Spiker:“Bu yaxınlarda böyük bir əfv sərəncamının olacağı gözlənilir”.

24-02-2018, 10:16           
Spiker:“Bu yaxınlarda böyük bir əfv sərəncamının olacağı gözlənilir”.
Parlament bir neçə qanuna əlavə və dəyişiklər etdi; Spiker Oqtay Əsədov və birinci vitse-spikerdən komitə sədri Ziyad Səmədzadənin təqdim etdiyi qanun layihələrinə iradlar

Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov bildirdi ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun 80 yaşı tamam olub. Spiker bu münasibətlə ölkə prezidenti İlham Əliyevin ağsaqqal deputatı Azərbaycanın ali ordeni ilə təltif etdiyini bildirdi.

Spiker dedi ki, dövlət başçısı F.Heydərovun əmək fəaliyyətini yüksək qiymətləndirib və həm Ağsaqqallar Şurasının sədri, həm də deputat kimi dövlətçiliyimizin inkişafında daim mühüm xidmətlər göstərdiyini nəzərə alaraq, onu “İstiqlal” ordeni ilə təltif edib. Spikerin təklifi ilə deputatlar alqışlarla F.Heydərovu təbrik etdilər.

Cari məsələlər ətrafında çıxış edən deputat Siyavuş Novruzov onun adından yanlış açıqlamanın yayıldığını bildirdi: “Mən bir daha bəyan edirəm ki, Azərbaycanda heç bir siyasi məhbus yoxdur”. Mətbuatda ona istinadən yanlış məlumatın getdiyinə diqqət çəkən S.Novruzov ardınca bunları bildirdi: “Azərbaycanda siyasi fəaliyyətinə görə həbsdə olan şəxs yoxdur. Bu və ya digər cinayətinə görə öz cəzasını çəkən insanlar var. Kim öz səhvini etiraf edirsə, islah olunursa, o, əfv olunur. Azərbaycanın dövlət siyasəti ən humanist siyasətdir”. S.Novruzov onu da dedi ki, ölkə prezidenti vəkillik fəaliyyəti ilə bağlı mühüm əhəmiyyətə malik sərəncam imzalayıb.

Spiker Oqtay Əsədov da dedi ki, mətbuatda bir çox məsələlər təhrif olunmuş şəkildə təqdim olunur.

Parlament sədri isə ölkə vətəndaşlarının ümidlə gözlədiyi hadisənin anonsunu verdi: “Bu yaxınlarda böyük bir əfv sərəncamının olacağı gözlənilir”.

Oqtay Əsədov qeyd etdi ki, əfv sərəncamını imzalamaq cənab prezidentin müstəsna hüququdur: “Amma Əfv Komissiyası gərgin işləyir”.


Deputat Fazil Mustafa prezidentin imzaladığı sərəncamlar barədə danışdı. O, xüsusilə də imzalanan sərəncamda imkansız vətəndaşların dövlət hesabına vəkillərlə təmin olunması, həmçinin vəkillərin ödəniş məbləğinin üç dəfə artırılmasını da təqdir etdi. Bununla yanaşı, F.Mustafa vəkilliyə qəbulda keçid balının 60 baldan 50 bala endirilməsini də vacib saydı: “Vəkillik bilavasitə təcrübə ilə bağlı fəaliyyət növüdür. 1800 adamdan əgər 600 nəfər keçirsə, bu, olduqca az adamdır”.

Deputat bir çox dövlət qurumlarına imtahan verəndən sonra müsahibə mərhələsinin tələb olunmasını isə düzgün saymadı: “Təsəvvür edin, 2 min vakant yer var, amma 1500 adam imtahan verib, orada da maaş yüksək deyil. Amma yenə də problemlər yaranır. Dövlət İmtahan Mərkəzinin nəticələri nəzərə alınmaqla birbaşa bu insanların işə götürülməsi təmin olunmalıdır”.

Deputat Qüdrət Həsənquliyev də prezidentin imzaladığı sərəncamı yüksək qiymətləndirdi. Eyni zamanda “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan danışan deputat vəkilik institutu ilə bağlı əlavə təkliflərini səsləndirdi: “Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil”.

