MİS-lərin ləğvi ilə bağlı qərar niyə icra edilmir...
6-02-2018, 12:49
İllərdir ki, Mənzil İstismar Sahələrinin, yəni “JEK”lərin ləğvi gündəmdədir. Lakin hələ ə buna nail olmaq mümkün olmayıb. “JEK”lər əvvəlki qaydada fəaliyyət göstərir. Onlar yeganə qurumdur ki, qanunvericilikdə ləğvi nəzərdə tutulsa da, fəaliyyəti davam edir. Hələ də, sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər də yığırlar, arayışlar verirlər. Hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir. Belə ki, Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur.
Bu qurumların ləğvi və onların səlahiyyətlərinin başqa bir quruma verilməsi ilə bağlı isə Nazirlər Kabinetinin sərəncamına ehtiyac var.
İndiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS-lər izafi bir qurumdur. Hüquqi əsası olmadan hər hansı qurumun özbaşına fəaliyyət göstərməsi isə nonsensdir.
Bəs görəsən bu qurumları ləğv etmək niyə mümkün olmur?
Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələrinin, yəni “JEK”-lərin ləğv olunması ilə bağlı konkret məqamlar öz əksini tapır: “Yəni mənzil idarəetməsinin formaları və məzmunu da qeyd olunub. Bu məcəllədə “JEK”lərdən ümumiyyətlə söhbət getmir. Sadəcə son illərdə bu sahədə aparılan kommunal və iqtisadi siyasət onu göstərdi ki, “JEK”lərin fəaliyyətində maraqlı olan qruplar , qüvvələr var. Kənardan nə qədər sadə görünsə də, sözügedən qurumların fəaliyyətini dayandırmaq bir o qədər mürəkkəb məsələdir. Faktiki olaraq bu gün Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılması, mənzil idarəetməsinin formalarının təkmilləşdirilməsi istiqamətində müxtəlif pilot layihələr həyata keçirilir. Bu layihədə tərəflər hətta müvafiq yerli icra hakimiyyəti orqanları , o cümlədən hətta İqtisadiyyat Nazirliyi olsa belə, bu qurumlar da tam olaraq “JEK”lərin fəaliyyətini ləğv etmək iqtidarında deyillər. Hətta mən MMMC-lərin yaradılması ilə bağlı ərazidə iş apararkən bir neçə dəfə rast gəlmişəm ki, həmin ərazidə fəaliyyət göstərən MİS rəhbəri bizə qarşı kompaniya hazırlayırdı. Sakinləri, xüsusən qadınları bir yerə toplayıb bizim üstümüzə qaldırırdı ki, desinlər bu bizə lazım deyil, belə bir idarəetmə istəmirik, “JEK-lərdən razıyıq. Yəqin ki, yaxın 3-4 il ərzində JEK-lərin fəaliyyəti ləğv olunacaq. Çünki artıq bu qurumlar heç kimə lazım olmayacaq.”
Ekspertin sözlərinə görə, onların əvəzinə mənzil idarəetməsinin müxtəlif formaları tətbiq olunmalıdır: “Azərbaycanda artıq 100-ə yaxın Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaranıb və formalaşıb. Bu proses davam etdirilir. MMMC-lər sahə mülkiyyətçilərinin birgə yaratdığı kollegial qurumdur. O bilavasitə həmin binanın idarə edilməsinə xidmət göstərir. Burada artıq dövlət tərəfindən binanın saxlanılmasına, təmirinə və sairə vəsait ayrılmırsa, artıq həmin binanın saxlanılması bilavasitə mülkiyyətçilərin üzərinə düşür. Bunun digər formaları da var. Hər halda sakinlər birini seçə bilərlər. Ancaq “JEK”-lərin idarəetməsindən ümumiyyətlə söhbət getmir. Bu qurumlar tam olaraq formalaşdıqdan sonra “JEK”lər ləğv olunacaq, onlar hazırda ancaq arayış verən bir qurum kimi fəaliyyət göstərirlər. Vətəndaşlara yaşayış yerindən arayış və sair təqdim edirlər, bundan da vəsait əldə edirlər. Bu xidmətlər ehtiyac olmadıqda , yəqin ki “JEK”-lər də öz fəaliyyətlərini dayandırmağa məcbur olacaqlar”.