İlham Əliyev – Xamanei görüşünün pərdə arxası: Dini lider “Şiə hilalı”, Azəbaycan siyasətinin çevikiyi, iqtisadi və mədəni əlaqələr
3-11-2017, 11:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə xalqlarımız arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Azərbaycan ilə İran arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Vurğulanıb ki, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar var.
Azərbaycanın rəsmi xəbər agentliyi iki liderin görüşü barədə bu qədər qısa məlumatla kifayətlə də, maraqlıdır ki, İran mətbuatı bu mövzuya daha geniş yer ayırıb.
Ovqat.com xəbər verir ki, İran mediasının bildirildiyinə görə, Xamanei Azərbaycanla İran arasında yaxın əlaqələrdən narahat olan xarici qüvvələrin araya nifaq salmaq fəaliyyətindən danışıb və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub. O deyib: “İran və Azərbaycan Respublikası arasındakı yaxın və qardaş münasibətləri gözü götürməyənlər var. Onların təhrikçi və təxribatçı hərəkətlərinə qarşı durmaq, daha güclü iradə və stimulla ölkələrimizin müxtəlif sferalarda əlaqələrini və əməkdaşlığını genişləndirmək lazımdır”.
Dini liderin fikrincə, Azərbaycan da İran və İraq kimi əhalisinin böyük əksəriyyəti Əhli-Beyt məktəbinin ardıcılı olmasıyla seçilir və dövlətlərarası qarşılıqlı münasibətlərdə bu məqam diqqətə alınmalıdır: “Azərbaycandakı bu faydalı imkanın, əhalinin keçirdiyi möhtəşəm əzadarlıq mərasimlərinin dəyərini bilmək lazımdır, çünki bu şeylər bir ölkə və xalq olaraq sizin kimliyinizi qüvvətləndirir”.
“Keçmiş Sovet hökumətinin Azərbaycanda marksizmi yaymaq, dini unutdurmaq üçün göstərdiyi böyük səylərin heç bir nəticə verməməyinin səbəbi xalqın güclü imanı olmuşdur” – deyən dini rəhbərin fikrincə, bu il məhərrəm ayında təşkil olunan möhtəşəm mərasim Azərbaycan xalqının sarsılmaz imanına nümunədir.
İran mediasının məlumatına görə, görüşdə İranda olarkən, özünü evdəki kimi hiss etdiyini bildirən cənab İlham Əliyev son illər iki ölkə arasındakı əməkdaşlığın diqqətəlayiq dərəcədə inkişafından danışıb: Prizdentin fikrincə, İranla olan münasibətlərimizdə tam qətiyyətliyik və heç kimin iki ölkə arasındakı əlaqələrə müdaxilə edib aramızı pozmasına imkan verilməyəcək.
Azərbaycan prezidenti iki ölkənin mədəniyyət, iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahəsindəki əməkdaşlığına nümunələr gətirərək, rəhbərlik etdiyi hökumətin Azərbaycanda məscidlərin tikintisinə diqqət və qayğı ilə yanaşdığını bildirdi. O həmçinin deyib: “Biz İranla mədəni və iqtisadi əməkdaşlığımızı möhkəmləndirməkdəyik və bu münasibətlərin ardıcıl və daimi olmasında əzmimiz ciddidir”.
