“Vaşinqtonda da bilirlər ki, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyadan asılı deyil”
27-02-2018, 09:28
Politoloq: “Danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsindəki gərginlik azalmayacaq”
“Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının son qurultayında Dağlıq Qarabağ probleminin həlli haqqında da danışdı. Prezident həmin qurultayda belə bir fikir də işlətdi ki, azərbaycanlılar gələcəkdə İrəvana da qayıdacaqlar. Bu açıqlama Ermənistan rəsmilərinin qəzəbinə səbəb olub”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a Azərbaycan prezidentinin İrəvan xəbərdarlığından sonra işğalçı ölkədəki narahatlıqlardan bəhs edərkən söylədi. Ekspert düşmənin bu xəbərdarlığı başqa istiqamətə yozmasına da toxundu: “Ermənistan prezidenti və digər rəsmiləri İlham Əliyevin bu fikrini Azərbaycanın Ermənistan torpaqlarına iddiası kimi qiymətləndirdilər. Yəni guya rəsmi Bakı gələcəkdə Ermənistanın torpaqlarını işğal etmək istəyir. Bu doğru deyil. Çünki İlham Əliyev ona işarə edirdi ki, vaxtilə Ermənistan torpaqları Azərbaycana məxsus olub, həmin torpaqlarda azərbaycanlılar yaşayıblar və vaxt gələcək həmin azərbaycanlılar tarixi torpaqlarına geri qayıdacaqlar. Həqiqətən vaxtilə İrəvan xanlığı olub və orada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Daha sonra İrəvan xanlığına Osmanlı Türkiyəsindən ermənilər köçüb. İlham Əliyevin çıxışında ”biz Ermənistandakı torpaqları geri alacağıq" sözləri yox idi. Sadəcə, İlham Əliyev ona işarə edirdi ki, əgər Ermənistan Azərbaycan torpaqlarını işğal edibsə, Azərbaycan da eyni hərəkəti edə bilər. Bu, Azərbaycanla Ermənistan arasındakı psixoloji savaşın tərkib hissəsidir. Buna baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq aləmdə belə təbliğat aparmağa başladı ki, guya İlham Əliyev məhz Ermənistan torpaqlarının işğalını nəzərdə tutub".
Rusiyadan gələn anormal reaksiyaya və rəsmi Bakının sərt münasibətinə gəldikdə, E.Şahinoğlu qeyd etdi ki, Ermənistan hakimiyyəti və erməni lobbisi dezinformasiyalarını gücləndirdi və məsələyə ilk reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oldu: “Erməni jurnalistlərdən biri ona bu haqda sual verdikdə Mariya Zaxarova İlham Əliyevin çıxışındakı həmin sözləri tənqid etdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq Mariya Zaxarovaya cavab verdi. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi açıqlama yaydı. Həmin açıqlamada bu sözlər yer aldı: ”Biz münaqişə tərəflərini bu istiqamətdə məsuliyyətli fəaliyyət göstərməyə, xüsusilə vəziyyəti gərginləşdirə biləcək addımlar atmamağa çağırırıq". Əslində açıqlamadakı bu hissə də İlham Əliyevin İrəvanla bağlı sözlərinə işarə idi". Politoloq bu iki həmsədr ölkənin erməniləri himayə məzmunlu mövqeyinin ardınca Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən etdiyi xəbərdarlığa işğalçı ölkənin reaksiyasına da diqqət çəkdi: “Zakir Həsənov həmin görüşdə qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında müharibə hər an başlana bilər. Ermənistan hakimiyyəti və erməni lobbisi bu açıqlamadan da öz məqsədləri üçün istifadə etməyə çalışdı və məsələni belə qoydu ki, guya Azərbaycan müharibəyə başlamağı planlaşdırır. Bu, bir həqiqətdir ki, Dağlıq Qarabağ danışıqlarında irəliləyiş yoxdur. Danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsindəki gərginlik azalmayacaq. 2016-cı ilin aprelində də çoxları müharibə porqnozlaşdırmırdı. Ancaq kiçik atışma 4 günlük döyüşlərə səbəb oldu və hər iki tərəf itki verdi. Bu, istənilən an təkrarlana bilər. Zakir Həsənov bunu demək istəyib”.
