“Rusiyadan S-400 alsanız, biz də sizə F-35 təyyarələrini satmarıq” – ABŞ Konqresi Türkiyəni hədələdi
27-03-2018, 14:12
“Rusiyadan S-400 alsanız, biz də sizə F-35 təyyarələrini satmarıq. Təhdid deyil, amma əba altından çomaq göstərmək psixikası ilə bunu edirlər”.
Avropa.info xəbər verir ki, bu açıqlamanı Türkiyə parlamenti Xarici Əlaqələr Komissiyası sədri Volkan Bozkır ABŞ Konqresində gedən müzakirələrlə bağlı verib. Volkan Bozkırın cavabı isə belə olub:
“Bəzi hissələri Türkiyədə istehsal olunan və ilk partiyası bu il verilməli olan F-35-lərlə bağlı “əba altından çomaq göstərən” ABŞ-ın bu mövqeyi ilə bağlı mən də dedim ki, F-35 layihəsi iki tərəfin mənfəətinə uyğun gələn çox böyük layihədir. Çox böyük pullar ödəniləcək və hər iki ölkənin münasibətlərində vacib rol oynayacaq, bunu ona bağlamağımızın mənası yoxdur. S-400-lər və F-35-lər tamamilə ayrı mövzudur. F-35 layihəsi Türkiyə-ABŞ əməkdaşlığının və Türkiyənin təhlükəsizliyinin, NATO-nun təhlükəsizliyinin çox daha irəliləməsinə imkan yaradacaq. Amma görünür ki, belə bir atmosfer var. Təhdid deyil, amma əba altından çomaq göstərmək psixikası ilə bunu edirlər”.
Bozkır ABŞ-dan “Patriot” HHM raketləri alındığı təqdirdə Rusiyadan S-400 sisteminin alınması ilə bağlı müqavilənin imzalanmasına baxmayaraq, müqaviləni yenidən qiymətləndirəcəklərini bildirib.