Dağıstandan uzanan İŞİD-in qara əli - Şimaldan Azərbaycana təriqət təhlükəsi...
20-02-2018, 09:56
Elxan Şahinoğlu: “Bu terror şəbəkəsi taktikasını dəyişib”; Kənan Rövşənoğlu: “Rusiya Şimali Qafqazda hər hansı bir hadisənin baş verməsini istəmir”
Hadisə baş verdikdən bir neçə saat sonra İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə "Reuters" agentliyi xəbər yayıb. Lakin bildirilib ki, bununla belə, faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.
Son zamanlar müxtəlif ekspertlər tərəfindən İŞİD terror qruplaşmasının artıq tamamilə zəifləməsinə dair fikirlər söylənilir. Bildirilir ki, artıq İŞİD əvvəlki gücündə deyil və ömrünün sonlarını yaşayır. Lakin bütün bunlarla yanaşı, o da proqnozlaşdırılırdı ki, Suriya və İraqda sıxışdırılan İŞİD terrorçuları öz fəaliyyətlərinə fərqli formada, Avropa və Mərkəzi Asiya ölkələrində davam edəcəklər. Ötən günlərdə İranın keçmiş müdafiə naziri Əhməd Vahidi də söyləmişdi ki, Qərb İŞİD döyüşçülərini İraq və Suriyadan çıxararaq Əfqanıstan və Mərkəzi Asiyaya göndərir. O iddia etmişdi ki, Qərb İŞİD-in məğlub olmamasına çalışıb. Ancaq terrorçuların İraq və Suriyada məğlub olduqlarını görəndən sonra onları Əfqanıstan və Mərkəzi Asiyaya atmağa başlayıb.
Azərbaycanda uzun müddətdir ki, sabitlik qorunub saxlanılır. Lakin buna baxmayaraq, bəllidir ki, heç bir ölkə terrordan sığortalanmayıb. Dağıstanda baş verən bu terror hadisəsi Azərbaycana da yansıya bilərmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, təhlükə hər zaman var:
“Dağıstan bizimlə sərhəddə olan bölgədir. Ona görə də bu prosesləri diqqətdə saxlamalıyıq. Xüsusilə də nəzərə almaq lazımdır ki, şimal bölgələrimizdə yaşayan gənclər Dağıstanda əmək fəaliyyəti ilə məşğuldurlar. O da proseslərə müəyyən qədər təsir edir. Lakin ümumilikdə elə bir ciddi problemin olduğunu da düşünmürəm. Çünki Dağıstanda daha öncələr bundan da təhlükəli vəziyyətlər olub. Orada partlayışlar baş verib, yüzlərlə adamın qətliamı olub. İndi də belə bir hadisə yəqin ki, nəzarətdən kənarda baş verib. Putin ora yeni bir rəhbər təyin edib. Bu rəhbər də Daxili İşlər Nazirliyinin işçisidir və əraziyə nəzarət etməyə çalışır. Düşünürəm ki, müvafiq tədbirlər görüləndən sonra Dağıstan Çeçenistana oxşamağa başlaya bilər. Çeçenistanda iki müharibə, böyük terror hadisələri olsa da ora Dağıstandan daha sabit ölkəyə çevrilib”.
Seçkilər öncəsi Azərbaycana şimal qonşumuzdan gələn hər hansı bir təhlükəyə gəlincə isə politoloq bildirib ki, hazırkı siyasi proseslərə görə bu cür hadisənin baş verməsi gözlənilmir:
“Rusiyadan hansısa təhlükənin gəlməsini gözləmirəm. Çünki Azərbaycan Rusiya üçün elə bir problem də yaratmır. Biz nə Gürcüstan, nə də Ukrayna deyilik ki, Rusiya bizə qarşı təxribatlara başlasın. Sadəcə olaraq, təhlükə odur ki, əgər şimal bölgələrimizdə terrorçu qruplaşma varsa, əlaqələr yenidən bərpa oluna bilər. Təhlükə də bundadır. İŞİD da artıq taktikasını dəyişib. Bıçaqla da adamları öldürməyə çalışırlar. Adicə bir yük maşınını ələ keçirən İŞİD üzvü Fransada 100-dən çox adamı öldürmüşdü. Bu taktikadan yəqin ki, yenə də istifadə etməyə çalışacaqlar”.
“Yeni Müsavat”ın eksperti Kənan Rövşənoğlu hesab edir ki, Rusiya icazə verməsə, Azərbaycanın şimal bölgələrində hər hansı bir iğtişaş, terror hadisəsi baş verməz:
“Ruslar bunun qarşısını alarlar. Hazırda Rusiya da öz daxilində hər hansı bir münaqişənin baş verməsinə imkan verməz. Belə hal olsa, bunun qarşısını tez bir zamanda alar. Çünki hazırda Rusiyanın başı Ukrayna və xüsusilə də Suriyada qarışıb. Ona görə də Şimali Qafqazda hər hansı bir hadisənin baş verməsini Rusiya istəmir. Əksinə, bu hadisələr göstərir ki, ruslar ora kifayət qədər həssas yanaşırlar və istəyirlər ki, orada hansısa çalxalanma olmasın. Çünki Rusiyada da gələn aydan seçkilər keçiriləcək. Ona görə də Rusiya qəti şəkildə bilir ki, hansısa provokasiya olacaq. Əslində bu hadisələr bir növ provokasiya ocaqlarının qarşısını almaq məqsədi güdür. Dağıstan da radikal qruplar var. Yüz illərdir ki, orada həssas nöqtələr var və onlar da zaman-zaman baş qaldırırlar. İndi söyləmək olmaz ki, baş verən bu hadisə də provokasiyadır və Rusiyanın özündən, yaxud da xaricdən qaynaqlanır. Ancaq ehtimal var ki, Rusiyanı seçki öncəsi içəridən silkələməyə çalışacaqlar. Bu, bir növ qabaqlayıcı addım və ya əksi də ola bilər. İstənilən halda bu cür cəhdlər olacaq. Ancaq belə hadisələrin daha da böyüməsinə Rusiya imkan verməz. Çünki hazırda həssas məqamdır”.