Hacı İbrahim Nehrəmlinin son qalası da kərpic-kərpic sökülür... - Kütləvi istefalar...
6-02-2018, 11:06
Bakıda yerləşən “Avesta” konsernin işçilərinin çoxu istefa verib. Bu barədə AzEuroNews.com –a məlumat verən konsern işçilərinin sözlərinə görə, səbəb 6 aya yaxındır əmək haqlarını ala bilməmələridir. İşdən öz ərizələri ilə könüllü ayrılanlar bidiriblər ki, onlar “Xəzər adaları” projesində çalışıblar. Lakin, Hacı İbrahim Nehrəmli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Beynəlxalq bank işi”nə görə saxlanıldıqdan sonra “Xəzər adaları”nın tikintisi dayandırılıb: “Bildiyiniz kimi Hacı İbrahim müəllimin saxlanılmasından sonra “Xəzər adaları”na yatırım edən bütün sərmayədarları itirdik. Yerli və xarici hamısını itirdik. İşlər dayandı. Tikinti meydanındakı ofisi bağlayıb “Avesta”ya qayıtdıq. Burada çalışdıq ki, yenidən bu projeyə sərmayədar tapaq və işlərimiz qaydasına düşsün. Tapdıq da amma, nədənsə “Avesta” prezidenti Hacı İbrahim müəllim onlarla razılaşa bilmədi. Son 6 aya qədər biz işlərimizi davam etdirib, maaşımızı da alırdıq. Qəfil maaş verilmədi və bizə belə izah olundu ki, siz yaxın günlərdə yenidən “Xəzər adaları”na qayıdıb işə orada davam edəcəksiniz. O gündən az qala 6 aya yaxın bir müddət keçəmsinə baxmayraq “Xəzər adaları”nda bir mismar belə vurulmayıb. Özünüz gedib görsəniz tikinti meydanı Suriyanın bombardmana məruz qalmış şəhərini xatırladır. 2-3 binadan maket üzərindən ev alanlar var idi. Onlar da evi qaytarıb pullarını geri istəyiblər”.
“Avesta” işçilərinin sözlərinə görə, bütün bu olanlardan sonra işdən könüllü ayrılmaq məsburiyyətində qalıblar: “Bizdən sorna istefalar yenə olacaq. Çünki bu konsern batır. Dövlətdən lazımı dəstəyi ala bilməyən şirkət özü-özünü nə qədər saxlaya bilər? “Avesta” bütün layihələrdən uzaqlaşdırılıb. Hacı İbrahim müəllim bu il təzə başlayanda mətbuata açıqlamasında deyib ki, guya investorları təzədən bu projeyə cəlb edib və yaxın günlərdə işə qaldıqları yerdən başalayacaqlar. Hansı investoru cəlb etdi bizim xəbərimiz olmadı? Və ya hansı yerli və xarici sərmayədar adı “Beynəlxalq bank işi”ndə hallanan birinə pulunu etibar edə bilər?”.
Məlumat üçün qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikilməlidir (tikilərsə dünyanın ən hündür binası olacaq).
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.
Amma işlərin yarımçıq qalması layihənin gerçəkləşəcəyini şübhə altına alıb.
Mövzu ilə bağlı “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli ilə əlaqə yaratmaq cəhdimiz heç cürə alınmadı, onun da mövqeyini öyrənib dərc etməyə hazırıq…