“Ölkədə iqtisadiyyatı hökumət yox, neft idarə edir” –Manatla bağlı ekspert rəyləri

1-01-2018, 12:03           

Azərbaycan Mərkəzi Bankı gələn il də nağdsız ödənişlərin genişləndirilməsini davam etdirəcək.

Mərkəzi Bankın yaydığı bəyanatda belə yazılır. Mərkəz Bank bəyan edib ki, balanslaşdırılan pul siyasətindən qaynaqlanan makroiqtisadi və maliyyə sabitliyini təmin etməkdən ötrü lazımlı dəstəyi təmin edəcək. Hökumətlə birgə pul siyasətinin strateji və əməliyyat çərçivəsini yaxşılaşdırmaq məqsədi ilə inflyasiyanın birrəqəmli həddi keçməməsini təmin etməyə çalışacaq.Mərkəzi Bank bu il də konservativ pul siyasətini davam etdirəcəyini qeyd edib. Eyni zamanda, inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

Mərkəzi Bank vurğulayıb ki, bu, adekvat monetar vəziyyətin formalaşmasını təmin edəcək. Bəyanatda həmçinin qeyd edilib ki, orta məzənnə 1 dollara 1,72 manat səviyyəsində proqnozlaşdırılır. Mərkəz Bank inflyasiyanın 6-8 faiz səviyyəsində qalmasına çalışacağını bildirib. Habelə, qurum bu il və ötən ildən fərqli olaraq ümumi daxili məhsulda (ÜDM) artıma ümid edir.

Ekspert dəyərləndirmələri…

İqtisadçı Rövşən Ağayev AzadliqRadiosuna deyib ki, neftin qiymətinin artması bu bəyanatda çox aydın şəkildə görünür və Mərkəzi Bankda bir arxayınçılıq var: "2016-2017-ci ildə tədiyyə balansında olan defisit görünmür. Bununla belə bank sərt pul-kredit siyasətindən geri çəkilmək niyyətinin olmadığını da vurğulayır. Deməli, növbəti il kreditləşmədə ciddi artım olmayacaq. Nəhayət, inflyasiyadan ehtiyatlanmaq Mərkəzi Bankın sərt pul-kredit siyasətini davam etdirəcəyini göstərir. Bu, o deməkdir ki, kreditləşmə artmırsa, 2018-ci ildə də iqtisadiyyatda canlanmanı gözləmək əbəsdir”.

Rövşən Ağayevin sözlərinə görə, Mərkəzi Bankın bəyanatından aydın olur ki, 2015-16-cı illərdə onun ehtiyatlarının azalması yalnız valyuta bazarına müdaxilələrlə bağlı olmayıb. Hökumət Mərkəzi Bankın ehtiyatlarından həm də xarici valyutada dövlət zəmanəti ilə kreditlərin də qaytarılmasında istifadə edib: “2018-ci ilin pul siyasətinin əsas istiqamətləri barədə bəyanatda belə bir cümlə var: "Mərkəzi Bankın valyuta ehtiyatları 32 faiz artaraq 11 ayın sonuna 5.2 mlrd. ABŞ dolları təşkil edib .Valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti ilə və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub".

“Azərbaycanda iqtisadiyyatı hökumət yox, neft idarə edir”

İqtisadçı deyib ki, Mərkəzi Bankın bəyanatında əsas vurğu bank sektorunda problemlərin həlli ilə bağlı yanaşmaya düşür: “Gələn il də bank sektoruna dəstək davam edəcək . Amma hökumətin son 3 ildə bank sektoruna dəstəyi Beynəlxalq Bankda korrupsiyanın qurbanı olmuş milyardlarla dollar ziyanın aradan qaldırılması və bu bankın xilas olmasından o tərəfə keçmədi. Nəticədə 15-ə yaxın bankın lisenziyası ləğv olundu”.

Rövşən Ağayev hesab edir ki, gələn il də sərt pul-kredit siyasəti davam etdiriləcəksə, kreditləşmə getməyəcəksə, bank sektorunda canlanmanın olacağı inandırıcı deyil: “Əslində, Mərkəzi Bankın bəyanatı sübut edir ki, Azərbaycanda iqtisadiyyatı hökumət yox, neft idarə edir. Neftin qiyməti yüksək olanda, Mərkəzi Bank arxayın bəyanatlar verir. Çünki manatın sabitliyini qorumaq asanlaşır, büdcəyə Dövlət Neft Fondundan transfertləri asan yönəltmək mümkün olur və neft şirkətləri vergi öhdəliklərini problemsiz ödəyir”.

