Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatıb - FOTOLAR
15-08-2015, 21:07
Teref/info- Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, istiqamətində Səbail rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi və İstək liseyinin iştirakı ilə bu il artıq 10-cu dəfə təşkil olunan «Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır.
Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 200-dən çox nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən İstək liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu, ödənişçiz «Şahinlər» yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar düşərgədə təntənli bağlanış mərasimi keçirilmişdir.
Səbail rayon İcra Hakimiyyəti, Daxili Qoşunlar və İstək liseyi tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Daxili Qoşunların fəaliyyətinə, 10–cü dəfə təşkil olunan «Şahinlər» düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir.
İstirahətin sonuncu günündə ənənəyə uyğun olaraq düşərgədə istirahət edən uşaqlar, müəllimlər, Daxili Qoşunların hərbiçiləri, Bakıdan gəlmiş qonaqlar vida tonqalı ətrafına toplaşmış, burada yeniyetmələr öz məharətlərini ifa etdikləri mahnılar və rəqslərlə nümayiş etdirmiş, Daxili Qoşunların hərbi orkestri solistlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Daxili Qoşunların hərbi orkestrinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət himninin qonaqlar, şagirdlər və hərbiçilərin birgə ifası ilə başlanmışdır.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov qonaqlar, yeniyetmələr və hərbiçilər qarşısında çıxış edərək artıq Daxili Qoşunlarla 10-cu ildir ki, keçirilən birgə layihənin əhəmiyyətini vurğulamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.
Daxili Qoşunlar Baş İdarəsi Mənəvi-psixoloji Hazırlıq şöbəsinin rəisi, polkovnik Mətləb Qənbərov düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhundə tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirdi.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər.
Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmiş, böyük konsert proqramı təşkil olunmuşdur.
Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.