Bu gün Qurban Bayramıdır –Kimlər qurban kəsməyə bilər?

1-09-2017, 05:28           
Bu gün Qurban Bayramıdır –Kimlər qurban kəsməyə bilər?
Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunacaq.

Bayramı namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Fətvada deyilir ki, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir.

"Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar", – deyə fətvada qeyd olunur.

APA TV-nin məlumatına görəsə, artıq hər yerdə qurban hazırlıqlarına başlanıb, qurbanlıq qoyunlar bazara çıxarılıb.

Lakin bu bayramın mahiyyəti, sadəcə, Allah yolunda qurban kəsmək deyil. Əsas mahiyyət ehtiyacı olan insanlarla paylaşmaq, onları sevindirməkdir.

Bəs Qurban kəsmək kimlər üçün vacibdir?

“O adamlar ki, qurban kəsməyə maddi durumu, imkanı, cürəti çatırsa, ən azı bir xırda buynuzlu heyvanı almağa lazım olan məbləği varsa və ailəsinin çətinliyi olmayacaqsa, bunu icra etməlidir”.

Borcu olan insanların qurban kəsmələri məsləhət görülmür: “O insanlar ki, maddi durumları aşağıdır, borcları var, daha yaxşı olar ki, borcu borcunu versin. Onların qurban kəsmələri məsləhət deyil”.

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullah deyir ki, heyvanların kəsilməsi sübhdən axşama qədər icra olunsa, yaxşıdır. Heyvanların gecə kəsilməsi və hətta heyvanların biri-birinin yanında kəsilməsi düzgün hesab edilmir.

[media=https://www.youtube.com/watch?v=1oVNL-JFhHI]
Kəsilən qurban üç hissəyə bölünməlidir. İncə məqamlardan biri də odur ki, müsəlman olmayan, ancaq yoxsul, imkanı olmayanlara da qurban əti verilə bilər. Bir neçə adam bir heyvan alıb şərikli də kəsə bilər: “Ən xırda iribuynuzlu heyvan, maddi imkanı varsa, iribuynuzlu heyvan da ala bilər. Dana, oküz, dəvə kəsə bilər. Bu heyvanların erkəyi kəsilməlidir. İribuynuzlu heyvanların kəsilməsinə 7 nəfər şərik ola bilər, amma xırdabuynuzlu heyvanı bir nəfər kəsməlidir”.

Qurbanlığın əsas mahiyyəti və fəlsəfəsi məhz insanların bir araya gəlməsi, paylaşması, bərabərlik nümayiş etdirməsidir. Qurban bayramında tək qurban əti paylamaqla məsələ bitmir. Həmin gün sevilən əməllərdən biri də qohumlara baş çəkmək, imkansızların qapısını döyüb hal-əhval tutmaqdır.

Allah kəsdiyiniz qurbanları qəbul etsin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.