Genetik silah kimdə var - Rusiyada, yoxsa ABŞ-da...

2-11-2017, 10:32           
Genetik silah kimdə var - Rusiyada, yoxsa ABŞ-da...
Putin niyə “bizim bioloji material-yəni insanlarımızın genetik kodu, nümunələri kiminsə maraq dairəsindədir” deyib?

Heç kimə sirr deyil ki, ABŞ bioloqları neçə vaxtdır tam məxfi “bioloji, genetik silah” üzərində işləyirlər. Ötən günlər Rusiya prezidenti Vladimir Putin üstüörtülü şəkildə bu məsələyə toxunub. Prezident yanındakı İnsan Haqları Şurasında bu barədə belə deyib:

“Ortada daha ciddi mövzular var. Misal üçün, bioloji material mövzusu. Bizim bioloji material-yəni insanlarımızın genetik kodu, nümunələri kiminsə maraq dairəsindədir. Məlumatlar, nümunələr yığılıb ötürülür xaricə. Sual olunur-niyə? İşlə peşəkarlar məşğuldurlar. Vətəndaşlarımızın genetik analizi, deyəsən, kimlərisə möhkəmcə maraqlandırıb. Sakitcə yanaşaq bu mövzuya. Əsəbləşməyək. Qoy istədiklərini etsinlər. Səyləri cavabsız qalmayacaq”.

Qəribədir. İclasın uzun stenoqramını internetdə oxusanız bu hissəni tapmazsız. Niyə? “Niyə”si aydındır. Mövzu qapalı, vahiməli, qorxuludur. Ölkə əhalisi arasında həyəcan dalğası yarada bilər ən azı.

Həyəcan, əndişə boş yerdən doğmayıb. Misal üçün, ABŞ-dakı “Dövlət satınalmaları” saytında bu yay mövzu ilə səsləşən elan peyda olubdur. Orda deyilir: “Avropoid rusların genetik, bioloji materialları satın alınır. Qiymətlər razılaşma əsasında”.

Alqı-satqı prosesini Rusiya kəşfiyyatı dişinə vurub, deyəsən. Mövzu ətrafında araşdırma, necə deyərlər əməliyyat-axtarış tədbirlərini həyata keçirib. Nəticələr gedib çıxıb Putinin masa üzərinə. Ortada, deyəsən, ciddi ifşaedici məlumatlar mövcuddur.


***

2006-2009-cu illərdə, Azərbaycanda ABŞ səfiri işləmiş Elizabet Enn Ders ixtisasca diplomat olmayıb, biləsiniz. Mikrobioloq olub. Açın internet səhifələrindəki bioqrafiyasını, oxuyun yaxşı-yaxşı. Hə, görəcəksiz bu nazənin xanım nə elə-belə, sıradan bir diplomat deyilmiş Bakıda. Elə, mikrobioloq kimi də, belə deyək, “ələkçinin qıl verəni” olmayıb. Ağ Evin mümkün bakterioloji hücumlardan mühafizəsi vəzifəsi, bəli, bir vaxt məhz bu mikrobioloq xanıma tapşırılıb, biləsiniz. İcraçılığı, doğru -dürüstlüyü görünür o vaxtlar Ağ Ev tərəfindən müsbət qiymətləndirilib. Nəticədə Enn Dersə- Pentaqon Hərbi Kəşfiyyatının tam məxfi əməkdaşına təklif olunub ki, diplomat pərdəsi altında öz bioloji araşdırmalarını Azərbaycanda davam etdirsin.

Vətəndaşlarımızın genetik nümunələri, bioloji materialları bu vaxt Enn Ders tərəfindən satın alınıb, yaxud yox, bu barədə dəqiq bilgilərim yoxdur. Varsa, hə...düşünməyə dəyər bir az. Demək, Pentaqonun tam məxfi bioloji-genetik silahı Azərbaycan insanına qarşı da proqramlaşdırılıb.

Azərbaycanda indi fəaliyyəti yasaqlanmış “Açıq cəmiyyət” (Soros fondu) bəlkə də bu məxfi əməliyyatların iştirakçısı olubdur. Deyilənə görə, fondun əməkdaşları əyalətlərimizdə mövzu ilə əlaqəli tədqiqatlar, araşdırmalar aparıblar. Bioloji-genetik materialları bir yerə toplayıb ABŞ-a göndəriblər.

Yaxşı, bunu bildik. Buna necə deyərlər, bir “quş”. Bəs genetik silah nədir belə? Niyə bu silah barədə bütün söz-söhbətlər elə yarıdaca kəsilir öz-özünə. Kimsə bu mövzunu axıra aparıb çıxarammır?

