Azərbaycan sərhədə ağır texnika yeritmək üçün strateji yol çəkir - Ermənistan mediası həyəcanla yazır...
14-08-2015, 13:03
Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti Azərbaycanın düşmən ölkə ilə sərhədə strateji əhəmiyyətli yeni yol çəkdiyi barədə yazır.
Virtualaz.org saytı xəbər verir ki, qəzetin yazdığına əsasən yol Ermənistanın Tavuş vilayətinin Voskevan, işğal altındakı Azərbaycan kəndi Bağanis Ayrım və Qazax rayonunun Quşçu kəndi yaxınlığından keçir.
“Belə mövqelər var ki, Azərbaycanın Aşağı Quçşçu kəndindən başlayan yol Azərbaycan silahlı qüvvələrinə Ermənistan-Gürcüstan trasının bir hissəsi olan İcevan-Noyemberyan şose yolunu atəşə tutmaq üçün ağır hərbi texnikanın daşınmasında istifadə olunacaq”- deyə qəzet yazır.
Ermənistanda bu təşvişin səbəbini başa düşmək çətin deyil. Məsələ ondadır ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin dövründə Azərbaycanın Ermənistanla Tovuz, Qazax və Gədəbəy rayonları istiqamətindəki sərhədindəki mövqeləri kifayət qədər möhkəmləndirilməmişdi.
Bəzi hallarda postlara ağır hərbi texnikanın, hətta avtomobil nəqliyyatının hərəkəti üçün yollar yox idi, blindajların çoxu torpaqdan idi və kifayət qədər möhkəmləndirilməmişdi, əsgərlər ərzağı, sursatı postlara çiyinlərində daşımalı olurdu.
Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra vəziyyət radikal şəkildə dəyişib. Qısa müddət ərzində Azərbaycan ordusunun Ermənistanla sərhəddəki mövqelərində beton və mişar daşından mühəndis-istehkam qurğuları tikilib, atəş nöqtələri möhkəmləndirilib.
Blindajlarda məişət şəraiti kökündən yaxşılaşıb, əsgərlərin ərzaq və içməli su təchizatı ən yüksək səviyyədə təmin olunur. Bütün zəruri yüklər avtomobil nəqliyyatı ilə daşınır. Bunun üçün döyüş postlarına yeni yollar çəkilir.
Görünür, Qazax rayonunun Ermənistanla sərhədindəki mövqelərə çəkilən yeni yol da Azərbaycan ordusunun ön xəttdəki mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş genişmiqyaslı tədbirlərdən biridir və bu yol erməniləri təşvişə salıb.
Doğrudan da Azərbaycan ordusunun sərhəddəki yüksəkliklərdə yerləşən postlarına çəkilən yollar mümkün hərbi əməliyyatlar zamanı ağır döyüş texnikasını qısa müddətdə ön xəttə çıxarmağa imkan verəcək.