“Erməni radiosu”nun təzə lətifələri - Qarabağa qanunsuz səfər edən fars şovinistindən ilginc davranış
22-02-2018, 12:00
Bu yaxınlarda Almaniyanın nüfuzlu “C.H.Beck Verlag” nəşriyyatında əslən iranlı Navid Kermaninin müəllifi olduğu kitab işıq üzü görüb. Kitab “Şərqi Avropadan İsfahanadək səngərlər boyunca səyahət” adlanır. Musavat.com xəbər verir ki, müəllif Azərbaycanın müvafiq qurumlarının icazəsi olmadan işğal edilmiş ərazilərimizə səfər edib və üstəlik, öz təəssüratlarını qərəzli bir şəkildə qələmə alıb.
Qeyd edək ki, əslində “İsfahandan Bonnadək irqçi qeydlər” adına daha çox uyğun olan bu kitab “Spiegel” mətbuat konserninin sifarişi ilə yazılıb. Maraqlıdır ki, kitabın ilk böyük təqdimatı 2018-ci il yanvarın 27-də Hamburqda Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin (?!) iştirakı ilə keçirilib.
Girişdəki məlumata əsasən, kitabın yazılmasında hədəf Şərqi Avropadakı etnik münaqişələr və müharibələrin adıçəkilən region ölkələrinin ictimai-siyasi həyatına, əhalisinə təsirinin ədəbi-bədii şəkildə təsvir eləmək olub. Kermani bu məqsədlə region ölkələrinə, o cümlədən Azərbaycana, Ermənistana və ölkəmizin işğal olunmuş ərazilərinə səfər edib və səyahət zamanı rastlaşdığı hallar, mənzərə və insanlar haqqında təəssüratlarını qələmə alıb. Lakin müəllif kitabda yalnız neytral təsvirlə kifayətlənməyib, özünün subyektiv və qərəzli baxışlarına da geniş yer verib.
Kermaninin qərəzli yanaşması özünü Azərbaycan və Ermənistana dair hissələrində qabarıq şəkildə büruzə verir. O, ölkəmiz də daxil olmaqla, bütün Qafqazın “tarixən İrana məxsusluğu, onun xalqlarının hələ də fars ədəbiyyatı və mədəniyyətinin təsiri altında qaldığı, hətta Səfəvilər dövlətinin fars dövləti olduğunu” iddia edib. Kitabda diqqəti cəlb edən əsas məqamlardan biri də müəllifin erməniləri müsbət, azərbaycanlıları isə mənfi obrazda təqdim etməsidir. Belə ki, Ermənistan və ermənilər “qədim mədəniyyətin daşıyıcısı”, “qədim xristian sivilizasiyasının beşiyi”, “türklərin soyqırımından hələ də qurtula bilməyən zavallı və köməksiz insanlar”, Azərbaycan və azərbaycanlılar isə “Ermənistana qarşı müharibə aparan, ”zavallı erməni xalqının qanına susamış icma" kimi təqdim edilir.
Kermani Azərbaycan və Ermənistana səfəri zamanı hər iki ölkənin paytaxtını və bölgələrini (Tərtər və Göygöl rayonları) alman oxucularına ədəbi-bədii şəkildə təsvir etməyə çalışaraq, burada da özünəməxsus qərəzliyə yol verib, Bakını “bayağı və ziddiyyətlərlə dolu”, Azərbaycanın regionlarını “sivilizasiyadan və inkişafdan kənar”, Ermənistanı və İrəvanı isə “Avropaya aid sivilizasiya”, “xoş əhval-ruhiyyə doğuran şəhər” kimi təqdim edir.
Müəllifin Azərbaycanda olduğu müddətdə seçdiyi müsahiblər də maraqlıdır - əməkdar rəssam, Almaniyada fərdi sərgisi keçirilmiş Şəbinə Şıxlinskaya, müxalif blogger və jurnalist Xədicə İsmayılova və bir də yazıçı Əkrəm Əylisli. Sonuncu iki şəxsin vətəndaşı sayıldıqları dövlət, onun tarixi və xalqı haqqında hansı “yüksək fikir”də olduğunu yəqin ki, xatırlatmağa lüzum yoxdur. Təsadüfi deyil ki, Kermani Əylislinin müəllifi olduğu “Daş yuxular” romanına istinadən azərbaycanlıları və türkləri barbarlıqda ittiham edir.
