Rusiyadakı Azərbaycan düşmənləri, boş qalan səfir postu və...

20-02-2018, 09:39           
Rusiyadakı Azərbaycan düşmənləri, boş qalan səfir postu və...
Şimal qonşumuzdakı ermənilərin və ermənipərəst dairələrin seçkiöncəsi aktivliyi müşahidə olunur; ekspertlərimizdən maraqlı şərhlər

“Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana neqativ və bir çox hallarda isə aşırı aqressiv münasibətini Sergey Lavrovun personası ilə əlaqələndirirlər. Ola bilsin ki, bu məqam, daha dəqiq desək, Sergey Lavrovun etnik mənsubiyyəti Azərbaycanla bağlı hansısa məsələlərdə müəyyən rol oynayır”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a son zamanlar Rusiyada Azərbaycan əleyhinə başlanmış təbliğat kampaniyası, ölkəmizə düşmən kəsilmiş qüvvələrin yenidən aktivləşməsinin səbəbləri barədə danışarkən söylədi. Amma ekspert bildirdi ki, bu məsələdə bəziləri kimi özünə təsəlli vermək və Rusiya XİN-in Azərbaycana münasibətinin bütün məsuliyyətini Lavrovun etnik mənsubiyyətinin üzərinə yıxmaq niyyətində deyil: “Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında nazir müavinləri, departament rəhbərləri səviyyəsində çalışan erməni əsilli kimsə yoxdur. Ermənilər adətən belə qurumların təminat idarələrində çalışır və məmurların ürəyinə mədələrindən yol tapmağa cəhd göstərirlər. Bu onlarda yaxşı alınır. Lakin bütün bunların Rusiyanın dövlət maraqlarının həlledici istiqamətlərinə təsir göstərəcəyini düşünmürəm. Ermənilər Rusiyanın dövlət siyasətinin ayrı-ayrı istiqamətlərinə o zaman təsir göstərə bilirlər ki, bu, Kremlin özünə lazım olur. Bəzən ermənilərin Rusiyanın siyasətinə təsir göstərməsi şimal qonşumuzun Qoqolun ”Müfəttiş" əsərindəki personajlarından - Bobçinski və Dobçinskidən fərqlənməyən məmurlarının özləri və yaxın ətrafları tərəfindən daha çox şişirdilir. Bununla da onlar qarşı tərəfi, yəni Azərbaycanı qıcıqlandırmağa, daha çox şey əldə etməyə cəhd göstərirlər. Hesab etmirəm ki, Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçiləri Azərbaycana münasibətdə yalnız və yalnız subyektiv mülahizələrini əsas götürərək hərəkət edirlər. Subyektiv yanaşmalar da var, şübhəsiz, amma bəlli bir yerə qədər".


Qeyd edək ki, keçən ilin payızından etibarən Rusiyanın Azərbaycandakı səfirinin postu da boş qalıb və bəzi müşahidəçilər bunu Kremlin Bakıya təzyiqinin əlaməti sayırlar.

Politoloq Şahin Cəfərli isə qəzetimizə bildirdi ki, Azərbaycan-Rusiya münasibətlərində hər şeyin hamar getmədiyi ortadadır: “Düzdür, hər iki ölkənin siyasi rəhbərliyi problemlərdən danışmır, əksinə, əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayırlar. Amma səfir təyinatı ətrafında yaranmış müəmma göz qabağındadır. Hələ 2017-ci ilin iyulunda məlumat yayılmışdı ki, Rusiya Dövlət Dumasının müvafiq komitəsi Azərbaycandakı səfir vəzifəsinə XİN-in Kadrlar Departamentinin müdir müavini Georgi Zuyevin namizədliyini bəyənib. Bundan 4 ay sonra - noyabrın sonlarında biri qeyri-rəsmi, digər isə rəsmi olmaqla, iki önəmli hadisəyə dair xəbər öyrəndik. Birinci xəbərdə deyilirdi ki, Azərbaycan hökuməti G.Zuyevə aqreman verməyib, yəni onun ölkəmizdə səfir kimi fəaliyyətə başlamasına razı olmayıb. Maraqlıdır ki, eyni gün Rusiya prezidenti Vladimir Putin Azərbaycandakı səfir Vladimir Doroxinin geri çağırılması barədə fərman imzaladı. Düzdür, Rusiya tərəfi nazir Lavrov səviyyəsində rəsmi Bakının Zuyevə aqreman vermədiyi barədə məlumatları təkzib etdi, ümumiyyətlə, Zuyevin səfir vəzifəsinə namizədliyinin irəli sürülmədiyini bildirdi. Ancaq bu təkzib məncə, daha çox Rusiyanın böyük dövlət kimi öz imicini qorumaq istəyindən irəli gəlirdi, yəni ”Azərbaycan bizim göndərdiyimiz səfiri rədd edə bilməz" mənasında".


Lakin Ş.Cəfərlinin fikrincə, bu məsələdə problemin olması sirr deyil: “Doroxin noyabrın 27-də rəsmən geri çağırılsa da, onu kimin əvəzləyəcəyi hələ də müəyyənləşməyib. Müşahidələrimizə əsasən deyə bilərik ki, çox vaxt səlahiyyət müddəti bitən səfir vida görüşləri keçirməyə başlayan zaman artıq onun xələfi müəyyənləşmiş olur. Təbii ki, istisna hallar da var, amma məntiqlə Rusiya-Azərbaycan münasibətləri, bəyan edildiyi kimi, yüksək səviyyədədirsə, onda səfirin təyinatı bu qədər ləngiməməli idi. Ona görə də Azərbaycan hökumətinin Zuyevin təyinatına razılıq verməməsi barədə xəbərlər, məncə, boş iddia deyil və həqiqətə yaxındır”.

Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu günlərdə Rusiya XİN-in sözçüsünün fikirlərinə sərt münasibət bildirdi. Adətən Bakı şimal qonşusunun davranışlarına təmkinli reaksiya verdiyi halda, bu dəfə ənənəni pozdu. Buna isə Azərbaycan prezidentinin Azərbaycanın tarixi torpaqları İrəvan və Zəngəzurla bağlı tarixi həqiqətlərə istinad edən mövqeyinə Rusiya diplomatının anormal münasibət bildirməsi, faktiki olaraq erməniləri müdafiə etməsi səbəb oldu. “Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik”, - Azərbaycan XİN-in rəsmisi Hikmət Hacıyev bildirdi. Görünən budur ki, şimaldan müxtəlif səviyyələrdə təzyiqlər işə salınıb.

Politoloq Ş.Cəfərli də qeyd etdi ki, Azərbaycan dövlət başçısının məlum çıxışına reaksiyalar maraqlıdır: “Əvvəla, diqqəti cəlb edən məqam budur ki, bəyanat geniş əks-səda doğurdu. Bu, ilk baxışdan müsbət məqam kimi görünə bilər, lakin məsələ burasındadır ki, Bakıda İrəvanın tarixən Azərbaycana məxsusluğu barədə oxşar bəyanatlar əvvəllər də səslənib. Yəni ilk dəfə deyildi ki, Azərbaycan rəhbərliyinin dilindən bu cür mövqe ifadə olunurdu. Düşünürəm ki, bəyanat Rusiya mediasında məqsədli şəkildə bu cür qabardıldı. Mənə elə gəlir ki, bəzi dairələr bundan Azərbaycanın əleyhinə istifadə etməyə çalışırlar. Azərbaycan başqasının ərazi iddiaları əsasında işğala məruz qaldığı halda, Azərbaycanın özünü guya başqasına ərazi iddiası irəli sürən tərəf kimi göstərmək istəyirlər. Yəni haqlı ikən Azərbaycanı haqsız duruma salmaq niyyəti hiss olunur. Rusiya XİN-in sözçüsünün Azərbaycan dövlət başçısına cavab verməsi isə diplomatik etiket qaydalarına o qədər də uyğun deyildi”.

Ekspert bir daha qeyd etdi ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tutduğu mövqedən məmnun deyil: “Bu problemin nizamlanması çox uzansa da, əvvəl-axır həllini tapmalıdır. Moskva isə istəyir ki, bu həll onun prosesə faktiki liderlik etdiyi dövrdə, onun maraqları daha çox nəzərə alınmaqla baş versin. Çünki nizamlanma Moskvanın prosesə liderlik etdiyi dövrdə baş tutmasa, Qərbdən olan vasitəçilərin - ABŞ və Fransanın təşəbbüsü öz üzərinə götürməsi ehtimalı böyükdür. Onlar isə aydındır ki, Rusiyanın maraqlarını nəzərə alsalar belə, tam nəzərə alacaqlarını gözləmək sadəlövhlük olardı. Digər tərəfdən, münaqişənin bu dövrdə yoluna qoyulmaması Rusiyanın imicinə zərbədir və onun ciddi diplomatik uğursuzluğu kimi qiymətləndiriləcək. Hər iki münaqişə tərəfi, xüsusən də Ermənistan üzərində real təsir imkanlarına malik olan Rusiya öz sərhədlərindəki bu problemi də həll edə bilmirsə, onda hansı beynəlxalq problemi həll edəcək? Yəni bu, Rusiya üçün həm də imic məsələsidir. Hesab edirəm ki, Donbas münaqişəsinin həlli ətrafında baş verənlərin də Rusiyanın mövqeyinə müəyyən təsiri var. Nə vaxt baş verəcəyini deyə bilmərəm, amma Rusiya yaxın gələcəkdə Donbasda geri addım atmağa məcburdur və bunu Moskva özü də yaxşı başa düşür. Hazırda bütün Donbas ərazisinə, o cümlədən Ukrayna-Rusiya sərhəd xəttinin Kiyevin nəzarətindən çıxmış hissəsinə beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi ciddi müzakirə olunur. Moskva hələlik sərhədə sülhməramlıların gəlməsi təklifinə müqavimət göstərir, çünki bu halda onun Donbas separatçıları ilə birbaşa əlaqəsi kəsiləcək və münaqişə Ukraynanın xeyrinə həll olunacaq. Ukrayna istiqamətində ehtimal edilən bu uğursuzluğun müqabilində Rusiyaya başqa istiqamətdə diplomatik uğur lazımdır. Bu uğurun əldə edilə biləcəyi real istiqamətlərdən biri isə Ermənistan-Azərbaycan münaqişəsidir. Lakin Azərbaycan rəhbərliyinin hələ ki güzəştlərə getməməsi Moskvanın gözlədiyi bu uğurun gerçəkləşməsinə imkan vermir. Düşünürəm ki, bu səbəblə Rusiyanın Azərbaycana əlavə qıcığı yaranıb”.

E.PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.