“Bəyanat bankın hökumətdən asılılığını göstərir”

İqtisadçı-alim Nazim Bəydəmirli isə deyib ki, Mərkəzi Bankın bəyanatı real vəziyyətdən fərqlənir. Nazim Bəydəmirli 2015-ci ildə iki devalvasiya qərarını xatırladır. O, vurğulayıb ki, birinci, fevralın 21-də baş verən devalvasiya qərarından öncə tədiyyə balansına baxdıqda, heç də kəskin devalvasiyaya ehtiyac yox idi: “Çünki tədiyyə balansı müsbət idi, ölkəyə daxil olan valyuta 21 milyarddan çox olub, çıxan valyuta isə 8 milyard civarında idi. 2014-cü ilin yekunlarına görə, fərq böyükdür. O zaman da dediyimin üstündəyəm, Mərkəzi Bank mandatına uyğun hərəkət etmədi və hökumətin təsiri altında qərar verdi, müstəqil pul-kredit siyasəti yeritmədi. Bununla da, Azərbaycan iqtisadiyyatında zəncirvari proseslər başladı”.

Keçmiş deputat düşünür ki, Mərkəzi Bankın təmtəraqlı bəyanatı ölkədə olan real vəziyyəti adekvat qiymətləndirməkdən irəli gəlmir. Daha çox bankın hökumətdən asılılığını göstərir: "Mərkəzi Bankın bir neçə il əvvəl az qala 15 mlrd dollara yaxın ehtiyatı var idi, indi nə qədərdir? 5 mlrd dollar ətrafındadır. Bu qədər pul əgər manata çevrildisə, niyə real sektora, kommersiya banklarına bankın uçot dərəcəsi aşağı olan zaman ucuz resurslar verilmədi? Ona görə ki, yanlış olaraq guya uçot dərəcəsinin inflyasiyaya ciddi təsiri var deyə fikir formalaşıb. Başqa ölkələrin təcrübəsindən çıxış edərək eyni bank siyasətini bizdə də həyata keçirirlər. Ancaq anlamalıdırlar ki, o ölkələrdə bank sektorunun ÜDM-də nisbəti ən azı 80 faizdir. Biz də isə bu rəqəm 30 faizi keçməyən zaman belə uçot dərəcəsini 15 faizə qaldırıblar. Amma Milli Məclisin indiki tərkibinin bu məsələlərə ciddi korrekt etməyə nə peşəkarlığı, nə də vaxtı imkan verir. Ona görə də Mərkəzi Bankın hesabatları, bu bəyanat, eyni zamanda nümayəndələrin Milli Məclisdə çıxışları qulağa xoş gələn sözlərlə "bəzədilir".

Nazim Bəydəmirlinin sözlərinə görə, bəyanatda əsas nailiyyətlərdən biri kimi manatın məzənnəsinin sabit qalması göstərilir: “Amma manatın məzənnəsinin sabit qalması heç də iqtisadi proseslərlə bağlı deyil, məzənnə inzibati metodlarla müəyyən olunur. Məzənnənin sabit qalmasında yeganə rol neftin bahalaşması ilə bağlıdır".

İqtisadçı deyib ki, 2017-ci ilin noyabr tarixinə bankın pul bazasında 8 milyard 686 milyon manat olub. Hər ay ortalama 70-80 milyon manat civarında nağdsiz ödənişlər edilib. İqtisadçı vurğulayıb ki, ölkə üzrə nağdsiz ödənişlərin həcmi çox aşağıdır: "Bir çox ölkələrdə nağdsiz ödənişlər 90 faizi keçdiyi halda, Azərbaycanda illik 10 faizi belə keçmir. Son zamanlar bank böyük pul əskinaslarının buraxılması barədə mesajlar verirdi. Bu, "kölgə iqtisadiyyatının" həcminin artmasına, korrupsiyanın və inflyasiyanın böyüməsinə gətirir. Bununla, nağdsız ödənişlər artmır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.