Azərbaycan kriminal avtoritetlərin ekstradisiyasını nə üçün qəbul etmir? - EKSPERT ŞƏRHİ
22-02-2018, 22:46
Mahmud Hacıyev: “Rusiyanın sorğu göndərməsi düzgün deyil”
İlham İsmayıl: “Azərbaycan vətəndaşlarıdırsa, bizimkilər qəbul etməlidirlər”
Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.
“Kraym Taym” xəbər verib ki, təşkil olunan məkhəmədə avtoritet qardaşların Rusiya Federasiyası məhkəməsindən Azərbaycan məhkəməsinə ekstradisiyası müzakirə olunub. Məlumata görə, göndərilən sorğuya Azərbaycan tərəfi mənfi cavab verib. Belə ki, Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov məsələ ilə bağlı məhkəməyə ünvanlanan məktubda adıçəkilən şəxslərin oğru dünyası ilə sıx əlaqədə olduqlarını və buna görə də onların Azərbaycana ekstradisiyasının yolverilməz olduğunu bildiriblər.
Qeyd edək ki, Ruslan Nəzərli Kaluqa şəhər Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) və 163-cü yəni (quldurluq) maddəsi ilə təqsirli bilinərək, 10,5 il azadlıqdan məhrum edilib. Dadaş Nəzərliyə isə eyni maddələrlə 11,5 il cəza verilib.
“Bizim hüquq-mühafizə orqanları düzgün addım atıb”
İki azərbaycanlı avtoritetin Azərbaycana ekstradiyası üçün Rusiyanın Azərbaycana sorğu göndərməsi ilə bağlı keçmiş polis rəisi Mahmud Hacıyev Hurriyyet.org-a bildirdi ki, Rusiyanın Azərbaycana sorğu göndərməsini düzgün hesab etmir: “Rusiya necə sorğu göndərə bilər? Onun qanuni qaydası belədir: gərək, göndərdiyin ölkə onu tələb edə ki, göndərəsən. Həmin ölkə tələb etməlidir. Bunu mənə niyə göndərirsən? O vaxtı adamı ekstradisiya edirlər ki, cinayət burada baş versin və yaxud Rusiyada bir neçə cinayət etsin, axırıncını burada etsin. Onda müəyyən sənədlər toplanır, bura onu tələb edir. Hələ onda da Rusiya bir az nala-mıxa vurub göndərmək istəyir də, istəmir də. İstəyir ki, orada sübut etsin, ondan sonra, onun məsələsi həll olunur. Yoxsa ki, qarşı ölkə tələb etməmiş göndərməyi düzgün deyil. Yəni bu yanaşma düzgün deyil. Rusiya necə deyə bilər ki, məndə cinayət törədib “srok” çəkən dustaq var, onu sənə göndərirəm. Səndə cinayət törədib, cəzasını çəkir, qoy, çəksin də. Mənə niyə göndərirsən? Əlbəttə ki, bizim hüquq-mühafizə orqanları düzgün addım atıb. Mən tələb etməliyəm ki, sən də onu mənə verəsən. Mən istəməyə-istəməyə bir şeyi nətəhər mənə verirsən ki?! Bəlkə də heç sorğu göndərməyiblər. Ola bilsin ki, kütləvi informasiya vasitələrinə düzgün informasiya çatmayıb. O nəsə anlaşılmazdır. Rusiyanın sorğu göndərməsi düzgün deyil”.
“Heç bir dövlət avtoritetdən ehtiyat edə bilməz”
“Azərbaycan avtoritetlərdən ehtiyat edir ki, onlardan imtina edir” sualına M. Hacıyev belə cavab verdi: “Bu ehtiyat etmək demək deyil. Azərbayan niyə ehyiyat edir ki?! Heç bir dövlət avtoritetdən ehtiyat edə bilməz. Buna düzgün yanaşmaq lazımdır. Avtoritet kimdir ki, dövlət ondan ehtiyat eləsin. 4-5 avtoritet var, onlar nə edə bilərlər ki, dövlət ondan ehtiyat etsin”.
““Məhz oğru dünyasına mənsub olduqları üçün qəbul etmirik” hüquqi cəhətdən doğru deyil”
Keçmiş MTN zabiti İlham İsmayıl isə dedi ki, bəhanə həmin şəxslərin oğru dünyası ilə bağlı olmasıdırsa, o mümkün deyil: “Qanunda belə bir şey yaza bilməzlər. Azərbaycan vətəndaşdırlarsa(hər iki dövlət arasında əməkdaşlıq haqqında müqavilə var), ekstradisiyası edə bilərlər. Amma imtinanın səbəbləri aydın göstərilməlidir ki, niyə imtina edirik? Və o imtinada “oğru dunyasına mənsub olduqları üçün onları qəbul etmirik”, bu heç bir hüquqa sığışmır. Görunur, burada tamam başqa məsələlər var. Yenə deyirəm, “məhz oğru dünyasına mənsub olduqları üçün qəbul etmirik” hüquqi cəhətdən doğru deyil”.
“O imtinanın bir hüquqi dili olmalıdır”
“Ehtiyat edə bilərlər. Amma bunun o biri tərəfləri var. İki ölkə arasında ekstradisiya haqqında müqavilə var, bir-birilərinə dustaqları ekstradisya edirlər, sabahları Azərbaycan üçün lazım oldu geri göndərmək və Rusiya dedi ki, mən bunu sənə vermirəm, onda nə olacaqdır? Belə qarşı tərəfə ittihamlar ola bilər. Yəni o imtinanın bir hüquqi dili olmalıdır, yoxsa başqa cür mümkün deyil”, - keçmiş MTN zabiti vurğuladı.
“İki nəfər cinayətkardan dövlət bu qədər qorxur ki, gəlsə pis olacaq və yaxud nəsə olacaq?!”
İ.İsmayıl onu da nəzərə çatdırdı ki, bu cür imtina ekstradisiya haqqında müqaviləyə də ziddir: “Ekstradisiya haqqında müqavilənin bəndləri var. Yəni cinayət orada baş verib, orada tutulublar. Rusiya ekstradisiya edə də bilər, etməyə də. Özləri xahiş edirlərsə ki, bu adamları buradan göndərək, Azərbaycan vətəndaşlarıdırsa, bizimkilər qəbul etməlidirlər. Burada hansı təhlükədən danışmaq olar?! Yəni iki nəfər cinayətkardan dövlət bu qədər qorxur ki, gəlsə pis olacaq və yaxud nəsə olacaq?! Yenə deyirəm, məncə, bunun başqa bir hüquqi dili var, imtinanın səbəbləri başqadır”.
Şamo EMİN, Hurriyyet.org