Deputat qeyd etdi ki, Vəkillər Kollegiyasının yeni inzibati bina ilə təmin edilməsi haqda bir müddət əvvəl parlamentdə məsələ qaldırıb: “Ötən dəfə mən çıxışım zamanı xatırlatdım ki, cənab prezidentin sərəncamının olmasına baxmayaraq, Vəkillər Kollegiyası bina ilə təmin edilməyib. Ümid edirəm ki, bu sərəncamdan sonra müvafiq qurumlar Vəkillər Kollegiyasını yeni bina ilə təmin edəcək”.

Q.Həsənquliyev dedi ki, “Vəkillər haqqında” qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməlidir: “Eləcə də vəkillərin sübutlar toplaması üçün imkanları prokurorluq orqanları qədər artırılmalıdır. Fikrimcə, qısa müddətə Azərbaycanda vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır. Mən hüquqşünas olduğum üçün bu məsələyə hər zaman diqqət etmişəm. Hesab edirəm ki, prezidentin dünən imzaladığı sərəncam həm də bizim çıxışlarımıza verilən dəstəkdir”.

Deputat Fərəc Quliyev milli soyadlarla bağlı problemin qaldığına diqqət çəkdi. O, təklif etdi ki, 15 yaşı tamam olmuş vətəndaşlardan dövlət rüsumunun alınması ilə bağlı qəbul edilən qanunun tətbiqi zamanı soyadların məcburi qaydada milliləşdirilməsini də həyata keçirmək lazımdır. “İndidən bu prosesi başlasaq, qısa zamanda şəxsiyyət vəsiqələrində soyad sonluqlarının milliləşdirilməsinə nail ola bilərik”-deputat əlavə etdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik etməsindən danışdı və icranın gedişi ilə bağlı statistikadan bəhs etdi: “Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı. Həmin müddətdən məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur. Daha 5 min təqdimatın göndərilməsi nəzərdə tutulur. Ümumiləşdirəndə bu qanunun tətbiqi ilə bağlı 1500-ə yaxın şəxs həbsdən azad ediləcək, minlərlə məhkumun isə cəzaları yüngülləşdiriləcək”.

Komitə sədri dedi ki, bu qanunu Amnistiya qüvvəli qanun kimi də qəbul etmək olar. O, vəkilliyə qəbulda test imtahanı ilə bağlı dəyişikliklərə qarşı çıxdı: “Sonuncu test imtahanı göstərdi ki, üçdə bir hissə uğurlu nəticələr göstərib. Ancaq hələ test imtahanını vermək peşəkarlığın yeganə göstəricisi deyil”.

Komitə sədri də təsdiqlədi ki, soyadların illiləşdirilmsi ilə bağlı məsələ aktualdır: “Amma insanlar seçimində azad olmalıdırlar. Yeni nəsil soyadlarının sonları artıq millidir və seçim etmək imkanı var. Hazırda familiyanın milliləşdirilməsi proseduru ASAN Xidmət vasitəsilə çox asanlıqla həyata keçirilə bilir”.

Deputat Şahin İsmayılov bildirdi ki, Ermənistan məktəblərində Xocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır. Deputat konkret sitatlar gətirməklə yanaşı, qeyd etdi ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının bununla bağlı ortaya çıxardığı faktları çap etdirəcək.

Deputat Fərəc Quliyev Xocalı soyqırmını tanımaq üçün Milli Məclisin Hollandiyaya müraciət etməsini vacib saydı. Bildirdi ki, bu, saxta “erməni soyqırımı”nı qəbul edənlərə dərs olar.

Spiker Oqtay Əsədov bu mövzuda danışarkən dedi ki, hazırda Milli Məclisin bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir. Spikerin sözlərinə görə, yəqin ki, iclasdan sonra da bir neçə deputat Xocalı Soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda iştirak etmək üçün səfər edəcək: “Onu da qeyd edim ki, hazırda Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentində bəyanat hazırlanır. Milli Məclis bu istiqamətdə müəyyən addımlar atacaq”.

Milli Məclis Azərbaycan və Türkiyə hökumətləri arasında təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan sazişi də təsdiqlədi. Eyni zamanda “Patent haqqında”, “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” və digər qanun layihələrinə dəyişiklik etdi.

Daha sonra Milli Məclis yenidən işlənib hazırlanan “Standartlaşdırma haqqında” qanun layihəsini müzakirə edərək I oxunuşda təsdiqlədi. Layihəyə əsasən, bu qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. Qanun layihəsinə görə, dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək. Layihədə deyilir ki, dövlət standartları AZS nişanı ilə nişanlanacaq. Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.

