“Neft o ölkələrə fəlakət gətirir” - Prezident
8-11-2017, 18:59
Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik.
AzVision.az-ın xəbərinə görə, bunu Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir.
“İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaqdır. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək”.
Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır”.
“1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisə baş verib. Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi”-deyə prezident bildirib.
Prezident İlham Əliyev deyib ki, hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa edilir. “Şahdəniz-2” üçün bütün tikinti işləri Azərbaycanda icra olunub: “Azərbaycanın minlərlə, bəlkə də on minlərlə vətəndaşı bu işlərə cəlb edilmişdir. Dünyanın ən böyük neft-qaz terminalı – Səngəçal terminalı da bizim böyük sərvətimizdir. Neft əməliyyatlarının aparılması üçün bizim gəmiqayırma zavodumuzda istənilən növ gəmilər istehsal olunur. Onlardan biri, - bu nəhəng gəmiyə “Xankəndi” adını vermişik, - bu yaxınlarda istifadəyə verildi.
Bir sözlə, bu gün “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.