Müxalifətdən Rüstəm İbrahimbəyova ağır suçlamalar

2-05-2018, 09:25           
Müxalifətdən Rüstəm İbrahimbəyova ağır suçlamalar
Tural Abbaslı: “O, bu roluna görə Rusiya rəhbərliyindən layiqli mükafatını alıb”; Əli Əliyev: “İbrahimbəyov Bakıda ”qisas" əməliyyatına girişmişdi"
Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyov uzun zamandan sonra sükutu pozaraq mətbuata açıqlama verib. Modern.az-a danışan Milli Şuranın fəxri sədri bir sıra diqqətçəkən açıqlamalar verib.

2013-cü ilin prezident seçkiləri ərəfəsində siyasət aləminə atılan və Rusiyanın projesi olan Milli Şuraya rəhbərlik edən kinorejissor siyasətdən tamam uzaq olduğunu söyləyib. Sitat: “2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi”.

R.İbrahimbəyov Azərbaycan üçün darıxdığını, lakin ölkəsinə gəlməyə maraqlı olmadığını da bildirib.

Kinorejissorun bu açıqlamaları heç də birmənalı qarşılanmayıb. Xüsusilə onun siyasətə təsadüfi gəlişi, bu gəlişində təəssüfedici məqamların olduğu, eləcə də müxalifət barədə dedikləri ilə bağlı müxtəlif mövqelər var.


2013-cü ildə Milli Şuranın aparıcı fiqurlarından olan AĞ Partiya başqanı Tural Abbaslı kinorejissorun dediklərinə bu cür şərh verdi: “Milli Şuranın formalaşmasında, istərsə də sonrakı dönəmlərdə birbaşa iştirak etmişəm və rəhbərliyində olmuşam. Hələ o zamandan Rüstəm İbrahimbəyovun siyasətdən kənar biri olması, insan kimi qeyri-stabilliyi və ən əsası siyasətə yanaşmasındakı səhlənkarlığı barədə öz fikirlərimi daim səsləndirmişəm. 2013-cü ildə siyasi proseslərə təsadüfən gəlmiş birinin namizədliyini dəstəkləməkdənsə, o zaman təmsil olunduğum partiyanın rəhbərinin namizəd olmasını istəyirdim. Təəssüf ki, həm o namizədin özünün namizədlikdən geri çəkilməsi, həm də həmin dönəmdə müxalifət arenasında süni şəkildə yaradılmış basqı mühiti nəticəsində partiya olaraq incəsənət adamının namizədliyini dəstəkləməyə məcbur olduq. İbrahimbəyovun o zaman bu oyunda aktyor olduğuna görə təəssüfləndiyinə qətiyyən inanmıram. O, bu roluna görə əminəm ki, Rusiya rəhbərliyindən layiqli mükafatını alıb. Bu hadisədən biz Azərbaycan müxalifəti olaraq dərs çıxarıb, belə insanları dəstəkləməklə insanların onsuz da az olan ümidlərini qırmamalıyıq. İbrahimbəyovun siyasətdən nə qədər kənar biri olduğu ”Müxalifəti birləşdirə bilmədim" cümləsindən açıq görünür. Adam hələ də bilmir ki, o zaman Milli Şura demək olar Azərbaycanın bütün müxalifətini bir araya gətirmişdi. Bu şəxs müxalifətin o birliyini görməyibsə, deyəcəyim nəsə yoxdur. Bu insan qısamüddətli həbsdən çəkinərək Bakıya gəlmədi, onu dəstəkləyən qurumun başına keçməkdən qorxdu. Təbii ki, siyasi arenada hər zaman İbrahimbəyov kimi avantüristlərin peyda olma şansları var. Ancaq müxalifətdəkilər olaraq bizlər məsuliyyətimizi anlamalı və belə təsadüfi, sözün həqiqi mənasında, aktyorlara meydan verməməliyik".

Yarandığı ilk günlərdən Milli Şuraya qarşı olan VİP sədri Əli Əliyev yenə də əvvəlki mövqeyində qalır: “İlk gündən İbrahimbəyov üzərində qurulan Milli Şura oyununa etiraz etmişəm. Bəlkə də müxalifət düşərgəsində tək şəxs olmuşam ki, Kremlin hazırladığı layihəyə açıq etiraz etmişəm. 2013-cü illə bağlı İbrahimbəyov bir sıra məsələlərdə yanlışa yol verir. Yaşlı adamdır. Siyasətçi də deyil, aldana da bilərdi. Müşahidələrim deyir ki, şəxsi eqosu onu bu yola salmışdı. O, prezident İlham Əliyevlə şəxsi münasibətlərinin pozulması dalğasında gücünü hesablamadı. İbrahimbəyov ”qisas" əməliyyatına tədbirli girişmişdi. Projenin keçərli olması üçün “Milyarderlər İttifaqı” formalaşdırılmış, Putinin nəzarətində olan Azərbaycan əsilli oliqarxlar o quruma daxil edilmişdi. İttifaq pul kisəsi olmalı idi. Müxalifəti bu prosesə cəlb etmək üçün İbrahimbəyov özünü milyarderlərin Bakı koordinatoru kimi cəmiyyətə təqdim etmişdi. Üstəgəl, prosesdə üçüncü cinah funksiyasına Kremlin hakimiyyət daxilində təşəkkül tapmış “5-ci kolon”u da dövriyyədə idi. Mövsümi fəaliyyətlə məşğul olan bu şəxs İbrahimbəyov, “5-ci kolon”, müxalifət, milyarderlərlə çarpaz əlaqələr qurmaqda canfəşanlıq edənlərdən idi. Bir sıra faktları çılpaqlaşdırmaq istəmirəm. Bu minvalla İbrahimbəyov siyasi ssenarisinin iflasa uğradığını görüb geri çəkildi. Yoxsa müxalifətin birləşməməsi bəhanədir. Müxalifətə gəldikdə isə, onu deyə bilərəm ki, ola bilər müxalifət bu layihəyə baş vuran zaman Moskvanı aldatmaq istəyirdi. Ömürlərini müstəqilliyimizə, azadlığa həsr etmiş şəxslərin belə asanlıqla sapmalarını düşünmürəm. Lakin o zaman da, indi də hesab edirəm ki, bu fikirdə olanların qosqocaman imperiyanı aldatmağı mümkünsüz sayıram. Rüstəm İbrahimbəyov nümunəsi və onun belə açıqlamaları bir daha göstərir ki, təsadüfi adamların böyük siyasətə həlledici şəxs kimi qoşulması yanlışdır. Siyasət peşəkarların sənətidir. Duyğusallıq burada keçərli deyil. Siyasətçi rasional olmalı, melanxolik hisslərə mübtəla olmamalı, romantizmdən əziyyət çəkməməlidir. Gələcəkdə keçmişin səhvlərindən öyrənərək, təsadüflərə yol vermək olmaz. Siyasətçilərin əksəriyyəti İbrahimbəyovun ssenarilərini yazmaq imkanından məhrum olduğu qədər, İbrahimbəyov və onun kimi digərləri də ən zəif peşəkar siyasətçinin qərarlarını qəbul edə bilməzlər. Siyasi mübarizədə hərənin öz yeri olmalıdır. Ziyalılar istənilən millətin vicdanı, səsi, beyni və ideyası olmalıdırlar. Təbii ki, əgər özlərini ziyalı kimi dərk edirlərsə...".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.