Arif Hacılı, Corc Soros və 500 avro aylıq - İLGİNC
10-11-2017, 13:33
Müsavat sədrinin Almaniyaya səfərinin gizlinləri məlum olub.
AzNews.az xəbər verir ki, Müsavat partiyasının sədri Arif Hacılının bu ilin sentyabrında Almaniyaya səfərinin bəzi maraqlı təfərrüatları məlum olub.
Xatırladaq ki, A.Hacılı Qummersbax şəhərində fəaliyyət göstərən Fridrix Nauman Fondunun “Theodor-Heuss” Akademiyasında təşkil olunmuş beynəlxalq konfransda iştirak edib. Verilən məlumata əsasən, postsovet ölkələrindən siyasi və ictimai təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə “narıncı inqilablar”, “ərəb baharı” kimi adlandırılan siyasi proseslərin baş verdiyi ölkələrdə mövcud vəziyyət müzakirə olunub.
Maraqlıdır ki, A.Hacılı özünün facebook səhifəsində verdiyi açıqlamada tədbirin təşkilatçıları və maliyyə ayıran təşkilatlar arasında həm də Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun olduğunu göstərməyib. O, yaxın ətrafına Fridrix Nauman Fondunun rəhbəri Volfqanq Gerhardla sıx əlaqələr saxladığını və tədbir zamanı onunla təkbətək görüşdüyünü bildirsə də, bu barədə heç bir açıqlama verməyib.
Müsavat sədri həm də Köln şəhərində “Avropa Koordinasiya Mərkəzi”nin fəalları, o cümlədən qurumun sədri İlham Həsənlə görüşüb. Görüşün nəticəsi olaraq qərara alınıb ki, hazırda Müsavat partiyasında ciddi maliyyə böhranı olduğuna görə, AKM hər ay partiyaya 500 avro məbləğində yardım göstərəcək.
Məlumata görə, Müsavat sədri söhbətlər zamanı həm də AXCP-nin “bostanına daş atıb. O, deyib ki, AXCP-nin bəzi fəallarının həbsdə olması, partiyaya təzyiqlər göstərilməsi ilə bağlı Əli Kərimli və yaxın ətrafının gurultulu bəyanatları yanlış və bu partiyaya heç bir uğur gətirməyən taktikadır. Müsavatın başqa yol seçdiyini bildirən Hacılı, hazırda əsas diqqətin təşkilati məsələlərin həllinə yönəldildiyini iddia edib.