“Kapital Bank”la QHT rəhbəri arasında pul mübahisəsi – PROBLEM

7-08-2015, 16:40           
“Kapital Bank”la QHT rəhbəri arasında pul mübahisəsi – PROBLEM
““Kapital Bank” mənim hesabımdakı pulu almağa qoymur. Bunun səbəbini isə izah etmir”.

Bu şikayətlə “Benyəlxalq Dostluğun Gücü Klubu” İctimai Birliyinin sədri Solmaz Kazımova virtualaz.org saytının redaksiyasına müraciət edib.

Şiakyətçinin sözlərinə görə, adıçəkilən birlik 2006-cı ildən əvvəlcə QHT kimi, 2007-ci ildən sonra isə İctimai Birlik kimi qeydiyyatdan keçib və ABŞ-ın “Friendship Force İnternational” (FFİ) təşkilatının sertifikatını alaraq onun Bakı klubu statusunu qazanıb: “Biz sülh və dostluq münasibətlərinin möəhkəmləndirilməsi işi ilə məşğuluq və hər il ərzində 2-3 dəfə ölkəyə xaricdən gələn qonaqları qəbul edib onları Azərbaycanın tarixi, görməli yerləri ilə tanış edirik. Növbəti qonaqlarımız Braziliyadan gələcək 14 nəfərlik qrupdur. Onlar sentyabrın 1-13-də Azərbaycanda olacaqlar və artıq həm viza alıblar, həm də burada xərcləmək üçün bizim təşkilatın “Kapital Bank”dakı hesabına 16 800 dollar pul köçürüblər. Mən isə o pulu çıxarıb onların qalacağı otelləri tutmaq, rayonlara səfər üçün maşınların təşkili kimi işlərə xərcləməliyəm. Amma bank iki aydır o pulu mənə vermir”.

S.Kazımova vurğulayır ki, “Kapital Bank”ın Abşeron filialına bunun üçün dəfələrlə müraciət etsə də heç bir nəticə əldə edə bilməyib: “Banka təklif etdim ki, pulu geri göndərsinlər, onunla da razılaşmadılar, qeyd etdilər ki, əməliyyat apara bilməzlər. Amma bunu niyə etmədiklərini açıqlamırlar.

Biz fəaliyyətinə yeni başlayanda bura gələn qonaqlar ölkədə olarkən otel, gəzinti, yemək və s. şeylərə xərcləyəcəkləri pulu özləri ilə gətirirdilər. Ondan sonra təşkilatın Amerikadakı rəhbərliyi mənə müraciət etdi ki, sizdə niyə pul işləri nağd olur, bank hesabı yoxdur. Ondan sonra biz “Kapital Bank”da hesab açdıq. Vergi verilməsində də heç bir problem yaratmamışam, sadələşdirilmiş vergi verirəm. Sonuncu dəfə mayda Amerikanın Dallas şəhərindən qonaqlar gəlmişdi, fevralda pul götürdüm. Ondan öncə bir dəfə dekabrda ləngimə olmuşdu, amma 2-3 həftəyə problem həll olmuşdu”.

Şikayətçi vurğulayır ki, Bakıya gələcək braziliyalı qonaqlar 60-70 yaşlı adamlardır və hesaba göndərdikləri pula görə narahatdırlar.

Məsələyə aydınlıq gətirmək üçün “Kapital Bank”ın Abşeron filialı ilə əlaqə saxladıq.

Filialın əməkdaşı virtualaz.org saytına bildirdi ki, Solmaz Kazımovaya problemlə bağlı baş ofisdə izahat verilib: “Solmaz Kazımova özü baş ofislə danışıb. Orada ona məsələnin nə yerdə olduğu izah edilib. Mən neçə aydır Solmaz xanımı görməmişəm, o, baş ofislə əlaqə saxlayıb. Başqasının bank hesabı haqqında bundan artıq heç nə deyə bilmərəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.