Bu harasıdır, iranlı müəllif öz subyektiv mülahizələrində qərəzin daha yuxarı həddinə qalxaraq, işğal altındakı Azərbaycan torpaqlarını oxuculara “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. O, erməni din xadiminə istinadən “Qarabağ xalqının Azərbaycanın əsarətindən müharibə yolu ilə azad olduğunu”, “Qarabağın xristian erməni xalqına mənsubluğunu”, buranın digər yerli əhalisi olan “kürdlərin” də Azərbaycanın “istilası altında” inildədiyini, “insanlıqdan kənar türklərlə (azərbaycanlılarla) birlikdə yaşamağın qeyri-mümkünlüyünü”, ümumiyyətlə, Azərbaycan adında ölkənin mövcud olmadığını" sübut eləməyə çalışıb.
Bu fikirlər yəqin ki, tanış gəlir. Düz 30 ildir erməni təbliğat maşını bu yalanları tirajlayır. Görünür, Kermani özünün əsl soykökünə sadiq qalaraq və əcdadlarının vətəninə yardım əlini uzatmaq üçün sovet lətiflərinin ünvanı olan “Erməni radiosu”nun yalan rekordunu kitab halına salıb bu yolla Avropa auditoriyasını çatdırmaq vəzifəsini icra edir.
Valideynlərinin də hər ikisi iranlı (fars) olan N. Kermani 1967-ci ildə Almaniyada doğulub. Atası Almaniyaya 1959-cu ildə gələn ilk mühacirlərdən olub. Həm Almaniya, həm də İran vətəndaşlığı var. Doğulduğu Zigen şəhəri protestant ənənələrinin güclü olduğu yer kimi tanınır. Protestant məktəbində təhsil alıb. Həkim atası isə Zigendəki Müqəddəs Məryəm katolik hospitalının həkimi olub. Fars əsilli K. Əmirpurla evlidir, iki qızı var. Şərqşünaslıq və fəlsəfə təhsili alıb, azad publisist və jurnalistdir, Almaniyanın ədəbi-bədii dairələrində özünün çoxsaylı kitabları ilə tanınır. 1996-cı ildən “Frankfurter Allgemeine Zeitung”un işçisi olub. 1998-ci ildə Bonnda şərqşünaslıq sahəsində doktorluq işini müdafiə edib. 2007-ci ildən Alman dili və Poeziyası Akademiyasının üzvüdür. 2010-cu ildə Hessen yaşılları tərəfindən federal parlamentə üzvlüyə namizəd göstərilmişdi.
Biblioqrafiyasına aid məlumatlarda onun oriyentalist olması xüsusi qabardılır. Görünür, biz də onu regionşünas-şərqşünas kimi deyil, məhz oriyentalist kimi qəbul etməyə məcburuq. “Eduard Səidin ”Oriyentalizm" əsərinin işıq üzü gördüyü 1976-cı ildən bəri “oriyentalist” termini Qərb müstəmləkəçiliyinin Şərqə qarşı alət kimi istifadə etdiyi müstəmləkə mütəxəssisləri barədə işlədilir. Oriyentalist baxış dedikdə ikiüzlü, ikili standartlardan çıxış etmək, bu və ya digər Şərq xalqı haqda bəhs edərkən aşağılayıcı leksikona üstünlük vermək başa düşülür.
E.Səidin fikrincə, “Orientalizm tamamilə siyasi bir doktrinadır”. Zaman ərzində Qərbin Şərq barədəki düşüncələri dəyişməyib, sadəcə, yeni forma alıb. Onun sözlərinə görə, “Oriyent (Məşriq-Şərq) barədəki Qərb fikirləri zamanla dəyişsə də, xarakter etibarilə sabit qalır”. Oriyentalizm Qərbin “yaratdığı Şərqdir”, reallığı əks etdirmir.
Ərəblər, türklər və azərbaycanlılar haqqında yazdıqları göstərir ki, Kermani XlX əsrin klassik oriyentalistikasının əsl mücəssəməsidir - qərəzli, avrosentrik, rasist, türkofob, “xristian dəyərlərinin aliliyi”nin təbliğatçısı... Ərəb və türk ölkələrinə münasibətdə işğalçılığa haqq qazandıran Kermani 2005-ci ildə İran ətrafında çevrə sıxlaşanda savaşın əleyhinə fəal çıxışlar edirdi. Halbuki, o, Səddam rejimini qəddarlıqda suçlayaraq İraqın işğalını alqışlayırdı, İranda islahatlara lüzum olmadığını əsaslandırmağa çalışırdı.