Deputat Əflatun Amaşov milli standartlaşdırma qurumunun rəsmi internet saytında dövlət standartlarının layihələrinin ictimai müzakirəsinin 60 təqvim günü ərzində aparıldığı barədə müddəaya diqqət çəkdi: “Ümumən ictimai müzakirə çox önəmlidir. Bunun qanunda olması özlüyündə mütərəqqi mahiyyət kəsb edən yenilikdir. Ancaq düşünürəm ki, ictimai müzakirə varsa, ona qanunla önəm verilirsə, məsələ milli standartlaşdırma qurumunun rəsmi internet saytı ilə kifayətlənməməlidir. Bunun üçün müvafiq dövlət qurumu tərəfindən müəyyən tematik toplantıların, konfransların təşkili, sahəyə aid qeyri-hökumət təşkilatlarının, o cümlədən media orqanlarının bu sahədən yazan əməkdaşlarının, ayrı-ayrı ekspertlərin prosesə cəlb edilməsi daha effektiv nəticələr verə bilər. Əlbəttə, dövlət qurumu olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ictimai sektorla fəal münasibətlər saxlayır. Yadımdadır ki, bir neçə ay öncə qurum media nümayəndələri üçün müsabiqə də təşkil etmişdi və bu təşəbbüs çərçivəsində mövcud sahənin xüsusiyyətləri ayrı-ayrı jurnalist yazılarında cəmiyyətə kifayət qədər incəliklə açıqlanmışdı. Yəni dövlət komitəsinin bu kimi ictimai əhəmiyyət kəsb edən toplantılar təşkil etmək potensialı və təcrübəsi yetərincədir. Hesab edirəm ki, qanun layihəsində göstərilən ictimai müzakirə məsələsinə də bu kontekstdən yanaşılması vacibdir”.

Parlamentdə “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi müzakirə olundu. Ancaq sədarət qanun layihələrinə görə iradını da bildirdi.

Milli Məclisin sədri Oqtay Əsədov iki qanun layihəsinin bir-birindən asılı təqdim olunmasına etiraz etdi: “Qanun sərbəst işləməlidir. Bir-birindən asılı olmamalıdır. İkisi də vacibdir. Qanun layihələrini II oxunuşa elə hazırlayın ki, qanunvericlik səviyyəsində olsun. Bu qanunlar ayrılıqda işləyə bilsin, yaxud da birləşdirib bir qanun layihəsi halına salın”.

“Bu anlaşılmazlıq həll edilməsə ”Standartlaşdırma haqqında" qanunun layihəsinin tətbiqi şübhə altında olacaq". Bunu isə birinci vitse-spikeri Ziyafət Əsgərov dedi. O qeyd etdi ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var: “Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas anlayışlarda tətbiqi könüllü olan normativ sənəd kimi göstərilib. Qanunun 4.2.13-cü maddəsində isə standartların könüllü xarakter daşıdığı vurğulanır. 4.2.8-ci maddədə isə normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınması göstərilir. Bunu necə başa düşək? Mən xahiş edirəm ki, Ziyad Səmədzadə bununla bağlı izahat versin. Bu məsələ həll edilməsə qanun layihəsinin tətbiqi şübhə altında qalacaq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, müzakirə zamanı bəzi deputatlar müxtəlif təkliflər səsləndirir. “Mən qeyd etdim ki, qanun layihəsi birinci oxunuşda müzakirə edildiyi üçün təkliflər konseptual xarakterli olmalıdır. Ziyafət müəllim konseptual yanaşmanın necə olduğunu göstərdi”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirdi ki, Ziyafət Əsgərovun qaldırdığı məsələ komitənin müzakirəsi zamanı da səsləndirilib: “Qeyd edim ki, Ziyafət müəllimin bəhs etdiyi 4.2.8-ci maddədə də normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınmasının məcburi olduğu qeyd edilib”. Deputat əlavə etdi ki, qanun layihəsi dövlətin istehsalatı deyil, bazarı tənzimləməsini əsas götürür.

Bundan sonra hər iki qanun layihəsi birinci oxunuşda, konseptual olaraq qəbul edildi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.