Azərbaycan silah məsələsində Rusiyadan ciddi narazıdır - BELARUS MƏNBƏLƏRİNİN SENSASİON MƏLUMATI
27-03-2018, 16:12
Rusiyadan Azərbaycana vaxtaşırı olaraq silah təchizatına baxmayaraq Belarus hərbi-sənaye dairələrindəki mənbələrin informasiyasına görə Bakı Moskva ilə hərbi-texniki əməkdaşlığın keyfiyyətindən və indiki vəziyyətindən çox narazıdır. Və bu əməkdaşlığa alternativ tapmağa çalışır.
teref.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumat UDF.by Belarus portalında, nefuzlu hərbi ekspert Yuri Baranoviçin məqaləsində yer alır. Bu məqalə Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini təhlil edir.
Məqalədə deyilir ki, ötən ilin sonlarında hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbayca komissiyasının qapalı iclasında Bakı bu məsələni qaldırıb, Rusiyanın Azərbaycana mövcud və artıq yerinə yetirilmiş müqavilələr üzrə hərbi texnika təchizatına dair üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə xüsusi diqqət yönəldib.
Mənbənin bildirdiyinə görə Azərbaycanla Rusiya arasında ikitərəfli problemlərdə yaranan və 2017-ci ilin yayından kəskinləşən problemlərə görə həmin komissiyanın iclası hökumətlərarası birgə komissiyanın iclası ilə bir vaxta təxirə salınıb. Rusiya tərəfdən hökumətlərarası komissiyaya baş nazirin müavini Dmitri Roqozin başçılıq edir.
“Komissiyanın iclası zamanı Bakı Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığının vəziyyətinə dair bir çox iradlar irəlisürüb. Birincisi, Azərbaycana T-90S tanklarının, BMP-3, BTR-82A, “Msta-S” özüyeriyən qaubitsaları, “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Tor-M2” zenit-raket kompleksi və digər Rusiya silahlarının təchizatına dair müqavilələrin şərtlərinin yerinə yetirilməsinin vəziyyətindən ciddi narazılıq ifadə olunub. Bu zaman əsas iradlar çatdırılmış texnikanın müqavilə ilə nəzərdə tutulmuş texniki komplektləşdirməyə uyğun olmaması, texniki sənədləşdirmənin olmaması, bir sıra silah növlərinin açıq-aşkar zavod qüsurlarına görə sıradan çıxması, habelə cari təmir üçün ehtiyat hissələrinin olmaması barədə idi”-məlumatda deyilir.
Məqalədə bildirildiyinə görə habelə Azərbaycan tərəfi iclasda qeyd edib ki, “Smerç” reaktiv yaylım atəşi sistemləri üçün raketlər atəş zamanı partlamır, BTR-82A zirehli transportyorlarının pulemyotlarına aid döyüş sursatları ümumiyyətlə hədəfə gedib çatmır, Mi-35 vertolyotlarında isə termopar tez-tez sıradan çıxır, nəticədə mühərriki işə salmaq olmur. Bundan əlavə vertolyotun bort aparatları, avtomatik atəş sistemi və “Ataka-M”, “Şturm-B” raketləri ilə atəş sistemi yaxşı işləmir.
Məlumatda deyilir ki, rəsmi Bakı bütün bu problemlərin 2018-ci il ərzində aradan qaldırılmasında qəti israr edir, Rusiya tərəfi isə bildirir ki, bu mümkün deyil və 2021-ci ilə qədər işi təxirə salmaq lazımdır. Çünki Rusiyanın hərbi-sənaye kompleksində yetərli maliyyələşmə olmadığı üçün bu işləri görmək mümkün deyil.
Bildirilir ki, Rusiya ilə silah ixracı müqavilələrinin yerinə yetirilməsində son bir neçə ildə bu cür problemlər tək-tək deyil, sistemli xarakter daşıyır.
“Bununla belə ekspertlərin mövqeyinə görə Azərbaycana gəldikdə bu cür problemlər düşünülmüş xarakter də daşıya bilər. Hansı ki, Rusiya rəhbərliyi üçün Bakıdan silah ixracına görə daxil olan valyutanın alınması arasında balans yaratmaq lazımdır. Bu müqavilələr çox şişirdilmiş qiymətlərlə bağlanıb, digər tərəfdən Azərbaycanın hərbi potensialını Ermənistanla hərbi qarşıdurmadan çəkindirəcək həddə saxlamaq lazımdır.Bununla belə yaddan çıxarmaq lazım deyil ki, Rusiyanın keyfiyyətsiz silah satması təkcə Azərbaycanın başına gəlməyib, digər tərəfdaşlar üçün də alınmış texnikanın sonrakı istismarı məsələsi çox aktualdır. İstehsal üzərində inhisarı saxlayan Moskva alıcını özündən sərt asılı saxlayır, nəticədə çatdırılmış texnikanın təmiri və modernləşdirilməsi üçün yeni müqavilələr bağlamağa nail olur.
Müəllif yazır ki, Moskva Qafqazda ikili oyun oynayır, “ağuşuna alıb boğma” metodundan istifadə edir. Ona görə də Rusiya eyni zamanda iki düşmən tərəfi-Azərbaycanı və Ermənistanı eyni zamanda “ağuşunda boğmağa” nail olur.
Rusiya üçün Ermənistana silah təchizatı sırf siyasətdir, Azərbaycana gəldikdə isə bu həm də biznesdir. Nəticədə eyni vaxtda iki bazarı əldə saxlayır və hər iki ölkədə siyasi çəkisini qoruyur. “Ermənistan Moskvadan heç yana gedə bilməz, Moskva isə Bakıdan əl çəkməz. Bax münasibətlər formulu bu iki sözlə ifadə oluna bilər”-məqalədə deyilir.
Bildirilir ki, Azərbaycanın silah təchizatı üçün alternativlər axtarması Belarus üçün yaxşı imkanlar açır. Çünki Azərbaycan Belarus silahlarının keyfiyyətindən çox razıdır. Ötən il Minskə səfəri zamanı Azərbaycan müdafiə naziri Zakir Həsənov prezident Aleksandr Lukaşenkoya bu barədə bildirib. Deyib ki, Belarus silahları Azərbaycan ordusunda uğurla tətbiq olunur və yüksək keyfiyyətə malikdir.