2009-cu ildə tanınmış türk alimi Fuad Sezgin İsrailin işğalçılıq siyasətinə etiraz əlaməti olaraq Solomon Korn mükafatından imtina etdikdən sonra bu mükafat da Kermaniyə verilmişdi. Amma 2 ay sonra mükafat geri alınmışdı. Səbəbəsə onun çarmıx mövzusunu sərbəst işləmiş zelandiyalı rəssamı tənqid etməsi olmuşdu.
Kermani “ərəb baharı” zamanı Liviya və Suriyanın işğalını dəstəkləyib. Multikulturalzimin əleyhinə davamlı çıxışları isə onun irqçi meylliyini göstərir. Kermaninin İŞİD əleyhinə çıxışları da İranın mövqeyi ilə uzlaşdırılır, yezidilər və Şərq xristianlarını soyqırımından qurtarmaq barədə çağırışlar edir. “İran, Rusiya, Türkiyə, Qərb dövlətləri və xalq yaraqlıları birgə hərəkət etməlidir”, - deyə yazır. Təəccüblü deyil ki, İŞİD-ə qarşı koalisiya yaranması və orda “Həşd-əş-Şəbi”nin (xalq yaraqlılarının) iştirakı məhz bu ssenari üzrə getmişdi.
Belə bir oriyentalistdən Azərbaycan barəsində obyektiv yazı gözləmək absurd olardı. İşə fars irqçilyi və Qərbin anti-Azərbaycan çevrələrinin sifarişi qarışdığından Kermaninin türkofobiyası daha da şiddətlənib. Maraqlıdır ki, adını çəkdiyimiz kitab haqda artıq “azərbaycansevərliyi” ilə ad qazanmış Avropa parlamentinin sabiq sədri Martin Şults da “resenziya” qaralayıb. Bundan əvvəl 2013-cü ildə Şults və Kermani “Sizin adınız” adlı birgə iş də ortaya çıxarmışdılar. Bir sözlə, Kermani Avropanın ən ardıcıl türkofoblarından olan Martin Şultsla sıx dostluq tellərilə bağlıdır.
1994-cü ildən Avropa parlamentinin deputatı olan Şults 17 yanvar 2012-ci ildən 17 yanvar 2017-ci ilədək Avropa parlamentinin sədri vəzifəsini tutub. Yeniyetməliyində alkoqolizmdən əziyyət çəkən, buna görə işdən qovulan Şults Avropa Parlamentində də avantürist fikirlər söyləmək, müxtəlif ölkələrin rəhbərləri haqqında sağlam məntiqə sığmayan bəyanatlar verməkdə davam edirdi. Bu baxımdan onun İtaliyanın keçmiş baş naziri S. Berluskoni haqqında dediklərini, İsrail parlamentindəki çıxışını və Böyük Britaniyanın Avropa İttifaqındakı rolu haqqında söylədiklərini xatırlatmaq olar. Bunlara görə Şults hətta nasizmin təbliğində günahlandırılmışdı. Azərbaycan və Türkiyə haqqında həqiqətə uyğun olmayan fikirlər söyləyən bu məmur islamofob mövqeyi ilə seçilir. 2014-cü il noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında, o, Leyla Yunusovanın hüquqlarının pozulması haqqında dolaşıq fikirlər söyləmişdi.
Xatırladaq ki, hazırkı xarici işlər naziri Ziqmar Qabriel 2017-ci il yanvarında federal kansler seçkiləri zamanı Şultsun xeyrinə namizədlikdən imtina etmişdi. Beləliklə, Kermaninin bir çox hallarda faşizm səviyyəsinə çatan antiərəb, antitürk və azərbaycanofob baxışlarını himayə edən əsas şəxsin kimliyi də bəllidir - Martin Şults.
İndi həmin Şults N.Kermani ilə birgə kitablar yazır, sonuncunu mənəvi avtoritet adlandırır, Hamburqda Marian Denhoff mükafatının təqdimatından xüsusi çıxış da edib. Mükafat Türkiyə əleyhinə yazılmış “Gerçəkliyin süqutu” kitabına görə verilmişdi və 30 min avro həcmində idi. Şults onu “İslam və xristianlıq arasında körpü qurucusu” adlandırır. Görünür, o körpü hansısa bizə tanış olmayan - azərbaycanlılarsız, türklərsiz, ərəblərsiz İslamdır...
“Yeni Müsavat”