ATƏT missiyasının ilk seçki hesabatına reaksiyalar

7-03-2018, 09:53           
ATƏT missiyasının ilk seçki hesabatına reaksiyalar
Ekspert: “Hesabatdan görünür ki, seçki beynəlxalq aləm tərəfindən qeyri-legitim qiymətləndirilməyəcək”

ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosunun qiymətləndirmə missiyası 21-22 fevral Bakı səfərinin yekunlarını açıqlayıb. Səfər 11 aprel prezident seçkiləri ilə bağlı vəziyyətin öyrənilməsi ilə əlaqədar olub. “Turan”ın xəbərinə görə, 12 səhifəlik hesabatda ictimai-siyasi durum, qanunvericiliyin vəziyyəti, onun tətbiqi təhlil edilir. Həmçinin seçki qanunvericiliyinin bu və ya digər müddəalarının tətbiqi, dövlətin müxtəlif məsələlərə dair siyasəti ilə bağlı məlumatlar əksini tapıb. ATƏT DTİHB-nin əvvəlki hesabatları ilə müqayisələr aparılıb.

Hesabat hakimiyyət nümayəndələri, parlament üzvləri, siyasi partiyalar, vətəndaş cəmiyyəti və mətbuat təmsilçiləri ilə görüşlər və danışıqların əsasında yazılıb. Hesabatın rəy və tövsiyələr bölməsində deyilir ki, missiya həmsöhbətlərinin əksəriyyəti DTİHB-nin qarşıdakı seçkilərlə bağlı monitorinqinin önəmli olduğunu qeyd ediblər. Dövlət müəssisələrinin nümayəndələri bildiriblər ki, seçki prosesi şəffaf və beynəlxalq demokratik seçki standartlarına uyğun keçiriləcək. Onlar ATƏT DTİHB-nin müşahidələrini və seçki prosesinin yaxşılaşdırılmasına dair istənilən potensial tövsiyələrini alqışlayıblar.

Hesabatda DTİHB hesab edir ki, seçki qanunvericiliyinin reallaşması, seçki administrasiyasının effektivliyi və qərəzsizliyi, seçki kampaniyasının keçirilməsi, əsas azadlıqlara əməl olunması, seçkilərin KİV-də işıqlandırılması, səslərin hesablanması da daxil olmaqla, seçki prosedurunun idarə edilməsi kimi məsələlərə xüsusi diqqət yetirmək lazımdır. DTİHB seçkiləri müşahidə etmək üçün missiya göndərilməsini tövsiyə edib. DTİHB əsas ekspertlər qrupuna əlavə olaraq ATƏT ölkələrindən 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi istəyəcək. Onlar ölkə boyunca seçki prosesini və seçkilərin özünü müşahidə edəcəklər.

Bəs ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qiymətləndirmə missiyasının açıqladığı ilkin hesabat və seçkiyə müşahidə missiyası göndərilməsi 11 aprel prezident seçkisinə bu qurumun necə qiymət verəcəyi ehtimalını yaradır?


“Cəbhəçilər” təşəbbüs qrupunun prezidentliyə namizədi Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, ATƏT DTİHB seçkiləri hər zaman müşahidə edib və hesabatı da birmənalı olaraq geniş ictimaiyyət tərəfindən qəbul edilib: “Ümid edirəm ki, onların müşahidəçiliyi normal, azad və şəffaf seçkilərin keçirilməsinə töhfə verəcək. Mən təbii ki, ATƏT-in müşahidə missiyasından yüz faiz Avropa standartlarına cavab verən seçki keçirildi kimi bəyanat da gözləmirəm. Hələ ki bizə qarşı ciddi yadda qalacaq pozuntular olmayıb, İnşallah da namizədliyin qeydə alınmasında da problem olmaz. Təbliğat və təşviqat kampaniyası zamanı ayrı-seçkilik olacaqsa, buna qarşı da barışmaz mövqe ortaya qoyacaq və var gücümüzlə qarşısını almağa çalışacağıq və bu barədə müşahidə missiyası da, hər halda, məlumatlı olacaq”.

Prezidentliyə namizədliyini irəli sürən AG Partiyanın namizədi Tural Abbaslı isə bildirdi ki, ATƏT DTİHB-nin seçkiyə dair ilkin hesabatı artıq seçkidən sonra verəcəkləri bəyanatın anonsudur: “Hesabatdan görünür ki, bəzi boykotçuların dediyi kimi, seçki beynəlxalq aləm tərəfindən qeyri-legitim kimi qiymətləndirilməyəcək. Hər zaman olduğu kimi bu seçkilərdə də beynəlxalq təşkilatlar və özlərini demokratiyanın beşiyi sayan dövlətlər seçkilərdə demokratiyanın deyil, şəxsi maraqlarının yanında duracaqlar. Mən əminəm ki, ATƏT başda olmaqla, digər qurumlar bu seçkiləri də ”demokratiyaya doğru növbəti addım” kimi qiymətləndirəcək. Seçkiləri boykot edənlərin daha bir arqumenti, yəni “əgər Azərbaycan müxalifətinin hamısı seçkiyə qatılmazsa, dünya da bu seçkiləri demokratik hesab etməz” arqumenti indidən iflasa uğramış sayıla bilər. Bu hesabatdan da göründüyü kimi, hazırkı real seçki mühitinin ağırlığından, qeyri-bərabər rəqabət şərtlərindən, seçki komissiyalarının tərkibindən və digər neqativ hallardan söz belə açılmır. Hətta geniş tərkibli müşahidəçi missiyası göndərməklə artıq seçkilərin indidən demokratikliyini dolayısıyla təsdiq etmiş olur. Mən, ümumiyyətlə, ölkədə demokratiyanın qurulmasında beynəlxalq aləmə çox da güvənməyin heç zaman tərəfdarı olmamışam. Ölkədəki vəziyyəti dəyişə biləcək bir qüvvə var, o da xalqdır. Biz AĞ Partiya olaraq beynəlxlaq təşkilatlarla əməkdaşlığa sərf edilən faydasız vaxtın xalqla işləməyə sərf edilməsinin tərəfdarıyıq. Bizim gücünə-qüdrətinə əmin olduğumuz və etimadını qazanmaq istədiyimiz yeganə qüvvə xalqdır”.

Müstəqil ekspert Əvəz Həsənov isə qeyd etdi ki, ATƏT-in, nəhayət, Azərbaycanla bağlı itirdiyi imkanları bərpa etməyə başladığı hiss olunur: “İndi seçkilərə müşahidəçi missiyasını göndərmələri normal bir haldır. Əvvəla, Azərbaycanda bu seçkilər digər seçkilərə nisbətən sakit keçəcək. Burada kimin fovarit olması və kimlərin debütant olması bəri başdan aydındır. Ona görə də ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkini müşahidə etməyə qərar verməsindən başqa yolu qalmır. Bu qurum Azərbaycanı iqnor edə bilmir. Çünki Azərbaycan artıq Avropa İttifaqı ilə münasibətlərin nizamlanmasında lazımi addımları atmağa başlayıb. Seçki ilə bağlı ATƏT DTİHB yekun hesabatının necə olacağını müəyyən etmək hələ tezdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.