki, Rusiya bu münaqişəni həll etməklə deyil, idarə etməklə məşğuldur. Stefan Blənk bildirir ki, Vaşinqton Minsk Qrupunu fəaliyyətsizliyinə dözmək əvəzinə Dağlıq Qarabağ məsələsində vasitəçiliyə başlamalıdır. Habelə ABŞ Azərbaycanın enerji resurslarının Avropaya nəqlinə birmənalı dəstəyini ifadə etməlidir.
Ağ Ev S.Blənkin çağırışına nə dərəcədə ciddi yanaşacaq, hələlik bunu demək çətindir.