DOSYE: Genetik silah. Bioloji silahın bir başqa, yaxın növüdür. Öz qurbanlarını irqi, milli, cinsi, genetik kodla axtarıb tapır. Tərkibi tam məxfidir. Təcrübələr, iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə silahın özü yaradılıb. İkinci mərhələdə, dərmanın öldürücü təsirini neytrallaşdıran zərdabın kəşfi gözlənilir. Bax bu ikinci mərhələ, istər Rusiyada, istər ABŞ-da hələ yarımçıqdır.

TARİX: ABŞ-da bu silahın yaranma tarixi kimi 2003-cü ilin oktyabrı göstərilir.

Vaxtilə Cənubi Afrikadakı irqçilər oxşar təcrübələri həyata keçiriblər. Ən yeni, ən müasir genetik silahı qaradərilər üzərində təcrübədən çıxarıblar. Cənubi Afrikada aparteid sona çatandan sonra bu təcrübələr kəsilmir. Sadəcə öz coğrafi ünvanını dəyişib köçür ABŞ-a. Təcrübələr, 2003-də yenidən intensivləşir.


2005-ci ildən sınaq meydançası bədbəxt Əfqanıstandır. Sözü verək burda dövrü mətbuata: “Üsamə bin Laden vaxtilə ABŞ-da təhsil alıb. Genetik kodu, DNK-sı o zamandan etibarlı əllərdədir. Xüsusi yetişdirilmiş bir virus, bu koda qarşıdır. Üsaməni harada oldu tapıb qətlə yetirəcək”.

***

İstefaya çıxmış FTX generalı Aleksandr Mixaylov mətbuat səhifələrində mövzuya şərh verib: “Ciddi mövzudur, məncə. Prezident, görünür bilir nə var, nə yox. Oxşar genetik təcrübələr faşist Almaniyasında da aparılırdı. Məqsəd, yeni insan modelini yaratmaq olub o vaxt. 1945-ci ildə araşdırmaların nəticələri qənimət kimi Moskva ilə Vaşinqton arasında bölüşdürülür. Uzun zaman istifadəsiz qalır ancaq. Fəqət, 1965-ci ildə, Ümumittifaq Pediatriya İnstitutunda xəstə uşaqlar arasında bu köhnə proqram yenidən canlandırılır. Genetik materialımız, yaxşı öyrənilib orda. Müvafiq genetik müdafiə sistemi, müxtəlif təyinatlı tam yeni dərmanlar hələ o vaxtlar çoxsaylı təcrübələrdən çıxarılıb. Yəni biz bu sahədə piyada deyilik. İxtiyarımızda ciddi cavab silahı mövcuddur. Prezident Putin, bilirsizmi niyə mövzuya belə sakit yanaşır? Səsi titrəmir bu zaman? Çünki...”



***

Çünki bəli, Rusiya çoxdan bu cür qarşıdurmaya hazırdır. Özü də bu silah öz kökü ilə tam rus silahı da deyil. Alman genetik silahıdır. 1945-də qənimət olaraq Moskvaya gətirilib. 500-ə qədər əlavə elmi proqramı özündə birləşdirən bu layihə üzərində çalışmalar son zamanlar həm Moskvada, həm Vaşinqtonda xeyli sürətlənib. Farmakoloji təcrübələr artıq sona çatır. Qalır bircə zərdabın hazırlanması.

***

Svetlana Savitskaya-N.İ. Vavilov adına Ümumi Genetika İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru isə hesab edir bütün bunlar boş söhbətlərdi: “Ruslar, xaricdə də, elə ABŞ-da da çoxdur. Təcrübələri elə orda həyata keçirmək daha sərfəlidir, nəinki burda. Bu, bir. İkincisi... genetik kod dünyada aşağı-yuxarı təxminən eynidir. Ruslar bu siyahıda istisna deyil. Yox...əgər istisnadırsa, demək biz həqiqətən seçilmiş millətik. Genetik kodumuz başqalarından çox fərqlidir.

Buna, deyəsən, bir amerikalılar inanır, bir də elə özümüz. Mən kimi alimləri xahiş edirəm bu siyahıya qatmayasınız".

RF prezidentinin mətbuat katibi Dmitri Peskov mövzuya öz şərhini verməyi unutmayıb. Deyib, mövzunu Vladimir Putin xüsusi xidmət əməkdaşlarından eşidib.

Rusiya mass-mediası, TV kanalları mövzunu əllərində bayraq edib girişiblər qızğın müzakirələrə. “Rossiya 1" telekanalının ”60 dəqiqə" verilişi dünən bu mövzuya həsr edilib. İştirakçılardan biri- RF Dövlət Dumasının “Təhlükəsizlik və müdafiə” komitəsinin sədr müavini Frans Kinseleviç deyib ki, vəziyyət ciddidir. Prezident elə belə, boş yerə bu mövzunu gündəmə gətirməzdi heç vaxt.

Torbada pişik var. Genetik silah pişiyi.

Silah hazırdır. Qalıb bircə zərdabın icadı.

Həmid HERİSÇİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.