Kəmaləddin Heydərov Bakıda ən böyük mağazasını açır
19-03-2018, 09:24
Fövqələda hallar naziri Kəmaləddin Heydərova məxsus “LİBRAFF” kitab mağazaları şəbəkəsi Bakıda daha bir mağaza açır.
GunAz.org-a daxil olan məlumata görə, yeni kitab mağazası “Elmlər Akademiyası” metrostansiyasının qarşısında “Gilan” Holdinqin inşa etdiyi bınanın birinci mərtəbəsində fəaliyyət göstərəcək.
Yaxın zamanlarda açılacaq kitab mağazasının “LİBRAFF”-ın Bakıda ən böyük mağazası olacağı məlumatda əksini tapıb.
“LİBRAFF” mağazalar şəbəkəsində kitabla yanaşı 300 ceşiddə məhsul satılır.
Qeyd edək ki, bir müddət əvvəl “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli və fövqəladə hallar nazirinin oğlu Taleh Heydərovu kitab bazarında monopoliya yaratmaqda ittiham etmişdi. Nigar Köçərli fevralın 12-də fövqəladə hallar naziri Kəmaləddin Heydərova video və yazılı müraciətdə sahibi olduğu kitab mağazalarına təhlükə yaranmasından bəhs edilirdi.
“4 il əvvəl “Gilan Holdinq”in nümayəndəsi məni “Gilan Holdinq”in mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, “Əli və Nino”nu bizə verməlisən: “Əgər verməsən, biz fil, sən isə qarışqa – səni əzəcəyik”, deyə Nigar Köçərli bildirib.
Nigar Köçərlinin sözlərinə görə, 4 ildir qarşı “mənəvi terror” davam edir: “Gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin “doprosları”, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar. Bu bəs etmədi, indi də “Əli və Nino” kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar”.
N.Köçərli nazirdən xahiş edirdi: “Öz adamlarınıza deyin ki, məndən əl çəksinlər”.