Ofşorlarda gizlinlər – böyük dövlətlərin korrupsiya ocaqları

9-11-2017, 10:20           
Ofşorlarda gizlinlər – böyük dövlətlərin korrupsiya ocaqları
Dünyaya səs salan jurnalist araşdırmaları “sahildən kənar” zonaların ləğvini gündəmə gətirib; ekspertlər bunun yaxın zamanda mümkün olmayacağını düşünür

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun yeni araşdırması bir daha dünyanın diqqətini ofşor ərazilərə yönəltdi. Xatırladaq ki, “Cənnət sənədləri” adlı bu dəfəki sənədlərdə Böyük Britaniya kraliçası, Kanadanın baş naziri Castin Trüdo, ABŞ prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxslər, Ukrayna prezidenti Petro Poroşenko, Almaniyanın sabiq kansleri Gerhard Şröder də daxil olmaqla, dünyanın 50 ölkəsində müxətlif vəzifələri tutmuş və tutmaqda davam edən 120 siyasətçinin ofşorlardakı vergidənyayınma əməlləri barədə məlumatlar açıqlanıb. Sənədlərdə həmçinin Nike, Apple, Deutsche Post, Siemens, Allianz, Bayer, Siemens, Deutsche Bank kimi dünya nəhəngi şirkətlərin də adları keçir.

“Cənnət sənədləri”ndə aşkar olunan maliyyə əməliyyatlarının həcmi 8 trilyon avroya yaxındır. Bu araşdırmalar ofşor ərazilərdəki vergi cənnəti yaradan rejimlər məsələsini yenidən aktuallaşdırmış oldu. Xatırladaq ki, Kanadanın baş naziri Castin Trüdo hələ “Panama sənədləri” açıqlananda ofşorların ləğvi məsələsini qaldırmışdı.

“Ofşor” sözünün mənası “sahildən kənar” deməkdir. Ofşor ərazilər - əsasən adalaryaradılır. Belə adalarda xüsusi vergi-gömrük-valyuta rejimləri tətbiq olunur. Bu sahələrdə edilən xüsusi güzəştlər belə adaları cəlbedici edir.

Ofşorun tarixini isə qədim Afina ilə bağlayırlar. Tarixi məlumatlara görə, Afina tacir gəmilərini cəlb etmək üçün vergi dərəcələrini 2 faizə endirib. Cəmi bir neçə ildən sonra bir çox yunan adaları tacirlərin “sevimlisi”nə çevrilib. Müasir tarixdə ofşor qaydalarını ilk tətbiq edən İsveçrə hesab olunur: güzəştli maliyyə-bank rejinlərinə görə. 1970-ci illərdə Böyük Britaniyanın iqtisadi müstəqillik verdiyi 19-dək ada mərkəz büdcədən kəsilən dotasiyanın yerini doldurmaq üçün İsveçrənin təcrübəsini daha da təkmilləşdirməklə tətbiq etməyə başladı. Ötən əsrin sonlarından isə bır sıra ərəb dövlətləri də ofşor ərazilər formalaşdırmağa başladılar. Beləliklə, fantastik məbləğdə vəsaitlərin dövr etdiyi “vergi cən nətləri” foralaşaraq, müasir dünyanın ciddi başağrısına çevriləcək qədər böyüdülər. Hazırda Atlantik okeanında yerləşən adalarda, bir neçə ərəb ölkəsində belə zonalar mövcuddur.

Onu da qeyd edək ki, Qərb zonalarından fərqli olaraq Ərəb ofşorlarında qapalılıq var. Belə ki, Qərb ofşorlarında iqtisadi məlumatlar - əraziyə maliyyə yatıran şirkətlərin və ayrı-ayrı şəxslərin, orada yaradılan şirkətlərin təsisçilərinin adları, maliyyə göstəriciləri əlçatan olur, ictimai açıq saxlanır. Ərəb ofşorlarında isə belə məlumatlar kommersiya sirri adı altında gizli saxlanılır.

Dünyaya səs salan jurnalist araşdırmaları ofşor ərazilər üçün nə vəd edir: onların ləğvi mümkündürmü? Bu baş verərsə hansı nəticələrə səbəb ola bilər?

Sualları cavablandıran iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, son illərdə offşorlarla bağlı qalmaqallı faktların çoxalması müşahidə olunur: “Ofşorlarda 2 cür fəaliyyətlər həyata keçirilir. Bir çox korrupsiyanın yüksək olduğu ölkələrdə məmurlar, elə biznesdə çalışan şəxslər də öz qeyri-qanuni gəlirlərini leqallaşdırmaq üçün ofşor ərazilərdə şirkətlər yaradırlar. Adətən qısamüddətli dövr üçün yaradılan bu şirkətlər vəsaitlər leqallaşdırılan kimi ləğv olunur. Amma bu ərazilərdə qanuni qazanılan pullarla da fəaliyyətlər həyata keçirilir. Məsələn, Avropa, Asiya və ABŞ-ın şirkətləri, varlı iş adamlarını ofşora cəlb edən əsas amil vergi rejimi olur. Onlar böyük məbləğdə əməliyyatlarını ofşorlardakı şirkətlər vasitəsilə həyata keçirirlər ki, vergini daha az ödəsinlər. Bu isə qanunsuzluq sayılmır”.

