Zakir Həsənov hədələdi Rusiyadan cavab gəldi: Rusiya Dağlıq Qarabağ barədə hər hansı öhdəliyə malik deyil, ancaq Ermənistanı qorumaq öhdəliyinə malikdir.

7-08-2015, 21:27           
Zakir Həsənov hədələdi Rusiyadan cavab gəldi: Rusiya Dağlıq Qarabağ barədə hər hansı öhdəliyə malik deyil, ancaq Ermənistanı qorumaq öhdəliyinə malikdir.
Azərbaycan müdafiə naziri Zakir Həsənovun ön xətdəki bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlamaq üçün keçirdiyi sonuncu təftiş zamanı verdiyi bəyanatlar Ermənistanda deyil, Rusiyada əks-səda doğurub.

Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan müdafiə nazirinin ordunun işğal altındakı torpaqları qaytarmağa hazır olduğu və vaxtın gəlib çatdığı barədə bəyanatına “Kommersant” qəzeti və “Kommersant FM” radiostansiyası xüsusi reportaj həsr edib. Orada general Həsənovun xəbərdarlığına Rusiya ekspertlərinin şərhlərinə yer verilir.

Moskva Dövlət Universitetinin Qafqaz araşdırmaları mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev deyir ki, Bakının doğrudan da güc yoluyla ərazilərini geri qaytarmağa imkanı var. Lakin müdafiə nazirinin bəyanatı təhdid yox, xəbərdarlıqdır. Xüsusən də Azərbaycanın münaqişəni dinc yolla həll etməyə çalışdığı nəzərə alınarsa.

“Bu gün Azərbaycan xalqı bu məsələni hərbi yolla həll etməyə qadirdir, ancaq münaqişənin dinc yolla həlli imkanları tükənməyib. Azərbaycan hələ 3-4 il əvvəl bu əraziləri hərbi yolla qaytarmağa hazır idi”- ekspert deyib.

“Polit.ru” portalının elmi redaktoru Boris Dolqin də hesab edir ki, rəsmi Bakı daha çox sülh variantına üstünlük verir. Eyni zamanda ictimai rəyi həmişə müharibə variantına hazırlayır ki, dövlət siyasətinin vektoru birdən dəyişsə xalq buna hazır olsun.

“Ermənistana baxanda Azərbaycanın hərbi təmaslar, hərbi yardım, təlim, silahların alınması məsələsində vəziyyəti sadədir. Yeri gəlmişkən Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir ki, bu da Azərbaycanı güclü şəkildə əsəbiləşdirir”- Dolqin deyib.

MDB ölkələr İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyevə görə isə erməni ordusu quruda Azərbaycan ordusundan geri qalmır. Ancaq Azərbaycan aviasiyada üstünlüyə malikdir. “Azərbaycan aviasiyası nəinki Qarabağda, eləcə də Ermənistanda yerləşən obyektlərə zərbələr endirməyə tamamilə qadirdir. Və əgər Azərbaycan təyyarələrinin bombaları Ermənistana düşməyə başlasa bu, Qarabağ münaqişəsindən daha ciddi müharibə olacaq”-Yevseyev deyir

Ekspertə görə, Qarabağda blitskriq mümkün deyil, hərbi əməliyyatlar başlasa üzücü xarakter alacaq. Ən böyük problem isə hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsi olacaq. Yevseyevə görə Rusiya Dağlıq Qarabağ barədə hər hansı öhdəliyə malik deyil, ancaq Ermənistanı qorumaq öhdəliyinə malikdir. Nəticədə hərbi əməliyyatlar Ermənistan ərazisinə keçsə Rusiya Gümrü bazası da daxil olmaqla öz hərbi qüvvələrindən istifadə edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.