Politoloq E.Şahinoğlu belə bir ərəfədə okeanın o tayından gələn xəbərdalığı da ciddi məsələ hesab edir: “ABŞ Dövlət Departamenti təsdiq edib ki, Rusiyanın hərbi-sənaye kompleksi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə hökumətləri xəbərdar etmək üçün xarici ölkələrdəki diplomatik missiyalara tapşırıqlar verilib. Amerikanın rəqiblərinə qarşı sanksiyalar yoluyla təsirlər göstərməsini nəzərdə tutan qanun (CAATSA) çərçivəsində tətbiq edilən sanksiyalar nəticəsində artıq Rusiyanın hərbi-sənaye kompleksi 3 milyard dollarlıq sövdələşmə itirib. Xaricdəki bütün Amerika diplomatik missiyalarına Rusiya ilə işgüzar münasibətlərin, ilk növbədə hərbi-sənaye kompleksi ilə tərəfdaşlığın məhdudlaşdırılması üçün səylər göstərmək tapşırığı verilib. Xatırladaq ki, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi öz saytında Rusiyanın hərbi-sənaye şirkətləri ilə sövdələşmələrə girən şirkətlərə və hökumətlərə qarşı sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq yerləşdirib. Dərhal Ermənistanda belə narahatlıq yaranıb ki, xəbərdarlıq İrəvana qarşı yönəlib. Çünki son illər Ermənistan güzəştli kredit hesabına Rusiyadan yeni silah və hərbi texnika almağa başlamışdı. Ermənistanın ABŞ-ın sanksiya tətbiqi ehtimalına cavabı belədir ki, ”ABŞ-ın sanksiya xəbərdarlığı yalnız Ermənistana edilməyib". Bu cümlədən iki nəticə çıxır: birincisi, İrəvan ABŞ-ın Ermənistana qarşı sanksiyasının real olduğunu etiraf edib. İkincisi, İrəvan Azərbaycana da işarə edir ki, Azərbaycan da Rusiyadan silah alır".
Ancaq E.Şahinoğlu xatırlatdı ki, ABŞ-ın sanksiyalarla bağlı çağırışlarında Azərbaycanın adı Ermənistandan az çəkilir: “Çünki Vaşinqtonda da bilirlər ki, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyadan asılı deyil. Rusiya Ermənistana silahı pulsuz və ya kreditlə verir, Azərbaycana isə silah və hərbi texnikanı satır. Bu, Amerika üçün də böyük fərqdir. Digər tərəfdən, Ermənistan yalnız Rusiya silahından və silah almaq üçün onun kreditlərindən asılıdır. Azərbaycanın isə başqa ölkələrdən də silah almaq imkanı var. Əlbəttə, Azərbaycan Rusiyadan silah almaqda davam edə bilər. Ancaq bunun təhlükəli olduğu aydınlaşsa, oxşar silahları başqa ölkələrdən, o cümlədən Rusiyanın müttəfiqi Belarusdan da ala bilər. Ermənistanın isə fərqli ölkələrdən silah almaq imkanı və maliyyə resursları yoxdur. Rəsmi Bakı gözləmə mövqeyində olacaq, Rusiyadan silah almaqdan dərhal imtina etməyəcək. Çünki bu halda Rusiya-Azərbaycan münasibətlərində gərginlik ola bilər. Azərbaycan Rusiyadan silah alan digər dövlətlərin mövqeyinə diqqət yetirəcək. Əgər həmin ölkələr Rusiyadan silah almaqda davam etsələr, Azərbaycan da Rusiyadan silah alacaq. Əksinə, müxtəlif dövlətlər Amerikanın sanksiyası təhlükəsi qarşısında Rusiyadan silah almağa fasilə versələr, Azərbaycan da Rusiya ilə yeni silah sazişləri imzalamayacaq”.