Bütün bunlara baxmayaraq, Q.İbadoğlu yaxınmüddətli dövrdə ofşor ərazilərdəki rejimlərin ləğvini gözləmir: “Ofşor zonalarda böyük şirkətlərin və böyük dövlətlərin maraqları olduğu üçün onların ləğvini real saymıram. Həm ”Panama sənədləri", həm də “Cənnət sənədləri” göstərir ki, həmin zonalar vasitəsilə çox nəhəng həcmdə pullar yuyulur, leqallaşdırılır. Bu baxımdan, ofşorların fəaliyyəti dünya üçün həm təhlükədir, həm də təhdiddir. Lakin yenə də ofşorların fəaliyyətini dayandıracağına inanmıram. Ofşor adaları əsasən Böyük Britaniya Krallığının idarəçiliyi altındadır. Qeyri-leqal fəaliyyətlərlə yanaşı, bu ərazilərdə leqal şəkildə bir çox böyük dövlətlərin, dövlət şirkətlərinin fəaliyyətləri var. O cümlədən Azərbaycan Dövlət Neft Fondunun da ofşorlarda sərmayələri var. Bu böyük dövriyyəyə və maliyyə axınına malik olan biznes məırkəzlərinin fəaliyyətinin qısa müddət ərzində dayandırılması mümkün deyil. Burada əsas məsələ qlobal maliyyə axınlarında şəffaflığın və hesabatlığın təmin olunmasıdır. Bunu təmin etmək üçünsə böyük dövlətlər, böyük şirkətlər səy göstərməlidir. Qlobal səviyyədə antikorrupsiya prosesləri başladılmalıdır. Bu təşəbbüslərdə Böyük Britaniya, ABŞ kimi dövlətlər iştirask etməli, böyük şirkətlər də dəstək verməlidir. Ofşorlarla bağlı yaxınmüddətli dövrdə məhz bu prosesləri gözlənilən hesab edirəm".

İqtisadçı-alimin fikrincə, yaxın müddətdə ofşorların ləğvi bütün dünyada çox ciddi problemlər yarada bilər: “Bu variantı təsəvvür etmək çətindir, onda maliyyə böhranı başlaya bilər, çünki həmin pullar ofşorlardan geri çəkilərsə yenidən yerləşdirmək üçün alternativ seçimlər o qədər də çox deyil.”

Politoloq Sülhəddin Əkbərin sözlərinə görə, ofşorların yaratdığı problemlər uzun müddətdir dünyanı narahat edir: “Bu məsələnin həm hüquqi, həm də siyasi-mənəvi tərəfləri var. Bir çox ölkələrdə vergidənyayınma, korrupsiya halları üzrə qaldırılan cinayət işlərinin təhqiqatı gedib ofşor şirkətlərə gedib çıxır. Bu faktların çoxalması həmin ölkələrin hüquq-mühafizə, vergi, gömrük və digər orqanlarını, həmçinin cəmiyyətlərini ciddi şəkildə narahat etməyə başlayıb. Çünki ofşorlarda yalnız dövlət-hökumət rəhbərlərinin, siyasi liderlərin deyil, böyük şirkətlərin, iş adamlarının, hətta dünyaca məşhur sənət adamlarının belə vergidən yayındığı üzə çıxır. Bu isə ayrı-ayrı ölkələrdə büdcəyə ödənişlərin azalması ilə nəticələnir. Bütün bunlar son zamanlar ən müxtəlif səviyyələrdə ofşorlar probleminin gündəmə gətirilməsi, onun həlli ilə bağlı çağırışların intensivləşməsini şərtləndirir”.

S.Əkbər hesab edir ki, ofşor rejimləri tədricən ləğv olunacaq: “Dünyada başladılan qlobal şəffaflaşma prosesləri ona aparır ki, zamanla ofşor ərazilər və ofşor şirkətlər ləğv olunsun. Bu, birdən-birə baş verəcək proses deyil. Çünki ofşorlarda fəaliyyəti olan siyasi rəhbərlərin, böyük şirkətlərin aşkar olmasa da, bu prosesə gizlin müqaviməti olacaq. Həmin müqavimətin keçilməsi üçünsə müəyyən zaman tələb olunur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.