İki ölkə liderinin mətbuatda əks olunan fikirlərinin təhlilindən görünür ki, İran qarşılıqlı münasibətlərdə daha çox dini-məzhəbi əlaqələrin möhkəmlədilməsinə, Azərbaycan isə iqtisadi əməkdaşlığa xüsusi diqqət ayırır. İranın ali dini rəhbərinin görüşdə bu il Azərbaycanda keçirilən məhərrəmlik əzadarlığını dilə gətirməsi də təsadüfi deyil. Bilindiyi kimi, rəsmi Bakı Yaxın Şərqdə güclənən konfliktlərin Azərbaycana sıçramasından ehtiyatlanaraq, məzhəbçi tədbir və mərasimlərin keçirilməsini nəzarət altına almağa, dindaxili ziddiyyətlər səviyyəsinə çatdırmamağa çalışır və əsasən, məhərrəmlik əzadarlığının müəyyən çərçivədə qalmasına xüsusi diqqət ayırır. Görünür, Xamanei də İranın rəsmi ideoloji əsaslarından biri olan bu mərasimlərdə məhdudlaşdırıcı tədbirlərdən narahatdır və görüşdə üstüörtülü şəkildə bunu dilə gətirib. Prezident İlham Əliyev isə diqqəti mədəniyyət, iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahələrə çəkərək, iki dövlət arasındakı münasibətlərin çərçivəsini diplomatik üslubla həmsöhbətinə çatdırıb. O, eyni zamanda Azərbaycanda yeni-yeni məscidlərin tikilməsini də Xamaneiyə xatırladaraq, rəsmi Bakının din siyasətinə yalnız bu qədər yer ayıra biləcəyinə eyham vurub.
Ayətullah Əli Xamanei bəzi xarici qüvvələrin Azərbaycan-İran münasibətlərini pisləşdirməyə çalışdığını ifadə edərkən, konkret ad çəkməsə belə, onun daşı əsasən 3 bostana atdığını güman etmək olar. Bunlardan biri İsrail, digərləri isə Səudiyyə Ərəbistanı və ABŞ-dır.
Qeyd edək ki, dini rəhbərin eyni gündə Rusiya prezidenti V. Putinlə keçirdiyi görüşdə də İsrail, ABŞ və Səudiyyə Ərəbistanının konkret adını çəkərək, onları ortaq düşmən adlandırıb və bu düşmənlərin həm Yaxın Şərqə və həm də Rusiyaya qarşı təxribatçı siyasət yürütdüklərini dilə gətirib. Xamaneinin fikrincə, Rusiya və İranın birgə əməkdaşlığı sayəsində ABŞ Yaxın Şərqdə məğlubiyyətə uğrayıb və bu münasibətləri daha da gücləndirmək lazımdır: “Bu əməkdaşlığın nəticələri göstərdi ki, Tehran və Moskva çətin meydanlarda müştərək hədəflərini reallaşdırmağa qadirdirlər. Terrorçuları himayə edən Amerika koalisiyasının Suriyada məğlubiyyətə uğraması inkarolunmaz bir reallıqdır, lakin onlar hələ də hansısa planlar cızmaqdadırlar. Buna görə də Suriya probleminin tam şəkildə həllini tapması üçün sıx əməkdaşlığın davam etdirilməsinə ehtiyac var”.
İranın dini rəhbərinin Putinə xüsusilə ABŞ və Səudiyyə Ərəbistanına qarşı Rusiya ilə birgə əməkdaşlıq təklif etməsi, təbii ki, səbəbsiz deyil. Son zamanlar Rusiyanın Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığını gücləndirməsi, hətta Tehrana çox gördüyü S-400 raketdənmüdafiə sistemlərini Riyada satması Xamaneinin naharatlığının ilk əsas səbəblərindəndir. Digər səbəb isə ABŞ administrasiyasının son zamanlar İrana qarşı ritorikasını sərtləşdirməsi və açıq şəkildə rəsmi Tehranı Yaxın Şərqdə “Şiə hilalı” strategiyasını həyata keçirdiyini və Vaşinqtonun nə yolla olursa olsun, bu yayılımçı siyasətin qarşısını alacağı bildirməsidir.
Xamaneinin İlham Əliyevlə görüşündə Azərbaycanın İran və İraqla eyni mədəniyyət dairəsinə girdiyini, hər 3 dövlətin Əhli-Beyt ardıcılı olduğunu xatırlatması da bu mənada təsadüfi deyil. Dini lider Azərbaycana sanki “Şiə hilalı”na daha aktiv daxl olmağı məsləhət görür. İlham Əliyev isə iki dövlət arasındakı əlaqələrini, yuxarıda da qeyd etdiyiniz kimi, əsasən mədəniyyət, iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahəsindək əməkdaşlıq çərçivəsində görür və İran dini rəhbərinə bunun açıq mesajını verib.