Qadınların yumurtalıq hüceyrələrinin də kütləvi alveri başlandı - RƏZALƏT...
1-11-2017, 12:27
Hansı yolla olursa-olsun pul qazanmaq düşüncəsinin cəmiyyətdə kök salması çox qorxuludur…
Sosial şəbəkələrdə qazax qadınların yumurtalıq hüceyrələrinin alışı ilə bağlı reklam elanları yerləşdirilməyə başlanıb.
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Həmin elanlardan məlum olur ki, dünyada sağlam genli qadınların toxumları uğrunda əsl ov gedir. Qazax xanımlara gediş haqqının, bütün digər xərclərin və üstəlik, 2500 dollaradək qonorar ödənməsi şərti ilə Hindistan, Çin və Kambocaya gələrək öz toxumlarını satmaq təklif olunur. Donor qadınlar 18-29 yaşlı, model görünüşlü olmalı, fiziki və psixi xəstəlikləri və pis vərdişləri olmamalıdır. Çində gözəl bir xanımın yumurtalıq hüceyrəsi üçün 6 min dollaradək məbləğ təklif olunur.
Ancaq bu ticarətin bir əmması ondan ibarətdir ki, Çində yumurtalıq toxumlarının donorluğu qadağan edilir. Odur ki, bütün prosedurlar gizli klinikalarda icra olunur. Bununla belə, reklamlardakı məlumatlara görə, bu cür yolla pul qazanmaq istəyən qadınlar xeylidir. Hətta bəzi donorlar öz toxumlarını bir neçə dəfə satır.
Cənub-Şərqi Asiya ölkələrindən savayı, qazax qadınlar toxumlarını satmaq üçün Rusiyaya da gedirlər. Qazaxıstanın tanınmış reproduktoloq- eksperti Anastasiya Rıbina “Karavan” portalına açıqlamasında deyib ki, yumurta toxumları toplamaq proseduru elə də zərərsiz deyil. Bunun üçün qadın yumurtalığı deşilir və hüceyrə sorulur- aspirasiya edilir. Belə bir prosedur donorun sonrakı fəsadlardan qaçması üçün ilkin müayinə şərti ilə həyata keçirilməlidir. Əməliyyat anesteziya- narkoz altında aparılır. Belə əməliyyat sonradan donorda xərçəng və sonsuzluq riskini artırır. A.Rıbina, həmçinin, gizli klinikalarda yumurtaların təhlükəsiz toplanması üçün lazım olan bütün şəraitin olmamasından Çinə gedən qadınların ağır fəsadlara məruz qalmaq riskinin böyük olduğuna da diqqət çəkib.
Qadın toxumu alverinin yuxarıda göstərilən sırf tibbi problemlərlə yanaşı, etik, əxlaqi problemləri də var. Qazaxıstan Müsəlmanları İttifaqının rəhbəri Murat Telibəkov belə bir donorluğu mənəvi dəyərlərin erroziyasının göstəricisi kimi təqdim edib. Onun sözlərinə görə, bir çox gənc qadınlar puldan ötrü fahişəliyə də, bu cür donorluğa da hazırdırlar. Hansı yolla olur-olsun pul qazana bilmək əxlaqının cəmiyyətdə kök salmasının nəticələri müsəlman lideri qorxudur. O, Qazaxıstan cəmiyyətində gənc nəslin bir hissəsinin mənəvi cəhətdən tənəzzülə uğradığını və mənfəət, qazanc hərisliyi üçün xəyanətin ön planda olduğunu vurğulayıb. Müsəlman lideri müasir Qazaxıstan cəmiyyətinin mənəvi iqlimini dəhşətli hesab edir və onu dəyişdirmək üçün dərhal tədbirlər görməyə çağırır...
Xəbərdə Qazaxıstanda az öncə daha bir qalmaqalın da ortaya çıxdığı qeyd edilir. Ölkənin nikah agentliklərindən biri qazax qadınlara ailə qurulması məqsədi ilə Çinli zəngin vətəndaşlarla tanışlıq təklif edib. Qəzəblənmiş ictimaiyyətin bu barədə şərhləri o nəticəyə gətirib ki, bu qəbuledilməzdir və artıq Qazaxıstanda “sürünən” çinləşdirmə başlanıb... İndi isə Çinin Qazaxıstandan genetik materialları ixrac etməsi ilə bağlı yeni məlumatların, yəni qadın toxumlarının satışı haqda elanların da “həzm edilməsi” təklif olunur...
P.S. Heç bir müqəddəs dəyərlə hesablaşmayan müasir postmodern sivilizasiyanın bundan sonra hələ nələr icad edəcəyini düşünəndə adamın başına hava gəlir...